Yoxlanılan qurumlara göndərilən təqdimatların vaxtında və tam icrası təmin edilməlidir

 

Hesablama Palatasının (HP) ötən ilin yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, palatanın sədri Heydər Əsədov ötən il qlobal maliyyə-iqtisadi böhranın nisbətən səngiməsi fonunda əksər ölkələrdə iqtisadi gərginliyin davam etməsinə baxmayaraq, respublikamızda iqtisadi sabitliyin qorunub saxlanıldığını vurğulamışdır. Demişdir ki, ölkə iqtisadiyyatının dayanıqlılığı təmin edilmiş, əsas makroiqtisadi göstəricilər üzrə yüksək nəticələr əldə olunmuş, bir sıra sahələrdə əhəmiyyətli irəliləyiş baş vermişdir. Ölkənin enerji, ərzaq və hərbi təhlükəsizliyi təmin olunmuş, sosial müdafiə tədbirləri daha da gücləndirilmiş, yoxsulluq səviyyəsi 9,1 faizədək enmişdir.

Məlumat verilmişdir ki, respublikamızda keçən il 41,6 milyard manat məbləğində ümumi daxili məhsul istehsal edilmiş, ümumi iqtisadi artım dünya ölkələri üzrə artımdan 1,1 faiz bənd, inkişaf etmiş ölkələrdəki yüksəlişdən isə 2,2 faiz bənd çox olmuş, artım 5 faiz təşkil etmişdir. Qeyri-neft sektorunda iqtisadi artımın səviyyəsi neft sektorundakı artımdan əhəmiyyətli dərəcədə çox olmuşdur. Ümumi daxili məhsulun strukturunda müsbət dəyişikliklər baş vermiş, digər ölkələrdən fərqli olaraq əsas kapitala yönəldilən vəsaitlərin həcmində yüksək artım əldə olunmuşdur. İnvestisiyaların əsas hissəsi daxili mənbələr hesabına həyata keçirilmişdir. Xüsusi qeyd edilmişdir ki, dövlətimizin istənilən nəhəng layihəni həyata keçirmək qabiliyyətinə malik olması yüksək nailiyyətdir. Xarici ticarət dövriyyəsində böyük həcmdə müsbət saldo əldə edilmişdir. Orta aylıq əməkhaqqı və əhalinin gəlirləri üzrə artım inflyasiyanın səviyyəsindən nəzərəçarpacaq dərəcədə yüksək olmuş, böyük həcmdə valyuta ehtiyatları yaradılmışdır. Bütün bunlar respublikamızda iqtisadiyyatın möhkəm bünövrəyə malik olduğunu, iqtisadi və sosial siyasətin potensial imkanlar nəzərə alınmaqla və real iqtisadi duruma söykənməklə həyata keçirildiyini göstərir.

Bu uğurlar yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev tərəfindən xüsusi qeyd edilmişdir. Eyni zamanda, hələ də bəzi sahələrdə əsassız yoxlamalara yol verilməsi, sahibkarlığın inkişafına süni əngəllərin yaradılması və s. nöqsanlar vurğulanmışdır.

Prezidentin tapşırığı ilə yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilmiş Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında da bir daha dövlət başçısının vurğuladığı nöqsan və çatışmazlıqlara toxunulmuşdur. Ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsinin, onun formal xarakter daşımamasının və hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri kimi qəbul olunmasının, bu sahədə səmərəli nəzarət və hesabat sisteminin yaradılmasının zəruriliyi qeyd olunmuşdur.

Palatanın sədri iclas iştirakçılarının diqqətini cəmiyyətin bütün təbəqələrində sosial inkişafın təmin edilməsi üçün vətəndaş-məmur əlaqələrinin daha da yaxşılaşdırılmasının vacibliyi, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına şərait yaradan halların, əsassız yoxlamaların, vətəndaşların incidilməsinin, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına əngəl törədilməsinin yolverilməzliyi barədə ölkə başçısının tapşırığına yönəltmişdir. Bildirmişdir ki, Palatanın gələcək fəaliyyətində bu məsələlərə daha həssas yanaşılmalı, onlar prioritet vəzifələrdən biri kimi qəbul edilməlidir. Ölkə başçısının özəl sektorun inkişafına xüsusi əhəmiyyət verdiyini nəzərə alaraq Palatanın həmin sektorla təmasının olmamasına xüsusi nəzarət ediləcəkdir. Nəzarət tədbirləri yalnız büdcə vəsaitlərindən istifadə edən təşkilatların fəaliyyətini əhatə etməlidir. Eyni zamanda, müvafiq dövlət orqanları ilə birgə nəzarət tədbirlərinin keçirilməsinə üstünlüyün verilməsidir. Əvvəllər olduğu kimi, gələcəkdə də Palatanın səyinin büdcə vəsaitlərindən səmərəli istifadə edilməsi üçün nəzarətin təşkili və aparılmasına yönəldilməsinin zəruriliyi qeyd olunmuşdur. Vurğulanmışdır ki, Palatanın ötənilki fəaliyyəti nəticəsində qurumun saxlanılması xərclərindən bir neçə dəfə çox vəsait büdcəyə bərpa edilmişdir.

