Nazirlər Kabinetində görüş

 

Fevralın 8-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Litva Seyminin sədri xanım İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

İki ölkə arasındakı münasibətlərin inkişafından məmnunluğunu ifadə edən Baş nazir siyasi sahədə qarşılıqlı fəaliyyətin yaxşı səviyyədə olduğunu demiş, iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulamışdır. Səfər çərçivəsində keçiriləcək Azərbaycan-Litva biznes forumunun iqtisadi perspektivlərə töhfə verəcəyinə əminliyini bildirən Baş nazir gələcəkdə belə tədbirlərin keçirilməsini arzu etmişdir.

Litva Seyminin sədri xanım İrena Dequtiene Azərbaycana səfərindən ölkəmizlə yaxından tanış olmaq imkanından məmnunluğunu söyləmişdir. O demişdir ki, Bakıda keçiriləcək biznes forumda ölkəsini təmsil edəcək 40-a yaxın şirkətin əksəriyyəti Azərbaycanın qeyri-neft sektorunda, xüsusən informasiya texnologiyaları qida sənayesi sahələrində əməkdaşlıq qurmaqda maraqlıdır. Qonaq 2008-ci ildən Azərbaycanın Cənubi Qafqaz regionunda Litvanın əsas ticarət tərəfdaşı olduğunu da xatırlatmışdır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 9 fevral.- S. 1.