İlk hədəf Malıbəyli - Quşçular idi

 

Ermənilərin Xocalıdan əvvəl törətdikləri faciələr

 

Ermənistan 22 il öncə - 1988-ci ilin fevralından Qarabağ iddiası ilə Azərbaycana qarşı növbəti təcavüzkar siyasətə başladı. Azərbaycan XX əsrin əvvəllərindən bəri bir neçə dəfə bu cür təcavüzə, qırğına, soyqırımına, ərazi işğalına məruz qalsa da, başlanan növbəti dalğaya hazır deyildi. Odur ki, qəfil gələn qara buluda Azərbaycan cəmiyyətinin həm siyasi-psixoloji cəhətdən, həm də insanlarda müharibə şüurunun formalaşması baxımından baş verənlərə adaptasiyası xeyli vaxt apardı.

"Şirin" yuxulardan bizi Qarabağda Bəxtiyarla Əlinin ölümü oyatdı. Bu hadisədən - ermənilər tərəfindən onların öldürülməsindən dərhal sonra kommunizmə doğru irəliləyən Kommunist Partiyası Qarabağda yaşayan azərbaycanlılardan ov tüfənglərini, təsərrüfatda işlətdikləri beli, yabanı da yığışdırdı. Qarşı tərəfi isə təpədən-dırnağadək silahlandırdı. 1988-ci ilin fevralından başlayan ermənilərin separatçılıq hərəkətləri, torpaq iddiaları insan ölümləri, yanğınlar, tez-tez törədilən terror hadisələri ilə müşayiət olundu. Beləliklə, 1991-ci il oktyabrın 30-da Tuğ və Səlakətin kəndləri işğal edildi. Qəsbkarlar noyabrın 19-da Xocavənd kəndini də zəbt etdilər. 1992-ci il yanvarın 10-da Axullu kəndi də düşmən tapdağına çevrildi.

Qarabağın ən iri yaşayış məskənlərindən olan Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndləri Şuşa rayonunda, Qarabağ silsiləsinin dağətəyi ərazisində, rayon mərkəzindən 14 kilometr şimal-şərqdə, Xankəndi şəhərinin 2,5 kilometrliyində, Ağdam-Şuşa avtomobil yolundan 2 km aralıda yerləşirdi. Əsrlər öncə bu kəndlərdə karvansaralar, əttar, əllaf, baqqal dükanları, aşxanalar, çayxanalar, hamam, məscid, qala divarları, hətta kanalizasiya xətti də varmış. Bu qədim kəndlər Qarabağın ən ağır-batman, qayım-qədim obalarından idi. İşğal ərəfəsində kəndin 4 min nəfərə yaxın əhalisi var idi. Əhalinin əsas məşğuliyyəti əkinçilik və tərəvəzçilik olub. Kənddə 2 orta məktəb, kitabxana, mədəniyyət evi, klub, kinoqurğu, məişət evi, poçt-rabitə şöbəsi, ambulatoriya, minarəli məscid, çay daşlarından tikilmiş hamam kompleksi, tunc dövrünə aid kurqanlar var idi. XX əsrin əvvəllərində - 1909-cu ildə dövrünün ziyalısı Məmməd Qarayev Malıbəyli kəndində qızlar üçün əyalətdə ilk rus-tatar məktəbini açdırıb. Kəndin şimal-şərqində yaşı 300 ili çoxdan adlamış Səfəvi dövrünün yadigarı olan səkkizguşəli, çatma tağlı, iki günbəzdən və su hovuzundan ibarət olan hamam tikilisi də var idi.

Quşçular kəndi isə Şuşa rayonundan 16 kilometr şimal-şərqdə, Qarabağ silsiləsində, dağətəyi ərazidə, Quşçular çayı sahilində yerləşir. Quşçular oykonimi Qarabağda yaşamış türkdilli quşçu tayfalarının adı ilə bağlıdır. Yeri gəlmişkən qeyd edək ki, Aşağı və Yuxarı Quşçular yaşayış məntəqələri Malıbəyli kəndi ilə birlikdə xəritədə Xocalı rayonu ərazisində bir adanı xatırladır. Odur ki, erməni terrorçuları Xocalını işğal etmək üçün ilk növbədə Malıbəyli və Quşçular kəndlərini zəbt etdilər. Xalqımızın uzaq tarixində ağrılı-acılı səhifələr çoxdur. Yaxın keçmişimizin Malıbəyli və Quşçular faciəsi də bu qəbildəndir.

