Arxeoloji qazıntıların
böyük əhəmiyyəti var
Turizmin ən gəlirli sahələrindən
biri olan arxeoturizmlə bağlı iri layihələrin
gerçəkləşdirilməsinin vaxtı çoxdan
çatıb
Şəxsi müşahidələrimizə əsaslanaraq qeyd edə bilərik ki, bu insanların bəziləri, hətta öz ölkələrində görmədiyi arxeoloji materialların çoxunu bu qazıntılar zamanı müşahidə edirlər, həm də canlı olaraq arxeoloji qazıntı prosesini də izləmək imkanı əldə edirlər. Bu gerçəkliyə əsaslanaraq əmin olmalıyıq ki, arxeoturizmlə bağlı irəli sürülən layihələr Azərbaycanın arxeoturizm sahəsinin yaradılmasına təkan verəcək və həmin sahə respublika iqtisadiyyatının güclənməsinə şərait yaradacaq.
Hazırda belə layihələrin gerçəkləşməsi turizm şəbəkəsinin genişlənməsi ilə üst-üstə düşür. Statistika göstərir ki, artıq turistlərin əksəriyyəti, xüsusilə gənclər istirahət düşərgələri və əyləncəli məkanlardan daha çox dağ turizminə, abidələrə, ekstremal maraq kəsb edən turizm marşrutlarına diqqət yetirirlər. Arxeoloji qazıntıların və abidələrimizin canlı seyrinin doğuracağı əvəzsiz maraqdan niyə yerindəcə faydalanmayaq?! Hətta iştirakçı insanların və gəzintiyə gələn turistlərin bəzilərini birbaşa qazıntı prosesinə cəlb etmək onlarda böyük sevinc oyadar. Qədim əşyalara toxunmaq, onları torpaqdan çıxarıb təmizləmək, restavrasiya ilə tanışlıq, qədim təndirlər, təsərrüfat quyuları ilə tanışlıq, ərzağın necə saxlanılmasını öyrənmək, daş alətlər və onlardan istifadəni praktiki olaraq öyrənmək, insanların dəfn adətlərini izləmək, skeletlərin təmizlənməsi, quyu qəbirlər, təknə qəbirlərin nümayişi, qədim ayinlərin və ritual mərasimlərinin necə keçirilməsinin əyani göstərilməsi kimi məqamlar hansı turistin marağını cəlb etməz? Layihənin reallaşması həm yerli turizmin, həm də xarici turistlərin axınına səbəb ola bilər. Qazıntıların nəticələrini öz gözləri ilə görən hər bir şəxs mütləq növbəti dəfə daha hansı yeniliklərin olmasını görmək məqsədilə yenidən həmin bölgəyə səfər edəcək. Həm dincəlmək, həm də maraqlı qazıntı, abidə görmək istəyi ilə turistlər növbəti dəfə yenə buranı seçə bilərlər.
Bir sözlə, bugünkü reallıqla səsləşən və tam aktual bir problem olan arxeoturizmlə bağlı layihələrin gerçəkləşməsi həm elmimiz, həm də iqtisadiyyatımız üçün gözəl fürsətlərdir.
Əsas məqsəd Azərbaycanın müxtəlif bölgələrində turizmin bir növü olan arxeoturizmi inkişaf etdirmək və bunun ilk nəzəri-praktiki bazasını yaratmaqdır. Bunun üçün konkret olaraq bir çox vacib məsələlər üzrə iş aparmaq lazımdır:
- abidələrimizin turizm obyektlərinə çevrilməsi; planlı şəkildə bəzi arxeoloji abidələrimizin turist marşrutlarına salınması; bölgənin arxeoturizm potensialını nümayiş etdirən elektron xəritənin yaradılması; reklam bukletlərinin, internet-reklam guşələrinin yaradılması; arxeoloji qazıntıların real gəlirli bir sahəyə çevrilməsi; qərb bölgəsinin bəzi tarixi-arxeoloji abidələrinə əsassız erməni iddialarına tutarlı cavab verilməsi və bu məqama turistlərin diqqətinin yönəldilməsi və sairə.
