Azərbaycanın ənənəvi
xalçaçılıq sənəti dünyada təbliğ
olunur
Fevralın 7-də Mədəniyyət və Turizm Nazirliyi Muzey Mərkəzində Azərbaycan xalçaçılıq sənətinin YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilməsi ilə bağlı təqdimat mərasimi keçirilmişdir.
Məqsəd ölkəmizin qeyri-maddi mədəniyyət nümunələrinin, o cümlədən xalqımızın mənəvi sərvəti sayılan Azərbaycan xalçasının qorunması və beynəlxalq aləmdə təbliğ olunması idi.
AzərTAc xəbər verir ki, tədbir xalqımızın bu qədim yaradıcılıq sənəti barədə hazırlanmış filmin nümayişi ilə başlanmışdır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan xalçaçılığının inkişaf tarixi barədə danışmış, Azərbaycan xalçalarının dünyaya tanıdılmasında dövlətimizin başçısı İlham Əliyevin mövqeyini və Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsünü vurğulamışdır. Azərbaycan Prezidentinin xalçaçılıqla bağlı verdiyi fərman və sərəncamları diqqətə çatdıran nazir respublikamızı dünyada təbliğ etmək üçün xalçanın ən böyük vasitə olduğunu söyləmişdir. Ə.Qarayev xarici ölkələrdə Azərbaycan xalçalarının ermənilərin adına çıxılmasına təəssüfünü bildirmiş, bu baxımdan xalçalarımızın dünya mədəni xəzinəsinə daxil edilməsinin əhəmiyyətini vurğulamışdır.
Tədbirdə nazirlik tərəfindən Azərbaycan xalçası ilə bağlı beş dildə hazırlanmış namizədlik faylı və sayt (www.carret.intangble.az) təqdim olunmuşdur. Faylın müəllifi, Azərbaycan Xalçası və Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva çıxış edərək xalçanın Azərbaycan xalqının taleyi ilə bağlı olduğunu demiş, eyni zamanda, Prezident İlham Əliyevin sərəncamına əsasən tikilməkdə olan muzey haqqında danışmışdır. Sənətşünaslıq namizədi Toğrul Əfəndiyev tədbir iştirakçılarına sayt haqqında məlumat vermiş və bu işdə kömək edən alimlərə minnətdarlığını bildirmişdir.
Mərasim
iştirakçıları Heydər Əliyev Fondu tərəfindən
nəfis tərtibatla hazırlanıb çap edilmiş
"Azərbaycan xalçaları" kitabı ilə də
tanış olmuşlar.
Azərbaycan.- 2011.-8 fevral.- S. 7.