1992-ci il fevralın 10-da erməni birləşmiş hərbi hissələri Malıbəyli kəndinə üç tərəfdən hücuma keçdilər. Həmin vaxtadək ara-sıra hücumlar, həmlələr olsa da, vəziyyət budəfəki qədər gərgin olmamışdı. Düşmənin bu hücumu əvvəlkilərə bənzəmirdi. Səhər tezdən kənd artilleriya qurğularından və iriçaplı pulemyotlardan atəşə tutuldu. Malıbəyli və Quşçular kəndlərinin kişiləri mərdliklə müdafiə olunaraq düşməni kəndə girməyə, camaatdan girov götürməyə imkan vermirdilər. Vəziyyət hər an gərginləşirdi, qadınların, qocaların, uşaqların kənddə qalması böyük faciələrə səbəb ola bilərdi. Gecə ikən Malıbəylinin dinc əhalisi qonşu Quşçular kəndinə gətirilir. Ancaq kəndin kişilərinin silah-sursatı, ov tüfəngi belə olmadığından düşmənin mühasirə dalğası daralır, saatlar ötdükcə Quşçular kəndini də ağuşuna alırdı. Malıbəyli və Quşçular kəndlərinin 3 minədək əhalisi düşmən əlinə keçməmək üçün ya Xocalıya, ya da Ağdama doğru hərəkət etməli idi. Düşmən Xocalı istiqamətində əhalini qırmaq və girov götürmək üçün güclü hazırlıq işləri görmüşdü. Odur ki, Malıbəyli əhalisi soyuq fevral gecəsində Abdal və Gülablı kəndləri istiqamətində 16 km yolu keçib Ağdama tərəf gəlməyə qərar verdi.

1992-ci il fevralın 11-də Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndlərinin camaatı dağları, meşələri aşıb keçərək çətin bir yol qət etdi. Ağbulaq və Pircamal kəndləri yaxınlığındakı zirvələrdə mövqe tutan ermənilər əhalinin keçə biləcəyi yolu nəzarətə götürmüşdülər. Üç minlik əhalinin salamat çıxarılmasını cəmi 60 nəfər müdafiəçi öz üzərinə götürmüşdü. Təpələrin başında yüksək mövqe tutmalarına baxmayaraq, ermənilərin hücumunun qarşısı alındı. Həmin gün Malıbəyli və Quşçular əhalisindən 8 nəfər şəhid oldu, 3 nəfər girov götürüldü, 20 nəfər ağır yaralanaraq bədən xəsarətləri aldı. Fevralın 11-də 18.00-da Malıbəyli-Quşçular camaatı min bir müsibətlə Ağdamın Abdal və Gülablı kəndlərinə yetişdi. Hər iki qədim kənd fevralın 11-dən 12-nə keçən gecə işğal olundu.

 

İkinci hədəf Qaradağlı idi

 

Malıbəyli və Quşçular kəndlərinin işğalından bir neçə gün sonra - 1992-ci il fevralın 17-də ermənilər Dağlıq Qarabağın ən qədim və iri yaşayış məskənlərindən olan Qaradağlını mühasirəyə aldılar. Xatırladaq ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli 279-XII nömrəli Qanununa əsasən ləğv olunmuşdu. Həmin qanunla Martuni və Hadrut rayonlarının əsasında Xocavənd rayonu yaradılmış və Qaradağlı kəndi də bu rayonun inzibati ərazisinə daxil edilmişdi. Qaradağlı kəndi ermənilər yaşayan Ağkənd, Aşan, Baravatun, Qovaxan, Dağdağan, Kəndxord, Mirikənd, Mısmına, Muşqabad, Ningi, Harov kəndləri ilə əhatələnmişdi. Kəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq və tərəvəzçiliklə məşğul olurdu. Dağlıq Qarabağda münaqişə başlayan zamandan Qaradağlı kəndinin camaatı dəfələrlə ermənilərin dəhşətli hücumlarına sinə gərmişdi. İşğal gününə qədər onlarca kənd sakini erməni hücumları zamanı canlarını qurban vermiş, şəhid olmuşdular. Qaradağlılar da işğala məruz qalmış digər kəndlərin sakinləri kimi, illərlə ermənilərin törətdikləri qanlı terror aktlarının qurbanı olmuşlar. Verilən qurbanların çoxluğuna baxmayaraq, qaradağlılar bütün erməni hücumlarının qarşısını çətinliklə də olsa ala bilirdilər. Lakin bu müdafiə kənd camaatının, xüsusən cavanların özünümüdafiə postu kimi kolxoz və ya başqa inzibati binalarda yaratdıqları istehkamlardan o tərəfə keçə bilmirdi. Onların da əlindəki gizləyib saxladıqları üç-beş ədəd ov tüfəngindən ibarət idi. Emənilərin Yuxarı Qarabağda törətdikləri cinayət əməllərinə qarşı dövlət səviyyəsində, demək olar ki, heç bir tədbir görülmürdü. Ermənilər azərbaycanlıların əlində silah olmadığını bilib asanlıqla yaşayış məntəqələrini işğal edirdilər. Qaradağlı da belə bir cinayətkar hərəkətin, ölkə rəhbərliyinin laqeyd münasibətinin qurbanı oldu.

