Litva Azərbaycanla əməkdaşlığın
genişləndirilməsinin tərəfdarıdır
Fevralın 8-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Litva Seyminin sədri İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
2009-cu ildə Litva Respublikasına səfərini xatırladan parlamentin sədri bu səfərlərin Azərbaycan-Litva əlaqələrinin bütün sahələrdə inkişafına mühüm töhfə verdiyini bildirmişdir. Son illərdə iki ölkə arasında əməkdaşlıq əlaqələrinin dinamik inkişafına dövlət başçılarının qarşılıqlı səfərləri, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində keçirdikləri yüksək səviyyəli görüşlərin müsbət təsir göstərdiyini xüsusilə qeyd etmişdir.
Parlamentin Sədri bildirmişdir ki, Azərbaycan və Litva arasında siyasi, iqtisadi sahələrdə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün böyük potensial var. Ölkələrimizin malik olduğu imkanlardan daha geniş istifadə edib, iqtisadi, ticarət əlaqələrini gücləndirməliyik. Bakıda keçiriləcək Azərbaycan-Litva biznes forumu iqtisadi sahədə əməkdaşlığın yüksək səviyyəyə qaldırılmasına kömək edəcəkdir.
"Azərbaycanda əlverişli
investisiya mühiti var. Neft sektoru ilə yanaşı, qeyri-neft
sektoruna da böyük həcmdə investisiyalar yatırmaq
olar" - deyən parlamentin sədri litvalı iş
adamlarının ölkəmizdə kənd təsərrüfatı,
turizm sahələrinə sərmayə yatırmaları
üçün bütün imkanların
yaradıldığını bildirdi.
Milli Məclisn Sədri Oqtay Əsədov
Azərbaycanın üzləşdiyi ağır problemə də
diqqəti cəlb etdi. Sədr Ermənistan tərəfindən
torpaqlarımızın 20 faizinin işğal edildiyini, nəticədə
1 milyondan artıq soydaşımızın öz doğma
yurdlarından didərgin düşdüyünü nümayəndə
heyətinin diqqətinə çatdırdı. Parlamentin Sədri
əlavə etdi ki, təcavüzkar Ermənistan dövləti
BMT Təhlükəsizlik Şurasının, Avropa
Şurası Parlament Assambleyasının və digər beynəlxalq
təşkilatların qəbul etdiyi qərarlara əhəmiyyət
verməyərək torpaqlarımızı hələ də
işğal altında saxlamaqdadır. Azərbaycan tərəfi
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüquq normalarına
uyğun, ölkəmizin ərazi bütövlüyü
çərçivəsində həllini istəyir. Litva
Respublikası da Dağlıq Qarabağ münaqişəsinin
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həllinə tərəfdardır. Sədr Litva tərəfinin
ATƏT-ə sədrliyi müddətində bu münaqişənin
sülh yolu ilə həlli istiqamətində mühüm irəliləyişin
yaranmasına ümidvar olduğunu bildirdi.
Litva Seyminin sədri xanım
İrena Dequtiene Azərbaycanda böyük inkişafın
şahidi olduğunu bildirdi. O, iki ölkə arasında siyasi,
iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın
genişləndirilməsinin tərəfdarı olduğunu
bildirdi. Bakıda keçiriləcək biznes forumun bu
baxımdan mühüm əhəmiyyət kəsb edəcəyini
qeyd etdi.
Litva Seyminin sədri Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
ölkəsinin tutduğu mövqeyi bir daha ifadə etdi.
Bildirdi ki, Litva Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyir. Litva Seyminin
yaz sessiyasında Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı qətnamə layihəsinin müzakirəyə
çıxarılacağını da diqqətə
çatdırdı.
Sonda tərəflər
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da fikir mübadiləsi apardılar.
Azərbaycan.- 2011.- 9 fevral.- S. 1.