Cəlilabad hər ili uğurla yola salır, sabaha inamla addımlayır

 

Bu gün Cəlilabadın sürətli tərəqqisi göz önündədir. Bu inkişafın nəticəsində Cəlilabad həm cənub bölgəsinin, həm də Azərbaycanın ən inkişaf etmiş rayonlarından birinə çevrilmişdir.

 

İlham Əliyev

 

Cəlilabad ölkəmizin ən qədim yaşayış məskənlərindəndir. Tarixi mənbələrdə onun yaşı eradan əvvəl 4-cü minilliyə gedib çıxır. Ərazisində çoxlu sayda tarixi-arxeoloji abidələr, Neolit və Tunc dövrlərinə aid yaşayış yerləri, qədim Muğan və Bəcirəvan şəhərlərinin qalıqları və s. aşkar edilmişdir. Bəli, arxada qalıb əsrlər, eralar. Neçə-neçə minillər gəlib, nəsillər gedib. Hərəsi də bir xatirə, bir iz qoyub. Bu gün rayon Tarix-Diyarşünaslıq Muzeyində Tunc, Antik, Dəmir dövrlərinə və orta əsrlərə aid 3 minə yaxın əmək alətləri, bəzək əşyaları, orta əsrlərin silahları, gil və mis qablar saxlanılır. Bu qədim diyarın adı keçmişdə Hasıllı, 1930-1967-ci illərdə Astraxanbazar olmuşdur. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 2 iyul 1967-ci il tarixli Fərmanı ilə böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılıb.

Yaşı minillikləri arxada qoyan bu qədim ərazinin əsas dirçəlişi isə keçən əsrin 70-ci illərindən başlayıb. Rayonda taxılçılıqla yanaşı, üzümçülük, aqrar bölmənin digər sahələri inkişaf etdirilib, yeni-yeni sənaye, emal müəssisələri yaradılıb. Ümummilli lider Heydər Əliyev istər o zaman və istərsə də hakimiyyətinin ikinci dövründə Cəlilabada xüsusi diqqət və qayğı göstərmişdir. Yaşlı və orta nəslin nümayəndələrinin yaddaşında o illər bu gün də xoş xatirə kimi qalmaqdadır. 90-cı illərin sərt küləkləri bu rayondan da yan keçmədi. Gərgin zəhmət bahasına başa gələn nə vardısa, qısa bir vaxtda dağıdıldı, yerlə yeksan edildi. O vaxtdan indiyə şərab zavodlarının çürüyüb zay olmuş, göz dağına çevrilən dəmir çənləri qalıb. Bunlar bir rayonun timsalında uzaq və yaxın keçmişimizdir. Tarixi bilmək, onun dərslərindən nəticə çıxarmaq hər birimizin borcudur. Onu öyrənmədən, bilmədən gələcəyimizi müəyyənləşdirmək, istədiyimiz məqsədə çatmaq çətin olar. Bu baxımdan 90-cı illərdə cəlilabadlıların tutduğu mövqeyi yada salmaq kifayətdir. Rayon əhalisi hərcmərclik, başıpozuqluq girdabına düşmüş respublikamızın xilasını Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasında görərək mütərəqqi fikirli adamların səsinə səs verdi. Böyük tarixi şəxsiyyətin gərgin əməyi, siyasəti nəticəsində sabitlik yarandı, əsrin müqaviləsi imzalandı, taleyüklü islahatlar həyata keçirildi.