1992-ci il fevralın 15-də təpədən-dırnağadək silahlanmış ermənilər Qaradağlıya güclü basqın edirlər. Həmin gün qurbanlar bahasına olsa da, qaradağlılar düşməni kəndə girməyə qoymadılar. Lakin fevralın 16-da səhər tezdən erməni terrorçuları daha böyük qüvvə ilə Qaradağlı kəndinə güclü hücuma keçdilər. Fevralın 17-nə keçən gecə səhərə qədər döyüş getdi, yenə də camaat necə olursa-olsun kəndi qorudular. Bundan sonra erməni hərbi birləşmələri 23-cü diviziyanın 366-cı motoatıcı alayının əsgər və zabit heyəti və xarici ölkələrdən gətirilmiş muzdlu qatillərlə birlikdə müxtəlif istiqamətlərdən Qaradağlı kəndinə güclü hücuma keçdilər. Fevralın 17-də axşama yaxın müdafiəçilərin istehkam kimi seçdikləri kənd sovetinin binası da ermənilər tərəfindən tutuldu. Sursatları tükənən kənd müdafiəçiləri çoxlu şəhid verdi. Dörd ilə yaxın düşmənlə üz-üzə əliyalın mübarizə aparan Qaradağlı kəndi ermənilər tərəfindən zəbt olundu.

 

Xocalı yolu açılmışdı

 

Xocalı ilə avtomobil əlaqəsi kəsilmiş və yeganə vasitə yalnız vertolyotlar qalmışdı. Şəhərə sonuncu mülki vertolyot yanvarın 29-da gəlir. Şuşa üzərində mülki vertolyotun vurulmasından və nəticədə 10 nəfər insanın həlak olmasından sonra nəqliyyatın bu növü də fəaliyyətini dayandırır.

1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənir, yüksək mövqelər ermənilər tərəfindən tutulur. Onlar güclü silah-sursat və texnika ilə təchiz olunmuşdular. Xocalı əhalisinin gözlənilən təhlükədən xəbəri olsa və ölkə rəhbərliyi bu barədə məlumatlandırılsa da, yenə də heç bir tədbir görülmədi, camaat silahsız-sursatsız, müdafiəsiz şəkildə taleyin ümidinə buraxıldı.

Ermənilər isə irəliyə doğru addımlayırdılar. Maneə hesab etdikləri Malıbəyli, Quşçular və Qaradağlı kəndlərini artıq işğal etmişdilər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndidəki 366 saylı qvardiya motoatıcı alayının tankları, PDM-ləri, ZTR-ləri və şəxsi heyətin iştirakı ilə Xocalı şəhərinə daxil oldular. Modifikasiya edilmiş "Alazan" tipli qurğular şəhəri yandırıb külə döndərdi. Dinc əhaliyə şəhərdən çıxmaq üçün dəhliz belə verməyən cinayətkarlar Ağdama tərəf qaçan qadını, qocanı, uşağı amansızlıqla qətlə yetirdilər. 366-cı motoatıcı alayın əsgəri Viktoriya İvleva deyib ki, şəhərin topa tutulmasını gözüylə görüb: "...Gördüm ki, qarşı tərəfdən buluda oxşar nəsə gəlir, yaxınlaşanda aydın oldu ki, yarıçılpaq insan kütləsidir. Türklərdən (azərbaycanlılar - R.R) ən axırda qarın içində ayaqyalın üç uşağı ilə birgə gedən qadın tez-tez yıxılır, onu qaldırırdılar. Adamları təpənin maili döşündə güllələyirdilər. Həmin qadını və körpələrini də güllələdilər".