İdeyanın əsasında respublikamızın gündən-günə inkişaf etməkdə olan turizm potensialına arxeologiyanın töhfələrini də əlavə etmək və bunun kökündə xarici ölkələrin təcrübəsinə əsaslanmaq dayanır. Azərbaycanın misli-bərabəri olmayan tarixi-arxeoloji abidələri minlərlə turisti özünə cəlb etmək imkanına malikdir. Qafqazda heç bir ölkə Azərbaycan qədər arxeoloji abidələrə malik deyil, dünyanın tək-tək ölkəsi yalnız bizim kimi qədim abidələrə malikdir. Arxeoturizmin milyonlarla gəlir gətirdiyi bir zamanda bu sahənin Azərbaycanda inkişaf etdirilməməsi və formalaşdırılmaması, fikrimizcə, yolverilməzdir və həmin sahəni mütləq ayağa qaldırmaq lazımdır. Buradan qaynaqlanan əsas layihə ideyasının arxasında onlarla bu tip gerçəkləşdirilməli layihələr vardır.
Layihə çərçivəsində reallaşdırılacaq tədqiqatlar elmi baxımdan düzgün, əhatəli və məzmunlu olmalı, tarixi təhlil metodlarına əsasən obyektiv şəkildə aparılmalıdır. Tədqiqat işinin elmi-metodoloji əsasını əldə olunmuş arxeoloji, etnoqrafik, antropoloji və etnososioloji materialların təhlilinə elmi yanaşmaq prinsipi təşkil etməlidir. Tədqiqat aparılarkən son illərin arxeoloji qazıntılarının nəticələrinə və bu nəticələri özündə əks etdirən hesabatlara, ədəbiyyatlara istinad edilməli, məsələyə sırf müasir tələblər baxımından yanaşılmalı, xarici ölkələrin arxeoturizm sahəsində irəliləyişlərinin metodologiyasına nəzər yetirilməlidir. Tədqiqatlar əsasən iki mərhələdə nəzərdə tutulmalıdır: çöl tədqiqatları və kameral-laborator işlər.
Çöl tədqiqatları hansılardan ibarət olmalıdır:
- bölgənin tarixi coğrafiyası ilə bağlı tanışlıq; tarixi-arxeoloji abidələrin yerini ifadə edən xəritələr və abidələrin inventar siyahısını göstərən külliyyatla tanışlıq və onlar üzərində işlər; müşahidələr və səyyar gəzintilər (bölgənin hər bir rayonu müəyyənləşdirilmiş vaxt çərçivəsində müşahidə obyekti olmalıdır); tarixi-arxeoloji abidələri müəyyənləşdirmək məqsədilə vizual kəşfiyyatlar aparmaq; konkret sahələrdə arxeoloji qazıntılar aparmaq; müəyyən edilmiş ərazilərdə dövr, sahə, tipologiya və s. öyrənmək məqsədilə şurf qazıntıları həyata keçirmək; abidələrin fotosu, planı, rekonstruksiyası, topoplanı üzərində işlər; müxtəlif abidələrdən və yerlərdən torpaq, sümük, metal, kömür analizlərinin götürülməsi və bunların həm yerli, həm də xarici ölkə laboratoriyalarına göndərilməsi və sairə.
Kameral-laborator işlər də, öz növbəsində, əldə edilmiş tədqiqatların nəticələrinin həllinə və əks olunmasına hesablanmalıdır. Burada bölgənin arxeoloji abidələri (tipi, dövrü, əhəmiyyət dərəcəsi, turizm marşrutuna salınma imkanları, əlverişliyi və s.) təsnifatlaşdırılmalı, elektron xəritə yaradılmalı və domen təşkil edilməli, əldə olunan bütün informasiyalar internetdə yerləşdirilməli, Azərbaycanın hər bir seçilmiş arxeoturizm bölgəsinin ümumi coğrafiyası, etnoqrafiyası, arxeologiyası ilə bağlı faktların məcmusuna əsaslanan məlumatlar saytda yerləşdirilməli, turizm üçün əhəmiyyətli arxeoloji abidələrin reklamına yer verən bukletlər, açıqcalar, broşürlər hazırlanmalıdır. Rayonun görməli yerlərində həmin abidələrin təsviri və artefaktlardan ibarət rəsm-tablolar hazırlanmalıdır.
Abidələrin əhəmiyyət dərəcəsini əsas tutmaqla onların üzərinə müxtəlif miqyaslı lövhələr vurulmalı və yaxınlıqda nişanlar qoyulmalıdır.