2003-cü il oktyabrın 15-də xalqın yekdilliyi ilə Prezident seçilən cənab İlham Əliyev bundan bir müddət sonra, 2004-cü il fevral ayının 11-də regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını (2004-2008-ci illər) imzaladı. Neft sektorundan gələn vəsait hesabına ölkəmizdə böyük quruculuq işlərinə başlanıldı. Cəlilabad rayonu da bu inkişafın ön sırasında addımladı. Yeni parklar, bağlar salındı, yeni-yeni müəssisələr yaradıldı, təhsil, səhiyyə, mədəniyyət ocaqları, yaşayış evləri, ictimai binalar inşa edildi. Küçələr, yollar asfaltlaşdırıldı. Rayon mərkəzində salınan Heydər Əliyev seyrəngahı cəlilabadlıların ən sevimli istirahət parkına çevrilib. Quraşdırılan işıqlandırma sistemi buranın axşamlarını çıraqban edib gündüzə çevirir, daha füsunkar edir. Nə tikilib, qurulubsa, böyük zövqlə həyata keçirilib.

 Ölkə başçısı, demək olar ki, hər il bu rayona səfər edir. Gəlişi zamanı neçə-neçə obyektin açılışında iştirak edir, neçəsinin isə təməlini qoyur, əhali ilə görüşür. Keçən il aprelin 29-da ölkə Prezidenti Cəlilabada növbəti səfər etdi, istifadəyə verilən tarix-diyarşünaslıq muzeyinin, şahmat məktəbinin, əlillər və şəhid ailələri üçün inşa edilən 36 mənzilli yaşayış binasının, Müalicə-Diaqnostika Mərkəzinin, "Cəlilabad şərab-2" ASC-nin, Göytəpə su anbarının açılışında iştirak etdi, Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərindəki qarnizonunda oldu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Ölkə başçısı rayon görüşü zamanı son illər rayonda həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək demişdir: "Mən çox şadam ki, Cəlilabadda bütün işlər yaxşı gedir. Rayonun inkişafı üçün lazımi tədbirlər görülür. Həm sənaye imkanları artır, iqtisadi göstəricilər yaxşılaşır, həm də sosial infrastruktur yaradılır. Cəlilabad Azərbaycanın inkişaf baxımından ən qabaqcıl yerlərdə olan rayonlarından biridir".

Deyilən xoş sözlər, verilən qiymət rayon əhalisini, fəallarını daha yaxşı işləməyə ruhlandırmışdır. Bütövlükdə keçən il cəlilabadlılar üçün uğurlu olmuşdur. Noyabrın 7-də Milli Məclisə seçkilərdə onlar fəallıq nümunəsi göstərmişlər. Buradakı 3 dairə və 82 məntəqədə seçkilər demokratik və şəffaf qaydada keçirilmiş, heç bir hüquq pozuntusu halı qeydə alınmamışdır.

Sosial-iqtisadi sahələrdə əldə olunan nailiyyətlər əvvəlki illərdə olduğu kimi, yenə ürəkaçandır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illər üçün sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatlarının fəaliyyətində prioritet məsələ olmuşdur. Bunun nəticəsi olaraq 2010-cu ildə rayon üzrə 107,5 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, onun da 58,7 milyon manatı bitkiçiliyin, 48,8 milyon manatı isə heyvandarlığın payına düşür. Əlverişsiz hava şəraitinə baxmayaraq, keçən il kənd təsərrüfatı məhsulları istehsalı 2003-cü ilə nisbətən 1,8 dəfə artmışdır. Rayonda 87,8 min ton taxıl istehsal edilmişdir ki, bunun da 98 faizi özəl sektorun payına düşür.

Üzümçülüyə maraq ildən-ilə artmaqdadır. İşlərin gedişi deməyə əsas verir ki, bu sahədə də rayonun keçmiş şöhrəti yaxın illərdə geri qaytarılacaqdır. Rayonda üzüm sahələri 1500 hektara çatdırılıb. Ötən il bağlardan 4 min 257 ton üzüm yığılmışdır ki, bu da əvvəlki ildən 2 min 465 ton artıqdır. Hazırda yeni üzüm bağlarının salınması işi davam etdirilir.

Heyvandarlığın inkişaf etdirilməsi üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində keçən il 10,9 min ton ət, 50,7 min ton süd və 18,5 milyon ədəd yumurta istehsal olunmuşdur. "Cəlilabad-broyler" ASC-də isə 1878 ton quş əti istehsal edilərək əhaliyə satılmışdır. Digər sahələr kimi, quşçuluğun da inkişafına diqqət artırılır.