Leonid Kravtsev - hərbi təyyarəçi, mayor: "Fevralın 26-da mən Stepanakertdən yaralıları çıxartdım. Əsgəran darvazasından geri qayıdanda aşağıda gözümə ləkələr göründü, bir az aşağı endim. Bortmexanikim qışqırdı ki, bax, oradakı qadınlar və uşaqlardır. Bir az yoxuşda yerə səpələnmiş yüzlərlə insan cəsədi var idi. Biz ora uçduq, yerli milis kapitanı da bizimlə idi, başı əzilmiş dörd yaşlı oğlanı görən kimi bir andaca dəli olduq. Hələ də peşmanam, kaş ki onu özümüzlə aparmayaydıq, çox çəkmədi öldü. İnanılacaq deyildi, hər yan eybəcər hala salınmış insan cəsədləri ilə doluydu. Biz onları yığıb Ağdama daşıyırdıq".

Xocalı faciəsinin iştirakçısı, erməni yazıçısı Daud Xeyriyanın kitabından: "Martın 2-dən meyitlərin yandırılması ilə məşğul olan erməni "Qaflan" qrupu yüzdən artıq azərbaycanlı meyiti yığdı və Xocalıdan təxminən bir kilometr qərbdə yandırdı. Axırıncı maşında mən alnından və əllərindən yaralanmış on yaşlı qız gördüm. Aclığa, soyuğa və aldığı yaralara baxmayaraq hələ də keçinməmişdi. Uşaq yavaş-yavaş nəfəs alırdı. Tiqranyan adlı əsgər tezliklə bu hərəkətsiz qızı götürüb meyitlərin üstünə tulladı və od vurdu".

Bu kütləvi və amansız insan qırğını erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü irticaçı siyasətinin yeni bir mərhələsi olmaqla ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində oxşarı olmayan vəhşilik kimi yadda qalacaqdır. Xocalı soyqırımı bəşəriyyətin, XX əsrin ən böyük və dəhşətli faciəsidir.

Xocalı faciəsi zamanı dinc azərbaycanlı sakinlərə qarşı vəhşilik törədənlər Cenevrə Konvensiyasının "İnsan hüquqları haqqında" Ümumi Deklarasiyasının (BMT Baş Məclisi tərəfindən 10.02.1948-ci ildə qəbul olunmuşdur) 2, 3, 5, 9 və 17-ci maddələrinin "Hərbi münaqişələr və fövqəladə hallar zamanı qadın və uşaqların müdafiəsi haqqında" Deklarasiyanın (BMT Baş Məclisi tərəfindən 14.12.1974-cü ildə qəbul olunmuşdur), "Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın (9.12.1948-ci ildə BMT Baş Məclisi tərəfindən qəbul olunmuşdur) tələblərini kobud surətdə pozmuş və indiyədək heç kim cəzalandırılmamışdır. Cəzasızlıq isə yeni cinayətlər üçün münbit şərait yaradır. Soyqırımı ifadəsinin hüquqi mənası BMT-nin Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli qətnaməsində qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəza haqqında" Konvensiya ilə müəyyənləşib. Orada bildirilir ki, hər hansı milli, etnik, irqi və ya dini qrupun tam və ya qismən məhv edilməsi, kütləvi şəkildə insanlara bədən xəsarəti yetirilməsi, uşaq doğuşunun qarşısının alınması və uşaqların zorla bir insan qrupundan digərinə verilməsi soyqırımı hesab olunur. Bu hüquqi şərh Xocalı hadisələrini beynəlxalq hüquq əsasında soyqırımı cinayət aktı kimi qiymətləndirməyə əsas verir. Nürnberq Hərbi Tribunalının Nizamnaməsi, Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi, Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi, Beynəlxalq Cinayət Məhkəməsinin Statusu və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı da bu cinayətin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınmasına hüquqi əsas verir.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2011.-8 fevral.- S. 5.