Azərbaycan xarici işlər naziri ABŞ dövlət katibi ilə görüşmüşdür

 

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Münhendə keçirilən 47-ci Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini ətraflı müzakirə etmişlər. E.Məmmədyarov münaqişənin həllinə dair Azərbaycan tərəfinin mövqeyini amerikalı həmkarının diqqətinə çatdırmış, öz növbəsində xanım Klinton məsələnin həllində irəliləyiş əldə edilməsi vaxtının çatdığını demişdir. H.Klinton Əfqanıstanda terror əleyhinə əməliyyatlarda töhfəsinə görə Azərbaycan tərəfinə bir daha ABŞ-ın minnətdarlığını çatdırmışdır.

Görüşdə ikitərəfli, regional, enerji məsələləri, Yaxın Şərqdə gedən proseslər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-8 fevral.- S. 1.