Kənd əməkçiləri bitkiçiliyin digər sahələri ilə də məşğul olmuş, keçən il ərzində 79,1 min ton kartof, 40,9 min ton tərəvəz, 564 ton bostan məhsulları, 348 ton qarğıdalı, 354 ton günəbaxan və 1,4 min ton meyvə yetişdirmişlər.

Məlun olduğu kimi, kənd təsərrüfatı məhsullarının saxlanılması məsələsində bir sıra problemlər vardır. Ona görə də min bir əzab-əziyyətlə yetişdirilən müxtəlif növ kənd təsərrüfatı məhsullarının bir hissəsi zay olur, digər hissəsini isə iş adamları nübar məhsul kimi Rusiyaya, Gürcüstana və digər yerlərə aparırlar. Payız-qış aylarında isə yerli əhali kartof və soğanı yüksək qiymətə almaq məcburiyyəti qarşısında qalır. Hazırda bazar və dükanlarda kartofun qiyməti 80 qəpiyə, soğan isə 1 manatadır. Bunu nəzərə alaraq ölkə rəhbəri respublikamızın rayonlarında anbarların, saxlama kameralarının tikilməsi, onların soyuducu və digər avadanlıqlarla təchiz olunması üçün müvafiq tapşırıqlar vermişdir. Digər bölgələrdə olduğu kimi, Cəlilabad rayonunda da bu sahədə bir sıra işlər görülmüşdür. Belə ki, Uzuntəpə kəndində müasir tələblərə cavab verən 20 min tonluq regional gübrə bazası tikilib istifadəyə verilibdir. Hazırda hər biri 2 min tonluq 3 soyuducu kameranın, hər biri 10 min tonluq 2 taxıl anbarının tikintisi sürətlə davam etdirilir. Həmin obyektlərin istifadəyə verilməsi kənd adamlarını daha çox kənd təsərrüfatı məhsulları istehsal etməyə ruhlandıracaq və ərzaq məhsullarının uzun müddət burada təzə saxlanılması mümkün olacaqdır.

Su həyatdır, bolluqdur, firavanlıqdır deyib babalarımız. Yuxarıda qeyd etdiyimiz kimi, keçən il Prezidentin açılışında iştirak etdiyi ümumi tutumu 3,7 milyon kubmetrlik Göytəpə su anbarının istifadəyə verilməsi nəticəsində 681 hektar əkin sahəsinin suvarılmasına imkan yaranmışdır.

Cəlilabadlılar keçən il istehsal etdikləri məhsulları Bakının müxtəlif bazarlarına, eyni zamanda Suraxanı rayonunda təşkil edilmiş satış-yarmarkaya çıxarmışlar.

Ölkə başçısı rayona səfəri zamanı qeyd etmişdir ki, Cəlialabadda həm sənaye potensialı inkişaf edir, həm də burada işlər böyük zövqlə, səliqə ilə aparılır. Bu sözlər keçən ilin yekun göstəricilərində bir daha öz məntiqi təsdiqini tapmaqdadır. Belə ki, ümumi məhsulun həcmi 2003-cü ilə nisbətən 3,3 dəfə, 2009-cu ilə nisbətən isə 18, 8 faiz artaraq 398,2 milyon manata çatmışdır. İstehsal olunan sənaye məhsulunun həcmi 3,4 milyon manat olmuşdur ki, bu da bütövlükdə 2003-cü ildəkindən 5,3 dəfə çoxdur.

