Dövlət qayğısı Ağdamın inkişafına təkan verir

 

Son dövrlərdə böyük dövlət qayğısı və himayəsi nəticəsində mühüm inkişaf yolu keçən Ağdam rayonu 2010-cu ili də böyük nailiyyətlərin əldə olunduğu dövr kimi geridə qoydu. Bu sahədə qazanılan uğurlar dünən Ağdamda keçirilən 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda geniş müzakirə olundu. Tədbir iştirakçıları və qonaqlar ilk öncə Quzanlı qəsəbəsinin mərkəzində ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə qızılgüllər qoydular, xalqımızın ümummilli liderinə sonsuz məhəbbət və ehtiramlarını bir daha bildirdilər.

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov 2010-cu ildə sosial-iqtisadi inkişaf sahəsində qazanılmış fərəh doğuran nailiyyətlərdən, rayon əhalisinin həyat şəraitini daha da yaxşılaşdırmaq, dolanışıq səviyyəsini yüksəltmək üçün bundan sonra da məhsuldar və səmərəli işləmək zərurətindən ətraflı danışmışdır. Rayonun sosial-iqtisadi, ictimai-siyasi həyatının bütün sahələrini əhatə edən uğurların qazanılmasında Qarabağa və qarabağlılara həmişə xüsusi münasibət bəsləyən Azərbaycan Prezidenti İlham Əliyevin qayğı və diqqətinin başlıca amil olduğunu minnətdarlıqla vurğulayan məruzəçi xatırlatdı ki, 2010-cu ilin noyabr ayının 11-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam rayonuna səfər etmiş, mərkəzi rayon xəstəxanasında yaradılmış şəraitlə tanış olmuş, Quzanlı qəsəbəsində yeni salınmış 689 ailəlik qəsəbənin açılışında iştirak etmişlər. Ağdamda səmimi görüşlər keçirən Prezident İlham Əliyev rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərini yüksək qiymətləndirmiş, Ağdamın sosial-iqtisadi inkişafını daha da sürətləndirmək üçün aidiyyəti icra orqanlarına konkret göstərişlər vermişdir.

Nizami Sadıqov qeyd etmişdir ki, rayon əhalisinin həyat şəraitinin yaxşılaşdırılması sahəsində 2010-cu il mühüm inkişaf mərhələsi olmuşdur. Hesabat ilində əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmiş, 29 ədəd subartezian quyusu qazılıb istifadəyə verilmiş, məcburi köçkün qəsəbələrindəki su xətləri əsaslı təmir olunmuşdur. Quzanlı qəsəbəsində 500 tonluq su anbarı inşa edilmişdir. Əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunması üçün əsaslı tədbirlər görülmüşdür. Hazırda köçkün qəsəbələri gün ərzində 24 saat, digər yaşayış məntəqələri isə 18-20 saat elektrik enerjisi ilə təmin edilir. İndi hər hansı bir səbəbdən sıradan çıxan elektrik transformatorları əvvəllər olduğu kimi, 1-2 aya yox, uzağı 1 sutkaya bərpa olunur.

2010-cu ildə əhalinin təbii qazla təmin olunması sahəsində də xeyli iş görülmüşdür. Hazırda 3000 abonent təbii qazdan istifadə edir. 6000-dən çox evə təbii qaz çəkilib, ana xətt Əfətli kəndinə çatdırılıb. Kəndlərə təbii qaz çəkilişi sürətlə davam etdirilir.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası istiqamətində rayonda ötən il bütün sahələrdə müəyyən tədbirlər hazırlanıb həyata keçirilmiş, tikinti, abadlıq və quruculuq sahəsində diqqətçəkən böyük işlər görülmüşdür. 2010-cu ildə ümumi məhsul istehsalının həcmi artaraq 82 milyon 662 min manat, sənaye məhsulunun ümumi həcmi 3 milyon 300 min manat, kənd təsərrüfatı məhsulunun həcmi 60 milyon 991 min manat, ticarətin dövriyyəsi 6 milyon 100 min manat olmuş, göstərilən dövrdə əsas kapitala yönəldilən vəsaitlər 12.2 milyon manat təşkil etmişdir. Ötən dövrdə tikinti-quruculuq, abadlıq işləri daha da genişləndirilmiş, illərdən bəri narahatlıq yaradan bir çox problemlər həll olunaraq aradan qaldırılmışdır. Rayondaxili və kəndarası yolların bərpa və təmiri sahəsində xeyli iş görülmüşdür. Rayondaxili yolların cari təmirinə 220 min manat, yolların saxlanılmasına isə 258 min manat xərclənmişdir.

Ötən il rayonda bir sıra obyektlər, o cümlədən rayon təhsil şöbəsi, qaz istismarı idarəsi, rayonlararası qaz tikinti idarəsi, subartezian quyularının istismarı idarəsi üçün inzibati binalar,veteranlar evi, Quzanlı uşaq bağçası istifadəyə verilmiş, bir neçə kənd ərazi nümayəndələrinin inzibati binaları, Heydər Əliyev muzeyi, Heydər Əliyev bulağı, Xındırıstan-Üçoğlan və İmamqulubəyli-Ayaq Qərvənd yolu təmir edilmişdir. Müasir standartlara cavab verən doğum evi və uşaq xəstəxanasının tikintisi və Quzanlı qəsəbə mədəniyyət evinin əsaslı təmiri davam etdirilir.

