Əhalinin sosial müdafiəsi və
məşğulluq strategiyası uğurla reallaşır
"Yeddi il ərzində Azərbaycanda
yoxsulluq 4-5 dəfə aşağı
düşmüşdür. Bu, bir daha göstərir ki, bizim
apardığımız islahatlar və iqtisadi artım ilk
növbədə Azərbaycan vətəndaşlarının
rifah halının yaxşılaşdırılmasına
yönəldilibdir. Onu da göstərir ki, Azərbaycanda
enerji sektorunda görülən işlər nəticəsində
ölkə xəzinəsinə daxil olunan vəsait ədalətli
bölünür və beləliklə, Azərbaycanda sosial ədalət
prinsipi həmişə yüksək səviyyədə tətbiq
olunur".
İlham ƏLİYEV
Bir çox hallarda müasir sivilizasiyalı vətəndaş cəmiyyəti haqqında elm kimi dəyərləndirilən sosial iqtisadiyyat tarix boyu hər bir belə toplumun fundamentində yer alan əsas bazislərdən biri kimi çıxış edərək insanların maddi rifah halının yüksəlişini özündə ehtiva etməklə yanaşı, onların potensialından sistemli şəkildə istifadə olunaraq ümumi iqtisadiyyatın, o cümlədən sosial sferanın dayanıqlı inkişafının təmin edilməsini şərtləndirən aparıcı amillər sırasında yer alır. Bu mənada təsadüfi deyil ki, sürətli tərəqqiyə can atan hər bir cəmiyyətin, dövlətin qarşısında duran ən əsas məqamlardan biri sosialyönümlü milli iqtisadiyyatın yaradılması, ədalət prinsiplərinə əsaslanan sosial quruluşa nail olunması, iqtisadi gəlirlər və maddi nemətlərin proporsional qaydada bölünməsini təmin etməkdir. Mövcud dünya təcrübəsi də sübut edir ki, sosial-əmək potensialından səmərəli istifadə, iqtisadi cəhətdən aktiv əhalinin işgüzar və yaradıcı təşəbbüskarlığının artırılmasına yönəlmiş əməli tədbirlər, əməyin sosial cəhətdən effektiv təşkili yüksək templərlə müşayiət olunan dinamik inkişafın, eləcə də cəmiyyətin sarsılmaz özüllər üzərində qurulmuş sabitliyinin əsas şərtlərindəndir.
İnkişafının keyfiyyətcə yeni və kifayət qədər sürətli mərhələsini yaşayan müasir Azərbaycanı xarakterizə edən əsas xüsusiyyətlərdən biri formalaşdırılmış möhkəm iqtisadi əsaslar fonunda əhalinin maddi rifah halının davamlı olaraq yüksəlməsi, ölkə vətəndaşlarının etibarlı sosial müdafiəsinin təşkilidir. Qloballaşma prosesinin geniş vüsət aldığı mövcud dönəmdə zamanın tələblərinə adekvat cavab verərək dünya iqtisadi sisteminə fəal inteqrasiya edən Azərbaycanın iqtisadiyyatında yaşanan yüksəlişin vətəndaşların həyatında da öz əksini tapması ölkəmizdə həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin yüksək səmərəliliyini və praktik nəticələrinin effektivliyini aydın şəkildə nümayiş etdirir. Sosial-iqtisadi tərəqqi prosesində qazanılan nailiyyətlərin miqyasının ildən-ilə genişlənməsi və dərinləşməsi əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bərabər, bu istiqamətdə mümkün zəruri tədbirlərin uğurla reallaşmasına da yeni imkanlar açır. Təsadüfi deyil ki, dövlətin iqtisadi əsaslarının davamlı olaraq möhkəmlənməsi şəraitində sosial-iqtisadi problemlərin həlli, o cümlədən işgüzar fəallığın yüksəldilməsi, qeyri-neft sektorunun inkişafı, yoxsulluğun azaldılması və bu kimi digər sahələrdə ölkəmizdə son illər ərzində möhtəşəm nailiyyətlərə imza atılmışdır.
