Nazirlər Kabineti bir neçə
mühüm qərar qəbul etmişdir
Azərbaycan Respublikasının Nazirlər Kabineti bir neçə mühüm qərar qəbul etmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 dekabr tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları"nı təsdiq etmişdir. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin geyim forması və fərqlənmə nişanları ilə təminatı Dövlət Miqrasiya Xidmətinin saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.
"Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydaları"nı və Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın formasını təsdiq etmişdir. Həmin qərarla sertifikatın qüvvədə olma müddəti verildiyi tarixdən etibarən 5 il müəyyən edilmişdir.
Bundan başqa, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi idarə və təşkilatlarında elmi dərəcə almaq üçün müdafiə olunan dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi ilə bağlı məsələləri tənzimləmək məqsədi ilə Nazirlər Kabineti elmi dərəcə almaq üçün müdafiə olunan dissertasiya işlərinin rəsmi opponentlərinə (elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələri üzrə) müvafiq həcmdə saat normalarını müəyyən etmiş, habelə "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin 2011-ci il üçün xərclər smetası"nı təsdiq etmişdir.
İmzalandığı
gündən qüvvəyə minən bu qərarların tam
mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az
ünvanlı internet saytında və Azərbaycan
Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq
mümkündür.
Azərbaycan.- 2011.-8 fevral.- S. 1.