ATƏT-in Bakı ofisinin nümayəndəsi
Azərbaycanda ekologiya sahəsində həyata keçirilən
tədbirləri yüksək qiymətləndirmişdir
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsində ATƏT-in Bakı ofisinin iqtisadiyyat və ətraf mühit üzrə rəhbəri Yan Olssonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Şirkətin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, qonaqlara ARDNŞ-in həyata keçirdiyi ekoloji layihələr haqqında ətraflı məlumat verilmiş, aparılan ekoloji monitorinq, ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi, tullantıların idarə olunması və digər layihələr barədə fikir mübadiləsi aparılmışdır. Görüşdə Bakının Xəzər rayonunda yaradılan "Ekoloji park" haqqında videoçarx nümayiş etdirilmişdir. Burada alternativ enerji mənbələrindən istifadə və ətraf mühit haqqında biliklərin artırılması sahəsində nəzərdə tutulan tədbirlər qonaqlarda xüsusi maraq doğurmuşdur. Parkda tikintisi davam etdirilən Ekoloji mərkəzin fəaliyyət planının hazırlanması istiqamətində müzakirələr aparılmışdır.
Yan Olsson "Ekoloji park" layihəsinin həyata keçirilməsi istiqamətində ekologiya idarəsi ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdir. O, Azərbaycanda ekologiya sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir.
Görüşdə ekologiya idarəsi və ATƏT-in Bakı ofisi arasında mümkün əməkdaşlıq perspektivləri və birgə fəaliyyət istiqamətləri müzakirə olunmuşdur.
Azərbaycan.- 2011.-8 fevral.- S. 3.