O da birmənalı şəkildə qəbul edilmiş həqiqətdir ki, Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsindən sonra uğurlu sosial-iqtisadi inkişafının, eləcə də dövlətçilik bazasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Xalqının sosial rifah halının yüksəldilməsi ulu öndərin fəaliyyətinin əsas məqsədlərindən birini təşkil etmişdir. Ölkəmizin yeni tarixinə həlledici zaman kəsiyi kimi daxil olmuş 1993-2003-cü illərdə Azərbaycan ümummilli liderin titanik əməyi sayəsində sürətli və sabit sosial-iqtisadi inkişaf yoluna qədəm qoymaqla yanaşı, daxili əmin-amanlığına da qovuşmuş, özünü beynəlxalq hüququn müstəqil subyekti kimi təsdiqləməyi bacarmışdır. Məhz bütün bunların məntiqi nəticəsi olaraq çoxmilyardlı xarici investisiyanın ölkə iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən neft-qaz sektoruna gəlişi təmin edilmiş, sürətli tərəqqiyə xidmət edən islahatlar başlanmış, dövlətçiliyin əsasları tam şəkildə qurulmuşdur. Dövlət quruculuğu prosesinin ayrılmaz tərkib hissələrindən biri kimi çıxış edən güclü iqtisadiyyatın yaradılması hesabına xalqın sosial rifahının artırılması Heydər Əliyevin fəaliyyətində hər zaman mühüm əhəmiyyət daşımış, bu məsələnin praktik həlli sosialyönümlü iqtisadiyyatın formalaşdırılmasında əsas strategiya xətlərindən biri kimi müəyyən edilmişdir.
Ulu öndərin inkişaf strategiyasını yeni çalarlarla zənginləşdirərək zamanın çağırışlarına uyğun şəkildə böyük müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev tərəfindən yürüdülən, praqmatizmə söykənən rasional siyasət nəticəsində Azərbaycanın sosial-iqtisadi tərəqqisi daha intensiv xarakter daşımağa başlamış, bu kontekstdə ölkə vətəndaşlarının rifahı ildən-ilə nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasətin fərqləndirici xüsusiyyətləri bu sahədə sürətli inkişafa xidmət edən bütün istiqamətlər üzrə fəaliyyətin paralel şəkildə həyata keçirilməsi və əlaqələndirilmiş proqramlar üzrə aparılmasıdır. Bu zaman ənənəvi xarakter daşıyan yerli xüsusiyyətlərin gözlənilməsi ilə mütərəqqi dünya təcrübəsindən istifadə olunması, sosialyönümlülük prinsipinin, iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarının nəzərə alınması əsas şərtlər sırasında yer alır. Sabit, dinamik inkişaf məntiqinə əsaslanan bu siyasət həm də ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, təbii və iqtisadi potensialdan, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, əhalinin məşğulluğunun artırılmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına xidmət edir.
Ölkəmizdə həyata keçirilən çevik iqtisadi siyasətin dövlət büdcəsinə, onun gəlir və xərclərinin dinamikasına təsir göstərməsi fonunda sosial məqsədlər üçün ayrılan vəsaitlərin həcmi son illərdə davamlı şəkildə artmış, bunun nəticələri vətəndaşların pul və digər formada maddi gəlirlərindən tutmuş həyat şəraitinin yaxşılaşmasına qədər geniş bir spektrdə özünü qabarıq şəkildə büruzə vermişdir. Artıq tarixə çevrilmiş 2010-cu il də əhalinin sosial müdafiəsinin yüksək səviyyədə təşkili, iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliyi ilə sıx bağlı olan əmək yaradıcılığı üçün müvafiq şəraitin formalaşması, məşğulluğun yüksəldilməsi, rasional istehlak səviyyəsinə nail olunması baxımından zəngin olmuşdur.
Hələ də fəsadları tam aradan qalxmayan qlobal maliyyə-iqtisadi böhran ötən il ərzində dünyanın bir çox ölkələrində ümumi daxili məhsulun artım səviyyəsinin proqnozlaşdırılan həddə çatmasına imkan verməmiş, dünya iqtisadiyyatının inkişafına mane olmaqda davam etmişdir. Lakin sözügedən böhranın istər özünün zirvə nöqtəsinə çatdığı 2009-cu ildə, isətərsə də dünya iqtisadiyyatını gərginlikdə saxladığı ötən ildə Azərbaycanda ümumi daxili məhsulun yüksək artımı qeydə alınmışdır ki, bu da ölkəmizin inkişaf yolunun nümunəviliyini və effektivliyini dünya miqyasında sübuta yetirən ən mühüm hadisələrdən biri kimi dəyərləndirilir. Onu da xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan məhz qlobal böhranın pik dövründə iqtisadi sahədə keçid dövrünü başa vurmaq kimi möhtəşəm bir uğurun müəllifi kimi çıxış etmiş, həm iqtisadi, həm də siyasi anlamda regional güc mərkəzi kimi formalaşdığını bir daha sübuta yetirmişdir.