Daha sonra palatanın sədri diqqəti Kollegiya qərarlarında müəyyən edilmiş tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün səylərin gücləndirilməsinin, müvafiq fəaliyyət istiqamətləri üzrə məsul şəxslərin məsuliyyətlərinin artırılmasının vacibliyinə yönəltmişdir. Qeyd olunmuşdur ki, Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"da nəzərdə tutulmuş tədbirlərin icrası olaraq Palata tərəfindən hazırlanmış "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Hesablama Palatasında görüləcək işlər barədə Tədbirlər Planı (2007-2011-ci illər)" ilə müəyyən edilmiş vəzifələrin icrası təmin olunmalı, nəzarət tədbirləri zamanı dövlət vəsaitlərindən sui-istifadə edilməsinə və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınmasına xüsusi diqqət yetirilməlidir. Nəzarət tədbirlərinin təsirlilik səviyyəsi yüksəldilməli, yoxlanılan qurumlara göndərilən təqdimatların vaxtında və tam icrası təmin edilməli, nöqsan və çatışmazlıqlara yol verən şəxslər barəsində müvafiq tədbirlər görülməlidir. Ölkəmizdə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması istiqamətində ölkə başçısı tərəfindən mütəmadi həyata keçirilən tədbirlərə dəstək göstərilməli, yerlərdə dövlət vəsaitlərindən istifadə zamanı korrupsiya hüquqpozmaları ilə bağlı vətəndaşlardan daxil olan müraciətlərə daha çevik baxılmalı, həmin müraciətlər üzrə aidiyyəti araşdırma və təhlillərin aparılmasının qanunvericiliklə müəyyən edilmiş prosedurlara müvafiqliyi təmin olunmalıdır.

Dünya Bankının dəstəyi ilə CAPSAP layihəsi çərçivəsində Palatanın Strateji İnkişaf Planının reallaşdırılması zamanı korrupsiya hüquqpozmalarının qarşısını almağa imkan verən daha mütərəqqi audit metodologiyaları üzrə beynəlxalq təcrübənin öyrənilməsinə və milli audit standartlarının hazırlanmasına xüsusi diqqət yetirilməlidir.

Çıxışının sonunda palatanın sədri nəzarət tədbirlərinin gedişində, təşkilat və müəssisələrin əməkdaşları ilə təmaslarda INTOSAI-ın Lima Bəyannaməsinin və Etika Məcəlləsinin tələblərinə uyğun olaraq vətəndaşlarla münasibətdə yüksək mədəniyyət nümayiş etdirməyi, insanlara qarşı etik davranış qaydalarına ciddi riayət etməyi, xeyirxah, öz peşə fəaliyyətində dürüst və ədalətli olmağı, həmişə obyektivlik, peşəkarlıq göstərməyi, nöqsan və çatışmazlıqların, korrupsiya elementlərinin aşkar olunduğu hallarda belə soyuqqanlılıqla, yalnız fakta və audit sübutlarına əsaslanmağı tapşırmış, Palatanın bundan sonra da ölkə Prezidentinin korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması sahəsində fəaliyyətini var qüvvəsi ilə dəstəkləyəcəyini və həyata keçirilən bütün tədbirlərə imkan və səlahiyyətləri daxilində xidmət edəcəyini bildirmişdir.

Yekun olaraq dövlət vəsaitlərindən qənaətlə istifadə olunmasına, səmərəli dövlət idarəçiliyi sayəsində təkamülə və təkmilləşməyə yardım göstərmək məqsədilə müvafiq təkliflərin hazırlanması və Nazirlər Kabinetinə təqdim olunması, nəzarət tədbirlərinin səmərəliliyinin artırılması məqsədilə Palatanın mövcud normativ-hüquqi aktlarına yenidən baxılması, qurumda nizam-intizama diqqətin daha da artırılması və s. məsələlər üzrə müvafiq struktur bölmələrinin rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.

 

 

Azərbaycan.- 2011.-8 fevral.- S. 4.