Müdafiə Sənayesi Nazirliyində
şəffaflığın artırılması məsələsi
müzakirə edilmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın yanvarın 27-də keçirilmiş iclasında verilmiş tapşırıqlardan irəli gələn vəzifələr fevralın 7-də Müdafiə Sənayesi Nazirliyində struktur bölmə, birlik, müəssisə və idarə rəhbərlərinin iştirakı ilə geniş şəkildə müzakirə edilmişdir.
Nazirlikdən AzərTAc-a bildirmişlər ki, Yavər Camalov Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya tərəfindən müzakirə olunan məsələləri müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır. Nazir bildirmişdir ki, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın müddəaları və Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası Müdafiə Sənayesi Nazirliyi tərəfindən daim nəzarətdə saxlanılır. Nazirlikdə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə, ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi istiqamətində planda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi, hüquqpozma törədən əməkdaşların müəyyən edilərək cəzalandırılması üçün daxili nəzarət gücləndirilmiş, qabaqlayıcı tədbirlər görülmüşdür. Nazirliyin aparatında, eləcə də tabeli birlik və müəssisələrdə mütəmadi olaraq korrupsiyanın mahiyyəti, səbəbləri və onun doğurduğu təhlükələr haqqında maarifləndirmə işi həyata keçirilmiş, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciət, ərizə və şikayətlərə baxılmış, yerində araşdırma aparılmış və müvafiq qanunvericiliyə uyğun olaraq tədbirlər görülmüşdür.
Y.Camalov korrupsiya doğura biləcək məqamlara diqqət yetirməyin vacibliyini vurğulamış və bu məsələlərə hər bir işçinin ciddi yanaşmalı olduğunu bildirmişdir.
Azərbaycan.- 2011.-8 fevral.- S. 3.