Azərbaycanla Fransa arasında əlaqələrin
hərtərəfli inkişafı üçün daha
geniş imkanlar var
Fevralın 7-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Fransa-Azərbaycan işçi qrupunun üzvləri ilə görüşmüşdür. Azərbaycanla Fransa arasındakı əlaqələrdən söz açan parlamentin sədri bildirmişdir ki, rəsmi Bakı münasibətlərin daha da genişlənməsində maraqlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı kimi ilk xarici səfərini Fransaya etməsi bunun bariz nümunəsidir.
Milli Məclisin Sədri daha sonra qeyd etmişdir ki, Fransa ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2 milyard avroya çatıb. İki ölkə arasında 30-dan çox saziş və digər sənədlər imzalanıb. Fransanın nüfuzlu şirkətləri və iş adamları Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoyurlar. Ticarət dövriyyəsini artırmaq və əməkdaşlığı daha da genişləndirmək üçün hüquqi baza və geniş imkanlar var.
Parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir. Deputatların qarşılıqlı səfərləri, keçirdikləri görüşlər bu əlaqələri daha da genişləndirir və möhkəmləndirir.
Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq səsini daim müdafiə etdiklərinə görə qonaqlara minnətdarlıq etmişdir.
Fransa Senatının üzvü, işçi qrupun rəhbəri Natali Qule dedi ki, Azərbaycana səfərdən məqsəd ölkəmiz haqqında daha geniş məlumat əldə etmək və əlaqələri genişləndirməkdir. O, münasibətlərin hərtərəfli inkişafı üçün səylərini artıracaqlarını bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2011.-8 fevral.- S. 1.