"Çinar ömrü"n əzəməti
Azərbaycan Kinematoqraflar İttifaqında Az.TV-nin istehsalı olan "Çinar ömrü" adlı sənədli filmin təqdimat mərasimi keçirildi. Yeni ekran əsəri xalq şairi Rəsul Rzanın həyat və yaradıcılığından bəhs edir. Filmin ssenari müəllifi xalq yazıçısı Anar, quruluşçu rejissoru Ramiz Həsənoğlu, operatoru Eldar Məmmədovdur.
Təqdimat mərasimini xalq artisti Rasim Balayev açaraq unudulmaz şairin şəxsiyyətinə, yaradıcılığına olan xalq sevgisindən və dövlət qayğısından danışdı. Azərbaycan televiziyasının Rəsul Rza ilə bağlı istehsal etdiyi bu filmi ədəbi irsə verilən qiymət kimi dəyərləndirdi.
Sənətşünaslıq doktoru, professor İlham Rəhimli çıxışında filmin adı ilə bağlı təəssüratlarını bildirərək söylədi: "Çinar ömrü" bir çox məqamı özündə ehtiva edir - Rəsul Rza "Çinar ömrü"nün vurğunlarından biri idi. O özü də çinar ömrü yaşamışdı, çinar həm də şairin doğulduğu Göyçayın simvollarından sayılır...
Maraqlıdır
ki, Rəsul Rzanın yaradıcılığında sevilən
şeirlərdən biri də elə "Çinar
ömrü" adlanır:
...Çinar beş yüz
ildən bir az,
Bircə yaz
Az yaşadı.
Amma yaşadı ha!!!
Bu şeir əslində
unudulmaz Rəsul Rza yaradıcılığının və
şəxsiyyətinin əks-sədasıdır. Qüdrətli
şair Azərbaycan poeziyasının başqa bir görkəmli
nümayəndəsi Nigar Rəfibəyli ilə birlikdə həyatın
çox gərdişlərindən keçdilər.
Quruluşların ağır təzyiqlərini gördülər,
repressiyalarla üzləşdilər, təqib edildilər.
Öz köklərindən - valideynlərindən
üzüldülər. Amma qürurlarını, ləyaqətlərini
itirmədilər. O ağır illərin sürgünə və
qətlə aparan "gecələrin qapıdöydülərinə"
ilişməsələr də, mənən çox
sarsıntılar keçirdilər.
Ulu öndər Heydər Əliyevin
təbirincə desək, nə yaxşı ki, onlar salamat qala
bildilər. "Yoxsa bu gün ədəbiyyatımızı
Səməd Vurğunsuz, Rəsul Rzasız, Süleyman Rüstəmsiz...
necə təsvir etmək olardı". Boşluqdan başqa
bir şey düşünmək olmur.
Ötən il Prezident
İlham Əliyevin sərəncamına əsasən Rəsul
Rzanın 100 illik yubileyi ölkəmizdə böyük təntənə
ilə qeyd edildi. Bu təntənənin əks-sədası
Türkiyədə, Rusiyada da eşidildi. Kitablar nəşr
edildi, xalq şairi Nigar Rəfibəylinin ömür yolundan bəhs
edilən film hazırlandı. Rəsul Rza poeziyası ilə
bağlı araşdırmalar aparan, məqalələr yazan və
digər tədbirlər həyata keçirən insanların əməyi
Rəsul Rza adına Beynəlxalq mükafata layiq
görüldü.
Tədbirdə xalq yazıçısı
Anar çıxış edərək ailələri
adından filmin yaradıcılarına öz təşəkkürünü
bildirdi. Haqlı olaraq söylədi ki, bu film yalnız bir
şairə və onun ailəsinə deyil, bütövlükdə
Azərbaycan ədəbiyyatına, Rəsul Rzanın
yaşıdlarına, onun dövrünün görkəmli
şəxsiyyətlərinə, millətini, dövlətini
sevən böyük ürəkli insanlara bəslənən
etiramdır. Film həm də bədii yaddaşdır.
Çıxışlardan
sonra filmə baxış keçirildi. Ümummilli lider Heydər
Əliyevin Azərbaycan ədəbiyyatı, Rəsul Rza
yaradıcılığı ilə bağlı söylədiyi
qiymətli sözlər səsləndikcə
tamaşaçılar bu müdrik fikirlərin məntiqi
qarşısında öz alqışlarını bildirməkdən
doymurdular.
Ekranda tez-tez müxtəlif
görkəmli insanların - Nazim Hikmətin, Səməd
Vurğunun, İ.Selvinskinin, Nigar Rəfibəylinin və
başqa tanınmış şəxsiyyətlərin Rəsul
Rza haqqında fikirləri diqqətə
çatdırılırdı. Filmin sonuna yaxın şairin
Film Göyçayda, Moskvada,
Bakıda lentə alınıb. Ekran əsərində
aparıcılığı Elşən Rüstəmov edirdi.
Azərbaycan
televiziyasının poeziyamızın qüdrətli nümayəndəsi
barəsində çəkdiyi bu film təqdirə layiqdir.
Filmin yaradıcı kollektivi həqiqətən də xalq
şairini olduğu kimi tamaşaçılara çatdıra
bilib. Ekran əsəri sona yetsə də, heç kəs
yerindən tərpənmək istəmirdi. Çünki
hamı "Çinar ömrü"nün
yaratdığı təsirin fikir dənizində
düşünclər aləminə qapılmışdı.
Bu, Rəsul Rza şeirinin qüdrəti və filmin uğurlu
alınmasının göstəricisi idi.
Təqdimat mərasimində
Milli Məclisin üzvləri, mədəniyyət xadimləri,
ziyalılar, mətbuat nümayəndələri, şair və
yazıçılar iştirak edirdilər.
F.XƏLİLZADƏ
Azərbaycan.- 2011.-6 fevral.- S. 6.