Tikilən, qurulan, yaradılanlar şəhər, qəsəbə və kəndlərimizə yaraşıq verir, zövqümüzü artırır, ərməğan kimi gələcək nəsillərə qalır. Elə buna görə də bu məsələ rayon rəhbərliyinin gündəlik olaraq diqqət mərkəzindədir. Keçən il də tikinti-quruculuq və abadlıq işlərinin miqyası genişləndirilmişdir. Ayrılan vəsait və daxili imkanlar hesabına aparılan işlər Cəlilabad şəhərinin simasını dəyişərək onu daha abad bir məkana çevirmişdir. Ötən il burada Müalicə-Diaqnostika Mərkəzi, şəhid ailələri və Qarabağ əlilləri üçün 36 mənzilli yaşayış evi, şahmat məktəbi, tarix-diyarşünaslıq muzeyi, Göytəpə su anbarı, Uzuntəpə kəndində Gənclərin İstirahət Mərkəzi tikilib istifadəyə verilmişdir. Bunlardan əlavə, rabitə evi alkapon materialı ilə üzlənmişdir. Şəhərin mərkəzindəki Heydər Əliyev prospekti əsaslı şəkildə yenidən qurulmuşdur. Prospektin hər iki tərəfindəki hasarlar Daşkəsən rayonundan gətirilmiş mozaik daşlarla hörülmüşdür. Prospekt boyu qurulmuş işıqlandırma sistemi, əkilən müxtəlif növ ağaclar buraya xüsusi yaraşıq, gözəllik verir. Tikinti-quruculuq işləri səngimir. Hazırda Cəlilabad, sözün əsl mənasında, tikinti meydançasını xatırladır. Olimpiya İdman Kompleksinin, rayon Qaz İstismarı Sahəsinin inzibati binasının, Əliqasımlı kəndində Azərbaycanın Milli Qəhrəmanı Arif Qurbanovun abidə kompleksinin tikintisi davam etdirilir. Çoxlu sayda özəl obyektlər - şadlıq evləri, kommersiya şəbəkələri, yaşayış binaları inşa edilir. Yaxın vaxtlarda Cəlilabad şəhərində Lənkəran Hərbi Prokurorluğu binasının, Dövlət Bayrağı meydanının, Heydər Əliyev adına Musiqi və İncəsənət Yaradıcılıq Mərkəzinin tikintisinə başlanılacaqdır.

Çox yox, 4-5 il bundan əvvəl buradakı küçələrdə maşınla hərəkət etmək müşkül məsələ idi. Qışda palçıq, yayda toz-torpaq insanların əhvali-ruhiyyəsinə pis təsir edirdi. Lakin bu sahədə ciddi dönüş yarandı. Təkcə keçən il Cəlilabad şəhərinin 16 küçəsinə - Əlixan Rəhimov, Abbasağa Azərtürk, Təbriz, 8 Mart, Səməd Vurğun, Qarabağ, Mirzəli Hüseynzadə, Mehdi Hüseyn, Babək, Nizami, 20 Yanvar, Səfa Axundov, Vüqar Mürsəlov, Səttarxan, Məhəmməd Hadi və Azərbaycan küçələrinə 82 min kvadratmetr asfalt döşənmişdir. Bundan əlavə, Cəlilabad-Uzuntəpə yolunun kənarında piyadalar üçün səkilər çəkilmiş, 11 kilometrlik Göytəpə-Privolnoye yolu asfaltlaşdırılmışdır. Eyni zamanda, kənddaxili yolların da təmiri üçün tədbirlər görülmüş, 19 kilometrlik Cəlilabad-Cəngan və 18 kilometrlik Qarazəncir-Gülməmmədli yollarına qum-çınqıl tökülmüşdür.

Tikinti-abadlıq işləri ilə yanaşı, yaşıllaşdırma tədbirləri də diqqət mərkəzindədir. Ekologiya ilində yaşayış məntəqələrində, o cümlədən Ələt-Astara magistral şose yolunun kənarında 25 min ədəd ağac əkilmişdir. Ağacların suvarılması üçün arxlar çəkilmiş, onların qorunmasından ötrü gözətçilər qoyulmuşdur. Ətraf mühitin saflaşdırılması və qorunmasında mühüm əhəmiyyət kəsb edən bu iş cari ildə də davam etdiriləcəkdir.

