Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın rəsmi mövqeyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdən ibarətdir

 

Fevralın 8-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Fransa Senatının üzvləri Natali Qule və Andre Vilin başçılıq etdikləri nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Fransa arasında əməkdaşlığın inkişafı və regional məsələlər müzakirə olunmuşdur. Nazir Elmar Məmmədyarov bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirmişdir.

Senator N.Qule Azərbaycana səfərindən məmnunluğunu bildirərək, ölkədə sürətli iqtisadi inkişafın şahidi olduğunu demişdir. Fransalı senator iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir. N.Qule Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Fransanın rəsmi mövqeyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdən ibarət olduğunu vurğulamışdır.

E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflər arasında aparılan danışıqlar prosesi barədə qonaqlara ətraflı məlumat vermişdir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi edilmişdir.

 

 

Azərbaycan.- 2011.- 9 fevral.- S. 2.