Azərbaycan və Türkiyə
xüsusi xidmət orqanlarının işgüzar və səmərəli
əməkdaşlığının inkişaf perspektivləri
müzakirə olunmuşdur
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə Türkiyə Cümhuriyyəti Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan fevralın 6-7-də ölkəmizdə rəsmi səfərdə olmuşdur.
MTN-in ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, türkiyəli qonaqlar və Eldar Mahmudov başda olmaqla nazirliyin bir qrup əməkdaşı Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılmış, məzarı üzərinə gül-çiçək düzülmüşdür.
Nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini anmış, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur. 1918-ci ildə Azərbaycanda və paytaxt Bakıda qırğınlar və vəhşiliklər törədən silahlı erməni daşnak dəstələri və nizami qoşun hissələri ilə döyüşlərdə həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin də önünə əklil qoyulmuşdur.
Sonra Eldar Mahmudov ilə Hakan Fidanın görüşü olmuşdur. Milli təhlükəsizlik naziri Hakan Fidanın Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri kimi Azərbaycana ilk səfərinin ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın daha da yüksəlməsində önəmli rol oynayacağını bildirmişdir. Nazir regionda gedən proseslər, reallıqlar və meydana çıxan müxtəlif növ təhdidlər, əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin doğurduğu fəsadlar barədə ətraflı məlumat vermişdir.
Görüşdə transmilli mütəşəkkil cinayətkarlıq, hazırda terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində görülən işlər, miqrasiya prosesləri, bundan irəli gələn problemlərlə bağlı tərəflər arasında geniş fikir mübadiləsi aparılmış, Türkiyənin və Azərbaycanın xüsusi xidmət orqanlarının işgüzar və səmərəli əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunmuşdur.
Yüksək qonaqpərvərliyə və ətraflı məlumata görə təşəkkürünü bildirən Hakan Fidan hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını, qardaş Azərbaycana səfərindən xoş təəssüratlar aldığını qeyd etmişdir. H.Fidan dost dövlətlər olan Türkiyə ilə Azərbaycan, eləcə də müvafiq strukturlar arasındakı münasibətlərin daim inkişaf etdiyini, keçirdiyi görüşlərin ölkələrimizin strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün səmərəli olacağına əminliyini vurğulamışdır.
Qarşılıqlı
anlaşma şəraitində keçən görüşdə
maraq kəsb edən bir sıra digər məsələlər
üzrə də fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2011.-8 fevral.- S. 3.