2010-cu il ərzində milli ornametlərlə rayonun əzəmətli giriş qapısı, qala kompleksi tikilmiş, qalaətrafı park salınmışdır. Soltanbud təpəsinin zirvəsində Azərbaycan Respublikasının bayrağı və yamacda ölkənin xəritəsi, təpənin ətəyində ağdamlı Azərbaycan Milli qəhrəmanlarının və şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi artıq rayon əhalisinin və qonaqların ziyarətgahına çevrilmişdir. Ağdam rayonunun inzibati mərkəzinə çevrilmiş Quzanlı qəsəbəsində Heydər Əliyev prospekti və akademik Zərifə Əliyeva adına küçə salınmış, qəsəbə müasir şəhərsalma və memarlıq qaydalarına uyğun şəkildə abadlaşdırılmışdır. "Ekologiya ili" kimi tarixə çevrilmiş 2010-cu il rayonun ekoloji həyatında fərəhli izlər qoymuşdur. Soltanbud təpəsinin yamaclarında 3000 ədəd şam ağacı əkilmiş, onlara qulluq məqsədi ilə 60 tonluq çən quraşdırılmış, 1500 metr su xətti çəkilmişdir. Qalaətrafı parkda, Heydər Əliyev prospektində, küçələrdə, idarə və müəssisələrin həyətlərində 30 mindən çox ağac və bəzək kolları əkilmişdir. Rayonda 5 hektarlıq sahədə yaradılmış tinglik təsərrüfatında 70 min ədəd ştil və 1000 ədəd meyvə ağacı əkilmişdir. Hər həftənin şənbə günü iməciliklər keçirilərək yaşıllıqlara qulluq göstərilir.

Rayonun 175 min nəfər əhalisinin 90 mini işğal altında olmayan ərazilərdə, 85 min nəfərə yaxını isə respublikanın 60-a yaxın müxtəlif şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır. Rayon icra hakimiyyətinin onlarla daimi əlaqəsi təmin edilmiş, son vaxtlarda isə bu iş daha da gücləndirilmişdir. Müxtəlif rayonlarda məcburi köçkünlərə ictimai əsaslarla iş aparan səlahiyyətli nümayəndələr rayon icra hakimiyyəti başçısının keçən il imzaladığı sərəncamla əməkhaqqı alan işçilərlə əvəzləndirilmiş, onların məsuliyyəti artırılmışdır. Səlahiyyətli nümayəndələr gördükləri iş barədə hər ay icra hakimiyyəti aparatına hesabat verirlər. Məcburi köçkünlərin ən çox məskunlaşdıqları Bakı, Sumqayıt, Mingəçevir, Yevlax şəhərlərində, Ağdaş, Beyləqan, Tərtər, İmişli, Ağcabədi və Hacıqabul rayonlarında keçirilən səyyar qəbullarda və görüşlərdə əhalini narahat edən problemlərin əksəriyyəti aşkar edilib aradan qaldırılmışdır. Keçən il rayon icra hakimiyyəti tərəfindən 1970 nəfər məcburi köçkün və aztəminatlı ailələrə daxili imkanlar hesabına ərzaq verilmiş, cəbhə fondundan 672 nəfərə pul yardımı edilmişdir. Əhalinin zəruri ehtiyacını nəzərə alaraq 14 ədəd dəmir mağar və çadır alınıb köçkün qəsəbələrinə verilmişdir.

Ötən il Ağdam Rayon İcra Hakimiyyəti başçısı və aparatın işçiləri tərəfindən 8487 nəfər vətəndaş qəbul edilmişdir. İcra hakimiyyəti aparatına il ərzində 2394 müraciət olunmuşdur. Ərizə, şikayət və müraciətlər aidiyyəti üzrə təhlil olunmuş, həlli istiqamətində lazımi tədbirlər görülmüşdür. Edilən müraciətlərin 816-sı ev tələbi ilə bağlı olmuşdur. Bu məsələnin həlli İcra Hakimiyyəti başçısı aparatının səlahiyyətlərinə aid olmadığına görə Qaçqınlar və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinə göndərilmişdir. Ümumiyyətlə, hesabat ilində 2009-cu ildəkinə nisbətən 491 ərizə və şikayət az daxil olmuşdur. Bu da rayonda son ildə əhali ilə müntəzəm keçirilən görüşlərin və mövcud problemlərin həllinə həssas yanaşmanın, bu sahədə aparılan səmərəli işin nəticəsidir. Rayon əhalisi görülən işlərə, göstərilən qayğıya lazımi qiymət verir. 2010-cu ildə 270 nəfər rayon sakini icra hakimiyyəti başçısının aparatına minnətdarlıq məktubu göndərmişdir.