Əsas göstəricilər istirahət güşələri və sanatoriyaların yaxınlığında yerləşdirilməlidir ki, turistlərin diqqətini cəlb etsin.
Tədqiqatın nəticələrini əks etdirən geniş hesabat hazırlanmalı və saytda yerləşdirilməlidir.
Elektron saytda iddialı abidələrimizlə bağlı erməni saxtakarlığını ifşa edən geniş məlumatlar verilməlidir və sairə.
Arxeoturizmlə bağlı layihələrin həyata keçirilməsi öncə arxeoloji abidələrimizin tanıdılmasına xidmət edəcəkdir. Onları həm yerli vətəndaşlar, həm də ölkəmizdə qonaq olan turistlər tanıyıb maraq göstərəcəklər. İkincisi, bu abidələrin tanınması əhalini xeyli maarifləndirəcək, arxeoloji-tarixi abidələrimizin dağıdılmasının qarşısı alınacaqdır. Üçüncüsü və ən əsası, arxeoturizmin inkişafı bütövlükdə bölgənin, ümumilikdə götürüldükdə isə, respublikamızın turizm imkanlarını artıracaq və ya turizm potensialını yüksəldəcəkdir.
Layihələrin nəzərdə tutulmuş istiqamətdə gerçəkləşdirilməsi və aparılması çox mühüm elmi-praktik əhəmiyyət kəsb edəcəkdir. Arxeoturizmlə bağlı layihələr məhz bu istiqamətdə hazırlanmış və hesablanmışdır. Birinci növbədə layihələrin elmi əhəmiyyəti arxeologiya sahəsində yeni elmi nailiyyətlərin əldə edilməsi ilə ölçülür. Yeni arxeoloji abidələrin aşkar edilməsi, nəzərdə tutulmuş abidələrin bəzilərində arxeoloji qazıntıların aparılması, onların elektron xəritəyə salınması və xarici iddialardan qorunması naminə aparılacaq işlərin bütövlükdə elmi əhəmiyyəti ola bilər. Bu tədqiqatların aparılması zamanı rayonun mədəniyyət və turizm şöbələri ilə əməkdaşlıq isə həmin şöbənin işçilərinin praktiki təcrübəsinin artmasına kömək edəcəkdir. Bəzi abidələrimizin plan quruluşu, bəzilərinin maket rekonstruksiyaları hazırlanacaqdır. Praktiki cəhətdən daha çox əhəmiyyətli hesab edilən layihə, əslində, birbaşa turizmin inkişafına təkan verəcəkdir. Azərbaycanın arxeoturizmdən əldə edəcəyi gəlir gələcəkdə bu layihələrin nə qədər lazımlı və vacib, eyni zamanda vaxtında hazırlandığını sübut edəcəkdir.
Arxeoturizmlə bağlı layihələrin əsasını arxeoloji və tarixi tədqiqat, eyni zamanda arxeoloji tədqiqatların iqtisadiyyatımıza tətbiqi forması təşkil etməlidir. Əlbəttə ki, onların kökündə elmi tədqiqat işi dayanmalıdır ki, bunun da nəticəsi və tətbiqi sahələri olmalıdır. Bu baxımdan qeyd edə bilərik ki, tədqiqatın nəticələri birinci növbədə arxeologiya, tarix, etnologiya, antropologiya və etnoqrafiya baxımından xeyli dəyərlidir və bu elmlərin yenilikləri ilə maraqlanan hər bir şəxs üçün istifadəyə yararlı ola bilər. Layihələrin reallaşması ilə bağlı çöl tədqiqatlarının nəticələrindən arxeoloqlar, etnoqraflar, ümumiyyətlə tarix elminin bu və ya digər sahələri ilə məşğul olan hər bir kəs istifadə edə bilər. Digər tərəfdən, layihələrin əsas mahiyyətini milli abidələrimizin təbliği, mühafizəsi, qorunması, məkrli düşmənlərimizin abidələrimizə əsassız iddialarına cavab təşkil etdiyindən bundan ən çox xalqımız faydalanacaqdır. Alimlərimiz, tədqiqatçılarımız, tələbələrimiz bu məlumatlardan böyük fayda görəcəklər. Layihələrin nəticələri internet səhifələrinə yerləşdirildikdən sonra xarici tədqiqatçılar, araşdırmaçılar əsl həqiqəti biləcək, dürüst elmi məlumatlara yiyələnəcək, bu abidələrin elmi əsaslarla, tutarlı faktlarla doğrudan da Azərbaycan xalqının milli sərvəti, tarixi yaddaşı olduğunu yəqin edəcəklər.
