Ötən il torpaq qanunvericiliyinin pozulması ilə bağlı 1370 fakt müəyyən edilmişdir
Fevralın 7-də
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində
(DTXK) ötən ilin yekunlarına həsr olunmuş kollegiya
iclası keçirilmişdir. DTXK-nın sədri akademik Qərib
Məmmədov bildirmişdir ki, 1999-cu ildə hüquqi status
almış 2667 bələdiyyənin torpaqları və
1999-cu ildən 2009-cu ilədək yeni hüquqi status
almış bələdiyyələrin torpaqları zəruri
yerquruluşu xəritələri tərtib edilməklə
özlərinə təhvil verilmişdir.
Yeni qanunvericiliyə
müvafiq olaraq, bələdiyyələrin birləşməsi
nəticəsində yenidən formalaşmış 1718 bələdiyyənin
torpaqları əvvəlki bələdiyyələrdən təhvil
alınmışdır. Respublika üzrə mövcud 1959
inzibati ərazi dairəsindən və 4593 ərazi vahidindən
47 rayon üzrə 403 inzibati ərazi dairəsinin və 846 ərazi
vahidinin sərhədlərinin döngə nöqtələrinin
koordinatlarının müəyyən edilməsi, mərz
nişanlarının basdırılması və xəritələşdirilməsi
işlərinə başlanılmışdır. Bundan 200
inzibati ərazi dairəsinin və 344 inzibati ərazi vahidinin
dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin
verilməsi məqsədi ilə xəritələri
hazırlanmış, təsdiq edilərək digər sənədlərlə
birlikdə Milli Məclisə təqdim olunmuşdur.
Komitə sədri
vurğulamışdır ki, 2010-cu ildə 30398 vətəndaşın
adına fərdi qaydada yaşayış evi və bağ sahələrinə
görə plan və ölçü sənədləri
hazırlanıb təqdim olunmuşdur. İndiyədək
komitə tərəfindən 2637 yaşayış məntəqəsi
üzrə 801688 vətəndaşın adına kompleks və
fərdi qaydada şəhadətnamə, 551 yaşayış
məntəqəsi üzrə 190635 vətəndaşın
adına isə kompleks qaydada plan və ölçü sənədi
hazırlanıb verilmişdir. Hesabat ilində, həmçinin
Bakı və Sumqayıt şəhərləri üzrə fərdi
yaşayış evi və bağ sahələrinə görə
4695 vətəndaşın adına plan və
ölçü sənədləri
hazırlanmışdır.
Komitə sədri
bildirmişdir ki, ötən il torpaq qanunvericiliyinin
pozulması ilə bağlı 1370 fakt müəyyən
edilmişdir. Bundan 451 hal xəbərdarlıq (bildiriş)
edilməklə aradan qaldırılmış, 919 inzibati xəta
halı ilə bağlı protokol tərtib edilmişdir. Kəsilmiş
43485 manat cərimənin 14046 manatı ödənilmiş,
ödənilməmiş 29439 manat cərimə ilə
bağlı müvafiq sənədlər tədbir
görülmək üçün məhkəməyə
göndərilmişdir. İnzibati xəta hallarının
2-si vəzifəli, 93-ü hüquqi və 1275-i isə fiziki
şəxslər tərəfindən törədilmişdir. 2010-cu
ildə kartoqrafiya sahəsində fəaliyyət göstərməsi
üçün (lisenziya alınmasına) komitəyə
edilmiş 6 müraciət əsasında təqdim olunan sənədlər
ekspertizadan keçirilməklə müvafiq komissiyanın qərarı
ilə onlara lisenziya verilmiş və dövlət büdcəsinə
6600 manat vəsait ödənilmişdir. Komitə tərəfindən
2010-cu ildə respublikanın ayrı-ayrı bələdiyyələri
üzrə 1773 hərrac və müsabiqə təşkil
olunmuşdur.
Q.Məmmədov diqqətə
çatdırmışdır ki, ötən il "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı"na uyğun olaraq komitə tərəfindən
mühüm işlər görülmüşdür. Torpaq məsələləri
ilə əlaqədar hesabat ilində 2 min 768 ərizə-şikayətə
və 278 xüsusi nəzarətə alınmış
şikayətə baxılıb müvafiq tədbirlər
görülmüşdür.
Dövlət sərhədlərinin
delimitasiyası və demarkasiyasından danışan komitə
sədri qeyd etmişdir ki, ötən il Azərbaycan ilə
Rusiya arasında uzunluğu 390 km olan dövlət sərhədinin
delimitasiyası işləri başa
çatdırılmış və "Sərhəd
müqaviləsi" imzalanmışdır. Bundan başqa, Azərbaycan
ilə Gürcüstan arasında 480 kilometrlik dövlət sərhədinin
delimitasiyası ilə bağlı işlər davam edir. Hazırda
sərhədin təxminən 300 kilometri hər iki tərəfin
dövlət komissiyaları tərəfindən
razılaşdırılmışdır. Sərhədin qalan
hissələrində hər iki ölkənin ekspertləri tərəfindən
torpaqların faktiki istifadə vəziyyətinin dəqiqləşdirilməsi,
arxivlərin öyrənilməsi və digər zəruri tədbirlər
həyata keçirilir.
Komitə tərəfindən
daşınmaz əmlakın qeydiyyatı, Azərbaycanda torpaq
kadastr sisteminin təkmilləşdirilməsi və digər
layihələrlə bağlı mühüm işlər həyata
keçirilmişdir.
DTXK-nın sədri
ötən il torpaq-kadastr xəritələri, yerquruluşu, mərzçəkmə
və mərz nişanları haqqında, o cümlədən
geodeziya və kartoqrafiya işləri barədə də məlumat
vermişdir.
Tədbirdə ötən
il görülən işlərlə bağlı hesabatlar
dinlənilmiş, qarşıda duran vəzifələrdən
danışılmış, müzakirələr
aparılmış və tapşırıqlar verilmişdir.
AzərTAc
Azərbaycan.- 2011.-8 fevral.- S. 4.