Lütfi Zadə: "Dostluq" ordeninə layiq görülməyimdən şərəf duyuram

 

"Bu yüksək mükafata layiq görülməyimdən şərəf duyuram və mənə göstərdiyi səmimi münasibətə görə bütün Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm". ABŞ-ın Berkli Universitetinin professoru, dünya şöhrətli alim Lütfi Zadə (Lütfi Ələsgərzadə) elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin alimi "Dostluq" ordeni ilə təltif etməsini AzərTAc-a belə şərh etmişdir.

Professor Lütfi Zadə səhhətinə görə 90 illik yubileyi ilə əlaqədar Bakıda keçirilən tədbirə qatıla bilmədiyi üçün təəssüflənmişdir. O demişdir ki, səhhətim uzun səyahət etməyə imkan verməsə də, əqli baxımdan fəaliyyətimdən tam razıyam. Hətta bu yaxınlarda daha bir elmi məqaləmi bitirmişəm.

Dünya şöhrətli azərbaycanlı agentliyimiz vasitəsilə dövlətimizin başçısı İlham Əliyev barədə düşündüklərini də çatdırmağı xahiş etmişdir: "Prezident İlham Əliyevin dünya liderləri arasında özünəməxsus yeri var. Onun intellekti, uzaqgörənliyi, təhsili və ölkəsinə bağlılığı olduqca təqdirəlayiqdir və İlham Əliyevi nadir lider kimi müəyyənləşdirir. Mən onunla, eləcə də Bakıdakı həmkarlarımla fəxr edirəm və aramızdakı yaxın münasibətləri yüksək dəyərləndirirəm".

Xatırladaq ki, fevralın 4-də professor Lütfi Zadənin 90 yaşı tamam olmuşdur. 1921-ci ildə Bakı şəhərində jurnalist Rəhim Ələsgərzadə və pediatr Faniya Korimanın ailəsində dünyaya gələn Lütfi 10 yaşınadək Bakıda yaşamış, 1931-ci ildə ailəsi İrana köçmüşdür. Tehranda mühəndislik ixtisası alan Lütfi Zadə 1944-cü ildə ali təhsilini davam etdirmək üçün Birləşmiş Ştatlara getmişdir. 1959-cu ildən bəri Lütfi Zadə Kaliforniya ştatındakı Berkli Universitetində çalışır. Universitetin elektrik mühəndisliyi fakültəsinin dekanıdır. Onun müəllifi olduğu "Qeyri-səlis məntiq" nəzəriyyəsi elektrik mühəndisliyi sahəsində çevriliş etmiş, bu gün sənayenin müxtəlif sahələrində istifadə olunan bir sıra elmi ixtiralara yol açmışdır.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2011.-9 fevral.- S. 1.