Arxeoturizmlə bağlı layihələrin nəticələrinin yalnız bir tətbiq sahəsi vardır: turizm. Turizmin bu növünün Azərbaycanda yaradılması və gələcək üçün inkişaf strategiyasının hazırlanması irəli sürüləcək layihələrin əsas məram və məqsədi olmalıdır. Arxeoturizmin tətbiqi respublikamız üçün böyük iqtisadi gəlir, elmimizin isə inkişafı deməkdir.
Arxeoturizmin inkişafı tamamilə yenidir və turizm sektorunda bu sahənin genişləndirilməsi mühüm elmi-praktik nailiyyətlərin əldə olunmasına imkan verəcəkdir. Bu sahə üzrə həll olunmayan xeyli problem vardır. Arxeoturizmlə bağlı ilk layihənin müəllifləri olaraq biz həlli vacib məsələləri müəyyənləşdirə bilmişik. Bunlar hansılardır:
- böyük maraq oyadacaq arxeoloji abidələrin qismən qazıntısı və onun üzərinin örtülməsi;
- arxeoturizm sahəsinə dövlət qayğısı və bu sahənin bilavasitə arxeoloqların vasitəsilə istiqamətləndirilməsi;
- arxeoturizmin inkişaf etdirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun və Turizm İnstitutunun birgə əməkdaşlığı və əlaqələndirilməsi;
- arxeoturizmin hansı sahələrdə inkişaf etdirilməsi üçün arxeoloqların rəyi;
- arxeoloji qazıntıların şəbəkəsinin böyüdülməsi və yalnız arxeoturizm üçün əhəmiyyətli olan abidələrə geniş vəsaitlərin ayrılması və s.
Arxeoturizm sahəsinin inkişaf etdirilməsi üçün qeyd etdiyimiz və edə bilmədiyimiz bir çox məsələlər vardır ki, bunlar yalnız dövlət dəstəyi və ayrı-ayrı sahibkarların qayğısı ilə həyata keçirilə bilər. Bu sahənin inkişaf etdirilməsi uzunmüddətli bir proqram olsa da (əlbəttə ki, 1-2 il ərzində bu sahəni yetərincə inkişaf etdirmək qeyri-mümkündür), onun nəticələri çox böyük elmi və maddi gəlirləri ortaya qoya bilər. İrəli sürdüyümüz bu təkliflər, əlbəttə, ilkin olaraq arxeoturizmin Azərbaycanda yaradılması və inkişaf etdirilməsinə xidmət göstərəcəkdir. Şübhəsiz ki, arxeoturizmlə bağlı layihələrin kompleks şəkildə inkişaf etdirilməsi üçün milyonlarla vəsait lazımdır. Amma ilkin addımın atılması, fikrimizcə, bütün sahələrdə və bir çox qurumlarda arxeoturizmin inkişafına maraq oyadacaqdır.
Arxeoturizm barədə istər elmi, istər publisistik sahədə mühüm bir iş yazılmamış, tədqiqat aparılmamışdır. Amma turizm baxımından əhəmiyyətli olan onlarla abidəni göstərə bilərik ki, bunların qazıntısı aparılmış, hazırda da aparılmaqdadır. Turizm baxımından əhəmiyyətli dedikdə, burada həmin abidələrin saxlanma səviyyəsi və yerlərə turistlərin getmək imkanları da hesablanır. Elmi baxımdan çox böyük maraq obyekti, iqtisadi baxımdan isə gəlirli bir sahə kimi arxeoturizmin inkişafı son nəticədə Azərbaycanın iqtisadi və elmi gəlirləri üçün hesablanmış bir sahədir.
Nəcəf MÜSEYİBLİ,
tarix elmləri üzrə fəlsəfə
doktoru
Şamil NƏCƏFOV,
tarix elmləri üzrə fəlsəfə
doktoru
AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutunun əməkdaşları
Azərbaycan.- 2011.-8 fevral.- S. 6.