Beləliklə, əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də ölkəmizin hərtərəfli tərəqqi tempi uğurla davam etdirilmiş, sosial proqramların icrası işləri daha da intensiv xarakter almışdır. Dünyada maliyyə-iqtisadi böhranın təsirlərinin hökm sürdüyü ötən ildə respublikamızda Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanmış, bu sahədə müvafiq göstəricilərin yüksəlməsinə nail olunmuşdur. Ümumi daxili məhsulda 5 faiz, o cümlədən qeyri-neft sektorunda 7,6 faiz artım özünü göstərmiş, ölkənin strateji valyuta ehtiyatları 50 faiz artaraq 29,4 milyard dollara çatmışdır. 2010-cu ildə ölkə iqtisadiyyatına 15,5 milyard dollar vəsait qoyulmuşdur ki, bunun da 9,3 milyard dolları qeyri-neft sektorunun payına düşür.
Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, aparılan islahatlar və iqtisadi artım ilk növbədə Azərbaycan vətəndaşlarının maddi rifah halının yüksəlməsinə yönəlmişdir. Bunun növbəti təzahürü kimi Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində irəliyə doğru yeni addımlar atılmış, minimum əməkhaqqı və pensiyaların baza hissəsi 85 manata qaldırılmış, sosial müavinətlər, büdcə təşkilatlarında çalışanların əməkhaqları artırılmışdır. Ümumilikdə il ərzində əhalinin gəlirləri 12,3 faiz artmış, inflyasiya göstəricisi idarəolunan səviyyədə saxlanılaraq 5,7 faiz təşkil etmişdir ki, bu da olduqca vacib amil sayılır. Məlumdur ki, makroiqtisadi sabitliyin qorunub saxlanması ölkənin bütün dövlət xərclərinin davamlı və inflyasiya yaratmayan şəkildə idarə olunmasını tələb edir. İnflyasiyanın sürətli artımı yaşandıqda isə bu, ilk növbədə əhalinin azgəlirli, yoxsul hesab edilən təbəqəsinə daha böyük zərər vurur, bəzi hallarda isə yoxsulluq səviyyəsinin yüksəldilməsi təhlükəsini yaradır. Bu mənada davamlı iqtisadi artım, dövlət büdcəsinin gəlir və xərclərinin səmərəli idarə edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Ölkəmizdə bu səmərəlilik prinsipinin daim gözlənilməsi, aparılan uğurlu iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyin qorunub saxlanması, xarici iqtisadi mövqenin güclənməsi və kənar təsirlərə qarşı effektiv müdafiə, eləcə də yaradılan yeni iş yerləri əhalinin gəlirlərinin artırılmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Bu zaman inflyasiyanın idarəolunan həddə saxlanması və əhalinin gəlirləri ilə müqayisədə daha aşağı göstəricilərlə ifadə edilməsi ümumilikdə həyat səviyyəsinin yüksəlməsinə, əhalinin gəlirlərinin daha effektli xərclənməsinə əlverişli şərait yaradır.
Ölkəmizdə işsizlik probleminin həlli istiqamətində qazanılmış nailiyyətlərin miqyası son illərdə nəzərəçarpacaq dərəcədə genişlənmiş, ümumi iqtisadi inkişaf bu məsələnin çözümünə böyük töhfələr vermişdir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2004-cü ilin fevralından ötən ilin sonlarına kimi ölkəmizdə 900 mindən çox yeni iş yerləri açılmışdır və bu, sözügedən problemin ölkəmizdə əsasən öz həllini tapdığını qətiyyətlə deməyə əsas verir. Ötən il ərzində isə yeni açılan iş yerlərinin sayı 70 mini ötmüşdür ki, onların da 53 mini daimidir.
