Mingəçevir turizm mərkəzinə
çevrilir
Mingəçevir Kür çayının sağ və sol sahilini əhatə edir. Onun iqlimi və coğrafi mövqeyi ilin bütün fəsillərində turizm üçün çox əlverişlidir. Mingəçevirdə ilin günəşli günlərinin sayı 240-250-yə çatır. Buna görə də Mingəçevirdə su idman növləri ilə il boyu məşğul olmaq imkanı yaranır. Yay mövsümündə fəaliyyətə başlayan şirin sulu çimərlik şəhər əhalisinin və ətraf yaşayış məntəqələrindən dincəlməyə gələnlərin sevimli istirahət yeridir. Ümumiyyətlə, Kür çayının hər iki sahilindəki parklar istirahət və əyləncə üçün çox əlverişlidir. Heydər Əliyev prospektindəki Heydər parkı isə özünün füsunkar gözəlliyi, yayın isti günlərində sərinlik gətirən fontanları ilə insanlara gümrahlıq, xoş əhvali-ruhiyyə bəxş edir. Heydər Əliyevin abidəsi önündəki fontan baxanları heyran edir. Mingəçevirlilər və şəhərin qonaqları Kür çayının sahilində, eləcə də şəhərin müxtəlif yerlərində olan restoran və yeməkxanalar şəbəkəsinin xidmətindən istifadə edə bilirlər. Yeni istifadəyə verilmiş dördulduzlu "River Sayd" hoteli müştərilərə Avropa standartları səviyyəsində xidmət göstərir. Buradakı qayıqlar, su velosipedləri və su motosiklləri ilə gəzintiyə çıxmaq insana unudulmaz anlar yaşadır.
Mingəçevir Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Tahir Əzizli söhbət zamanı dedi ki, şəhərdə 27 mədəniyyət müəssisəsi, o cümlədən 16 kitabxana, 3 muzey, rəsm qalereyası, 9 abidə var. Mingəçevir Dövlət Dram Teatrının binası, Kür çayının üzərində keçən əsrin ortalarından qalma körpü də memarlıq abidələrinə aid edilə bilər.
Mingəçeviri turizm üçün cəlbedici edən amillərdən biri də burada ovçuluq üçün əlverişli şəraitin olmasıdır. İlin bütün fəsillərində balıq ovu ilə məşğul olmaq mümkündür. Şah mahi (şamayka), şırvıd (sudak), xəşəm, sazan Mingəçevir su hövzəsindəki balıq növlərindəndir. Kür çayında olan xərçənglər özünəməxsus dadı və müalicəvi əhəmiyyəti ilə fərqlənir.
Ətrafdakı dağlarda kəklik, turac, dovşan, su hövzəsində isə qaz, ördək, qaşqaldağ, sutoyuğu və sultan quşlarına rast gəlmək olur.
Ölkə
Prezidenti İlham Əliyev özəl təbii və
coğrafi xüsusiyyətlərə malik Mingəçevirin
hərtərəfli inkişafı üçün
qayğısını əsirgəmir. Dövlət
başçısı prezidentlik fəaliyyəti
dövründə üç dəfə Mingəçevirdə
olmuş, respublikanın elektrik enerjisinə tələbatının
ödənilməsində mühüm və etibarlı baza
rolunu oynayan "nur şəhəri"nin tərəqqisinə
yönələn tarixi əhəmiyyətli qərarlar qəbul
etmişdir. Keçən il oktyabrın 14-də Mingəçevirə
növbəti dəfə səfər edən Prezident İlham
Əliyev burada "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin
açılışı zamanı şəhər ictimaiyyətinin
nümayəndələri ilə görüşündə
demişdir: "Bu gün bu gözəl turizm və idman mərkəzinin
açılışında bir daha görürəm ki, Azərbaycanın
çox böyük imkanı, potensialı vardır. Bu yerləri
siz də yaxşı xatırlayırsınız, mən də.
Nə gündə idi buralar! Amma indi buralar gözəl parklar, xiyabanlar olub. Mingəçevir
necə gözəlləşib! Mən keçən il də,
ondan əvvəlki illərdə də, 2003-cü ilə qədər
də Mingəçevirdə olmuşam. Şəhər
tamamilə müasirləşib, gözəlləşib,
böyük abadlıq-quruculuq işləri aparılır,
xiyabanlar, parklar salınır, binalar təmir olunur. Yəni
Mingəçevir çox müasir, gözəl şəhərə
çevrilibdir və bu məni çox sevindirir. Mən istəyirəm
ki, hər bir şəhərimiz öz gözəlliyi ilə
seçilsin".
Dövlət başçısının "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" 6 aprel 2010-cu il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Mingəçevirdə silsilə tədbirlər həyata keçirilməkdədir. İlk növbədə ərazidə turizmin inkişaf perspektivləri ilə bağlı məsələ Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında (şurada) müzakirə edilmiş və Mingəçevir şəhərində turizmin inkişaf planı hazırlanmışdır. Plana uyğun olaraq Mingəçevir Şəhər İcra Hakimiyyətinin elektron saytı yaradılmış, şəhərin tarixi, bugünü və gələcək inkişafı ilə bağlı materiallar, turizm potensialı haqqında məlumatlar və şəkillər burada öz əksini tapmışdır. Şəhər Ekskursiya və Səyahətlər Bürosunun fəaliyyətini gücləndirmək, turizmlə məşğul olan müxtəlif mülkiyyət formalı firmaların yaradılmasını stimullaşdırmaq üçün tədbirlər görülmüş, Mingəçevir-Hacıkənd-Göygöl-Zaqatala-Qax-İlisu və digər istiqamətlərdə ekskursiyalar təşkil olunmuş, çimərlik mövsümündə minlərlə turist qəbul edilmişdir. Mingəçevirin turizm potensialını təbliğ etmək, turistlərin hərəkətini asanlaşdırmaq üçün Mingəçevir şəhərinin turist xəritəsi işlənib hazırlanmışdır. Şəhərin baş planı və memarlıq tərtibatı nəzərdən keçirilmiş, yararsız tikililər sökülərək müasir üslubda yenidən tikilmiş, turizm üçün maraqlı olan ərazilərdə zövqlə abadlıq işləri görülmüş, binaların dam örtükləri təzələnmiş, Heydər parkı və şəhərin şərq tərəfindəki darvaza tamamilə yenidən qurulmuşdur. Bələdiyyə parkı, İlk qurucular parkı, Səhiyyə işçiləri parkı salınmış, mövcud park və xiyabanlarda abadlıq və yenidənqurma işləri həyata keçirilmişdir. Hazırda Kür çayının sağ sahilində səkkizmərtəbəli beşulduzlu mehmanxana tikilməkdədir. Yaxın gələcəkdə Kür çayının sol sahilindəki park yenidən qurulacaq, Mingəçevir su anbarının sahilində isə Avropa standartlarına uyğun sağlamlıq-istirahət kompleksinin tikintisinə başlanacaqdır. Bütün bunlar şəhərə daha çox turistin gəlməsini, turizm firmalarının fəallığının artmasını təmin edəcəkdir.
Lazım QULİYEV
Azərbaycan.- 2011.-8 fevral.- S. 6.