Böyük türk şairi Nazim Hikmət işin, zəhmətin, məşğulluğun insan üçün nə qədər önəmli olduğunu belə ifadə edib: "Xoşbəxt o adamdır ki, səhər işə, axşam isə evə tələsir". İşləmək eyni zamanda güzəran deməkdir. Kim yaxşı işləyirsə, yaxşı da məvacib alır, ailəsini normal dolandırır. Hər birimiz ətrafımızda bunları görürük. Bu gün ən inkişaf etmiş ölkələrdə belə işsizlik problemi yaşanır. Ölkəmizdə də iş yerlərinə ehtiyac vardır. Onu da görürük ki, dövlət məşğulluğun artırılması, yeni iş yerlərinin yaradılması sahəsində mühüm tədbirlər həyata keçirir. Təkcə keçən il Cəlilabad rayonunda 600-ə yaxın yeni iş yerləri açılmışdır ki, bunun da 150-dən çoxu daimi iş yeridir. Aqrar sahənin, sənayenin inkişafı işsizliyin, yoxsulluğun azalmasına şərait yaradır. Vaxtaşırı olaraq əmək yarmarkalarının keçirilməsi taleyüklü bu məsələnin həllində mühüm rol oynayır.

Bir neçə il öncə respublikamızın hər yerində olduğu kimi, Cəlilabad rayonunda da elektrik enerjisinin verilməsində çətinliklər vardı. Görülən tədbirlər nəticəsində indi əhali fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Bu sahədə də yenidənqurma işləri görülüb. Belə ki, keçən il Cəlilabad şəhərində 58,5 kilometr SİP kabeli çəkilmiş, 8 min 356 abonent üçün SMART tipli sayğac quraşdırılmış, 3 min 200 ədəd elektrik dirəyi dəyişdirilmiş, 4 transformator yarımstansiyası tikilib istifadəyə verilmişdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq əhalinin təbii qazla təchiz olunması məqsədilə rayonun Uzuntəpə kəndindəki qazpaylayıcı stansiyadan Cəlilabad şəhərinə 10 kilometrlik yeni qaz xətti şəkilmiş, Göytəpə kəndindəki yeni yaşayış massivinə və Kazımabad kəndinə təbii qaz verilmiş, Günəşli və Alar kəndlərinin qazlaşdırılmasına başlanılmışdır.

Təhsil hər bir xalqın gələcəyidir. Bu gün parta arxasında oturan şagird, tələbə sabahın müəllimi, həkimi, mühəndisidir. Elə buna görə də dövlət öz fəaliyyətində təhsilə prioritet məsələ kimi baxır. Digər sahələrlə bərabər Cəlilabad rayonunda təhsildə də əsaslı yeniliklər baş vermişdir. Yeni-yeni məktəblər tikilmiş, köhnələri təmir edilmiş, onların maddi-texniki bazası daha da möhkəmləndirilmişdir. Vidalaşdığımız 2010-cu ildə Cəlilabad şəhər 1, 4 saylı, Sabirabad kənd 1 saylı, Ləki kənd orta, Dələli, Hasıllı, Hacıismayıllı kənd əsas, İnilli kənd ibtidai məktəbləri əsaslı təmir olunmuşdur. Hazırda Gülməmmədli kəndində 360 şagird yerlik orta məktəbin tikintisi davam etdirilir. Pedaqoji işçilərin tədrisin və təlimin keyfiyyətini yüksəltmələri sayəsində məzunların ali və orta ixtisas məktəblərinə qəbulunda yüksək nəticələr əldə edilmişdir. Keçən il ali məktəblərə sənəd vermiş 585 abituriyentdən 204-ü tələbə adını qazanmışdır ki, onların da 8-i 600-dən, 30-u isə 500-dən çox bal toplamışdır. Həm ali məktəbə qəbul olunanların, həm də yüksək bal toplayanların sayı keçən tədris ilindəkindən çoxdur.

Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı"nın icrası ilə əlaqədar rayonun 111 məktəbində 695 dəst müasir kompüter dəsti quraşdırılaraq şagirdlərin istifadəsinə verilmişdir. Proqramdan əvvəl hər 1000 şagirdə 1 kompüter düşürdüsə, indi 29 şagird 1 kompüterdən istifadə edir.

Gərgin və şərəfli müəllim əməyi ölkə başçısının hər zaman diqqət mərkəzindədir. Onlar hər il yüksək adlara, fəxri mükafatlara layiq görülürlər. Prezidentin 4 oktyabr 2010-cu il tarixli Sərəncamı ilə Göytəpə şəhər 2 saylı orta məktəbin müəllimi Elmira Abbasova "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Hazırda Cəlilabad şəhərində Azərbaycan Müəllimlər İnstitutunun filialı fəaliyyət göstərir. Keçən il filialı 53 nəfər bitirmiş, 523 nəfər ixtisasartırma, 13 nəfər isə təkmilləşdirmə kursundan keçmişdir.

Peşə liseyində və peşə məktəbində isə şagirdlərdə peşə vərdişlərinin inkişaf etdirilməsi üçün ardıcıl iş aparılmışdır. Keçən tədris ilində həmin məktəbləri müxtəlif peşələr üzrə bitirən 191 məzunun əksəriyyəti ixtisasına uyğun işlə təmin edilmişdir.

Keçən il rayonda Müalicə-Diaqnostika Mərkəzinin açılışı oldu. Müasir tibbi avadanlıqlarla təchiz olunmuş müalicə ocağı təkcə Cəlilabadın deyil, cənub bölgəsi əhalisinin müayinə və müalicəsində mühüm rol oynayır. Rayondakı 8 xəstəxana, 28 kənd həkim ambulatoriyası və 40 kənd tibb məntəqəsi əhaliyə xidmət göstərir.

Rayonun mədəniyyət işçiləri öz üzərlərinə düşən vəzifənin yerinə yetirilməsi üçün səy göstərirlər. Bu məqsədlə onlar əhalinin asudə vaxtının səmərəli keçməsi üçün ardıcıl olaraq mədəni-kütləvi tədbirlər keçirirlər. Yay aylarında Heydər Əliyev seyrəngahında vaxtaşırı olaraq maraqlı konsertlər təşkil edilir. Məlum olduğu kimi, 2011-ci il ölkəmizdə "Turizm ili" elan edilib. Rayonda tarixi abidələr, dağlıq ərazilərdə mənzərəli yerlər çoxdur. Bunları nəzərə alaraq turizmin inkişafı üçün tədbirlər görməyin vaxtı artıq çatmışdır.

Gənclərlə iş, idmanın inkişaf etdirilməsi diqqət mərkəzindədir. Buna görədir ki, rayonun idmançıları respublika yarışlarında uğurla çıxış edirlər. Keçən ilin may ayında Bakı şəhərində keçirilən benç-press və poverliftinq üzrə dünya kuboku uğrunda yarışlarda rayonun yetirmələri Anar Əliyev 1-ci, Coşqun Ağazadə isə 2-ci yeri tutmuşlar. Dekabr ayında boks üzrə respublika birinciliyində rayonun idmançıları 1-ci yerə layiq görülmüşlər. Bunlarla yanaşı, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, dini-mənəvi dəyərlərin formalaşması, vətəndaşların hüquqlarının qorunması, onların müraciətlərinə baxılması, qaçqın və köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, müharibə veteranlarına, şəhid ailələrinə, kimsəsiz, habelə aztəminatlı ailələrə köməklik göstərilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilmişdir.

Səsi-sorağı əsrlərin, eraların o başından gələn bu məkanın təmtərağını, sürətli inkişafını görəndə heyrətlənməyə bilmirsən. Vətəndaş kimi yaşadığın zamana borclu olduğunu hiss edirsən. Bu zamanı, həyatı gözəlləşdirən, mənalandıran isə insandır, onun əməlləridir.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2011.-8 fevral.- S. 2.