Bu davamlı tərəqqi nəticə etibarilə ölkədə yoxsulluq səviyyəsinin azalaraq 9,1 faizə enməsinə səbəb olmuşdur. Yeddi il bundan əvvəl mövcud olmuş 49 faizlik yoxsulluğun göstərilən həddə qədər azaldılması iqtisadiyyatın uğurlu diversifikasiyası, enerji gəlirlərinin səmərəli istifadə olunması, sahibkarlığın inkişafına yaradılan şərait, qeyri-neft sektorunun dirçəlməsinə, regionların inkişafına xidmət edən dövlət proqramlarının uğurla reallaşdırılması və bu qəbildən olan digər addımlar sayəsində mümkün olmuşdur. Yoxsul əhalinin müvafiq iş yerlərinə və istehsal vasitələrinə çıxış imkanlarının yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi, məşğulluğun artırılmasına istiqamətlənmiş addımlar insanların gəlir əldə etmək imkanlarının genişlənməsində mühüm rol oynamışdır. Bundan başqa, əmək bazarının təkmilləşdirilməsi, əmək münasibətlərinin, o cümlədən əməkhaqlarının tənzimlənməsi, həssas əhali qruplarının məşğulluğunun inkişaf etdirilməsi yoxsulluq probleminin çözümündə böyük əhəmiyyətə malik olmuşdur. Ölkəmizdə düşünülmüş məşğulluq strategiyasının, uğurlu sosial siyasətin, habelə yeni iş yerlərinin açılması istiqamətində həyata keçirilən siyasətin, əhalinin pul gəlirlərinin artım dinamikasının davam etməsi qarşıdakı dövr ərzində yoxsulluq səviyyəsinin daha da azalmasına gətirib çıxaracaq.
Xatırlatmaq yerinə düşərdi ki, 2008-ci il sentyabrın 15-də Prezident İlham Əliyev tərəfindən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" təsdiq olunmuşdur. Sözügedən proqram makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi, əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azalmasına nail olunması, səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması kimi məsələləri əhatə edir. Eyni zamanda, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin sistemli şəkildə davam etdirilməsi, təhsil və səhiyyə sahəsində əsas xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onları əldə etmək üçün bərabər imkanların yaradılması, sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və digər bu kimi strateji məqsədləri özündə ehtiva edir.
Mövcud dövlət sosial siyasətinin əsas istiqamətləri sırasında vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarının təmin edilməsi, aztəminatlı vətəndaşların, o cümlədən əlillərin sosial müdafiəsinin təşkil edilməsi, sosial yardım sistemində ünvanlılıq prinsiplərinin gücləndirilməsi və cəmiyyətdə mövcud olan sosial münasibətlərin tənzimlənməsi mühüm yer tutur. Əhalinin sosial müdafiəsinə yönəlmiş tədbirlərin icrasında əsas vasitəçi orqan kimi çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizin ümumi iqtisadi inkişaf dinamikasına uyğun olaraq, möhtərəm Prezident tərəfindən qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində fəaliyyətini ötən il ərzində də uğurla davam etdirmişdir. Artıq 5 ilə yaxındır ki, yoxsul ailələrin rifahında mühüm rol oynayan ünvanlı dövlət sosial yardımı proqramı 2010-cu ildə də ölkə rəhbərinin əhaliyə olan diqqət və qayğısı kimi həyata keçirilir. Xatırlatmaq yerinə düşərdi ki, Prezident İlham Əliyev aztəminatlı əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə 21 oktyabr 2005-ci il tarixdə "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunu təsdiqləmiş, 2006-cı ilin ortalarından etibarən respublikamızda ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqinə başlanılmışdır. Belə yardımların verilməsi insanların aztəminatlı təbəqəsinin maddi rifah halının yüksəlməsində mühüm rol oynayır.