Rayonda təhsil, səhiyyə, mədəniyyət və rabitə sahəsində böyük uğurlar qazanılmış, aqrar sahədə fərəh doğuran nəticələr əldə edilmişdir. Atəşkəsin tez-tez pozulduğu bu cəbhə bölgəsində rayon sakinləri tükənməz həvəslə çalışır, doğma yurdun hər qarışını cənnətə döndərməyə, halal zəhmətləri ilə bolluq, firavanlıq yaratmağa səy göstərirlər. Ağdamlıların əlləri işdə, tikib-qurmaqda olsa da, ürəklərindəki qisas istəyi öləzimir. Burada uşaq da, böyük də müharibənin hər an başlaya biləcəyini qeyri-adi bir soyuqqanlıqla gözləyirlər. İnsanlar silaha sarılıb müqəddəs savaşa atılacaqları günü səbirsizliklə gözləyirlər. Əhalidəki yüksək əhval-ruhiyə, doğma yurd yerlərinin işğaldan tezliklə azad ediləcəyinə inam rayonda yaranan sağlam mənəvi-psixoloji mühitin, hərbi-vətənpərvərlik tərbiyəsinə verilən böyük önəmin məntiqi nəticəsidir. Rayonun orta ümumtəhsil məktəblərində hərbi dərslərin tədrisinin keyfiyyəti son illər müqayisəolunmaz dərəcədə yaxşılaşmışdır. Hər il yuxarı sinif şagirdlərinin iştirakı ilə "Cəsurlar" və "Şahin" hərbi idman oyunları üzrə yarışlar təşkil olunur, aprel-may aylarında məktəblilərin hərbi-hazırlıq vəziyyətinə ictimai baxış keçirilir, məktəblərdə "Vətənin keşiyində", "Biz vətəni qoruyuruq" və başqa mövzularda rəsm və inşa yazı müsabiqələri aparılır. Vaxtaşırı şagirdlərin ərazidə yerləşən hərbi hissələrdə əsgərlərlə görüşləri təşkil olunur. Gənclər hərbi xidmətə bir qayda olaraq təntənəli mərasimlə yola salınırlar. İndi Ağdamda hərbi xidmətdən yayınan bir nəfər də olsun fərari yoxdur.

Yığıncaqda ötən ilin uğurlu yekunları ilə yanaşı, 2011-ci ildə qarşıda duran vəzifələr də geniş təhlil olundu, görülməsi zəruri olan işlər müəyyənləşdirildi. Qeyd edildi ki, başlanmış genişmiqyaslı tikinti, abadlıq-quruculuq işləri bundan sonra da davam etdiriləcək, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görüləcəkdir. Doğum evi və uşaq xəstəxanasının tikintisi, Quzanlı qəsəbə mədəniyyət evinin əsaslı təmiri başa çatdırılacaqdır. "Dörd yol" adlanan ərazidə qazmalarda, qamışdan və çiy kərpicdən tikilmiş daxmalarda ağır vəziyyətdə yaşayan 932 ailə üçün yeni qəsəbənin tikintisi istiqamətində tədbirlər görülür. Quzanlı-Xındırıstan yolunun asfaltlaşdırılması, 2011-ci ilin sonuna kimi rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təmin olunması nəzərdə tutulur. Çox sayda kənd məktəblərinin, uşaq bağçalarının tikintisi, bəzi kənd xəstəxanalarının əsaslı təmiri və müasir avadanlıqlarla təminatı da qarşıdakı vəzifələrdəndir. Rayonun işğal olunmayan ərazisinin 19 yaşayış məntəqəsi qoşunların təmas xəttinin 3 kilometrliyində yerləşir. Bu kəndlərdə bir sıra problemlər var. Həmin problemlərin həlli üçün Nazirlər Kabineti yanında Bərpa Mərkəzi tərəfindən xüsusi proqram hazılanır. Proqramda nəzərdə tutulan tədbirlərin icrası həmin ərazidə yaşayan əhalinin həyat enerjisinin yaxşılaşdırılmasına əhəmiyyətli təsir göstərəcəkdir.

Yığıncaqda YAP Ağdam rayon təşkilatının sədri İskəndər Quliyev, rayon təhsil şöbəsinin müdiri Elmira Şükürova, Qaradağlı kənd icra nümayəndəsi Arzuman Muradov, rayon maliyyə idarəsinin rəisi Elşad Əhmədov, Ağdam RİH başçısının müavini, rayon qadınlar şurasının sədri Arzu Rəhimova, Ağdam rayonu polis şöbəsinin rəisi Elçin Qasımov, rayon texniki peşə məktəbinin direktoru Fazil Ağayev, YAP Ağdam rayonu gənclər təşkilatının sədri Amil Cavadov, rayon subartezian quyuları istismarı idarəsinin rəisi Teyyub Nəcəfov çıxış etmişlər.

Milli Məclisin deputatları Bəxtiyar Sadıqov və Bəxtiyar Əliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rafil Hüseynov yığıncaqda çıxış edərək sosial-iqtisadi inkişaf sahəsində qazanılmış nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.

 

 

Lazım Quliyev

 

Azərbaycan.- 2011.- 9 fevral.- S. 2.