Ötən ilin sonuna olan məlumata əsasən, ünvanlı yardım alanların sayı 122 781 ailə, hər ailəyə ödənilən yardımın orta aylıq məbləği isə 108,54 manat olmuşdur. Ünvanlı sosial yardım təyin olunan ailələrdən 48 675 mini tərkibində 3 və daha çox uşaq olan ailələrdir ki, bu da yardım alanların 39,6 faizini təşkil edir. O da mühüm faktdır ki, ünvanlı sosial yardım təyin olunan ailələrdən 95,8 faizi vəsaiti plastik kart vasitəsilə alır. Ötən il ərzində də yardımların təyinatı işlərində ünvanlılıq, şəffaflıq, bərabərlik və ədalətlilik prinsiplərinin təminatına ciddi nəzarət göstərilmişdir.
2010-cu ildə əvvəlki illə müqayisədə orta hesabla 899 nəfər və ya 0,2 faiz çox vətəndaşa, yəni orta hesabla 397 388 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunaraq ödənilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin "Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 8 sentyabr 2010-cu il tarixli Fərmanına əsasən, ölkəmizdə 340 405 nəfərin aylıq və birdəfəlik sosial müavinətlərinin məbləği 1 sentyabr 2010-cu il tarixdən orta hesabla 12 faiz artmışdır. Ümumiyyətlə, görülən tədbirlər nəticəsində sosial müavinətlərin orta aylıq məbləği 2006-cı illə müqayisədə 2,2 dəfə artaraq 46,2 manata çatmışdır.
Bu gün vacib məsələlərdən biri də sosial müavinətlər sistemində islahatların aparılmasıdır. Bunun üçün hazırda mövcud olan sosial müavinət növləri yenidən nəzərdən keçirilməli, məqsədəuyğun olduğu halda həmin müavinət növlərində müəyyən ixtisarlar aparılmalı, nəticə etibarı ilə dövlət qayğısına həqiqətən ehtiyac duyan, sosial cəhətdən həssas və zəif əhali qruplarına daha yüksək məbləğdə müavinətlərin ödənilməsi prosesinə başlanılmalıdır.
Bununla yanaşı, yoxsul ailələrin sosial reabilitasiyası, onlar üçün özünütəminetmə imkanlarının yaradılması əsas hədəflərdən biridir. Belə ki, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, nazirlik tərəfindən "Azərbaycan Respublikasında aztəminatlı ailələrin sosial reabilitasiyası üzrə Dövlət Proqramı" layihəsinin hazırlanması prosesi, həmçinin layihə ilə bağlı seçilmiş pilot rayonlarda sınaq işləri ötən il də davam etdirilmişdir.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailə üzvlərinin və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına ölkə rəhbəri tərəfindən davamlı olaraq diqqət və qayğı göstərilir. Bu qayğının təzahürü kimi həmin insanlar üçün yeni mənzil tikintisi ilbəil sürətlənir. Möhtərəm Prezident tərəfindən qarşıya qoyulan tapşırığın icrası olaraq mənzillərin inşasında müsbət dinamika saxlanılmaqla, nəzərdə tutulan layihələr yüksək keyfiyyətlə həyata keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2008-cı ildə əvvəlki illə müqayisədə 2,3 dəfə çox, yəni 396 mənzil əlil və şəhid ailələrinə təqdim olunmuşdusa, 2009-cu ildə həmin təbəqələrdən olanlar üçün bundan təxminən iki dəfə artıq, yəni 707 mənzilin inşası başa çatdırılmışdır. Mənzillərin inşasında müsbət dinamikanın qorunub saxlanması və nəticədə növbədə olan əlil və şəhid ailələrinin yeni müasir mənzillərlə təminatının tam başa çatdırılması, aparılan işlərin gücləndirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin şəxsi tapşırığına uyğun olaraq, ötən ildə də bu sahədə fəaliyyət uğurla davam etdirilmiş, yüzlərlə mənzil əlil və şəhid ailələrinə verilmişdir. 2010-cu ildə tikinti planı üzrə 715 mənzil inşa olunmuşdur ki, nəticədə bu vaxtadək dövlət hesabına mənzillə təmin olunmuş əlil və şəhid ailələrinin sayı 3600-ü ötmüşdür.
Eyni zamanda, əlillərin minik avtomobilləri ilə təminatı işləri davam etdirilmiş, 1998-ci ildən bəri 2940 "Oka" və "Slavuta" markalı minik avtomobili müvafiq kateqoriyalardan olan əlillərə təqdim edilmişdir. 2009-cu ildən isə bu sahədə irəliləyişə nail olunmuş, keyfiyyəti və rahatlığı ilə daha üstün olan "Slavuta" markalı avtomobillər əlillərə təqdim olunmaq üçün respublikaya gətirilmişdir. Bu avtomobillərin 352-si məhz 2010-cu ildə gətirilərək Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə paylanmışdır. Cari ildə də əlillər üçün avtomaşınların gətirilməsi planlaşdırılır. Mənzillərin və avtomobillərin təqdimat mərasimlərində Prezident İlham Əliyevin dəfələrlə şəxsən iştirak etməsi bu qəbildən olan insanlara yüksək səviyyədə qayğı və diqqətin real nümunəsidir.
Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər zaman ictimai birliklərlə, müxtəlif əlil cəmiyyətləri ilə yaxından əməkdaşlıq etmişdir. Bu ictimai birliklər mənzillərin, avtomobillərin paylanması zamanı şəffaflığın təminatında xüsusi rol oynayır, müvafiq komissiyanın işində fəal iştirak edirlər.
Son illər müxtəlif bölgələrdə yeni tibb müəssisələrinin istifadəyə verilməsi, səhiyyə xidmətlərinin təkmilləşməsi, eyni zamanda, tibbi-sosial ekspertiza xidmətinə nəzarətin güclənməsi əlillərin reabilitasiya göstəricilərinin artmasına səbəb olmuşdur. Ötən il ərzində əlillərin tam reabilitasiyası 6,0 faizə yüksəlmişdir. Son illərdə əlilliyin artım faizi demək olar ki, sıfra enmişdir. Qeyd edək ki, əlillərin problemlərinə kompleks yanaşmanı təmin etmək məqsədi ilə respublika üzrə lazımi məlumatları özündə əks etdirən vahid məlumat bazasının yaradılması işləri davam etdirilir. Bu məqsədlə hazırlanmış sorğu anketi xüsusi proqram təminatı əsasında şəbəkəyə qoşulmuşdur. İndiyədək bazada 101 min nəfərə yaxın əlil haqqında məlumat toplanmışdır. Bu sahədə işlərin sürətlənməsi, məlumat bazasında hər bir əlil haqqında kifayət qədər dolğun məlumatların öz əksini tapması istiqamətində müvafiq tədbirlər həyata keçrilir. Bütün bu tədbirlərlə paralel olaraq aktiv sosial müdafiə tədbirlərinə də önəm verilir. 2010-cu ildə Dövlət Məşğulluq Xidməti tərəfindən əvvəlki illə müqayisədə 3,6 faiz çox, yəni 29 399 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunmuş, 3921 nəfər vətəndaş müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilmişdir.
Əldə olunmuş nailiyyətlər sırasında Dünya Bankı ilə birgə həyata keçirilən "Sosial müdafiənin inkişafı" layihəsini xüsusi qeyd etmək yerinə düşərdi. Layihə çərçivəsində əmək bazarının gücləndirilməsi komponenti üzrə modul tipli təlim proqramlarının hazırlanması, ölkədə 200 peşə və müvafiq təlim standartının, o cümlədən, peşə standartları mərkəzinin yaradılması üçün təkliflər hazırlanır. Bu isə əmək bazarında iqtisadi inkişafa uyğun olaraq beynəlxalq tələblər səviyyəsində ixtisaslı kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, Dövlət Əmək Müfəttişliyinin potensialının artırılması istiqamətləri üzrə işə başlanılmış və 3 illik strateji fəaliyyət planı hazırlanmışdır.
Ötən il ərzində sosial infrastrukturun yaradılmasında da böyük işlər görülmüş, 40-dan çox tibb müəssisəsi, 70-dən çox məktəb tikilmiş, təmir edilmiş, 5 olimpiya mərkəzi inşa olunmuşdur. Eyni zamanda, dövlət strukturlarında çalışanların iş şəraitinin yaxşılaşdırılması sahəsində də mühüm addımlar atılır. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasında müasir tələblərə uyğun normal iş şəraiti, lazımi avadanlıqlarla təchiz olunmuş iş otaqları yaradılmışdır və bu, görülən işlərin daha effektiv təşkilinə imkan verir.
Göstərilən etimadın doğrulması və Prezident İlham Əliyevin qarşıya qoyduğu məsələlərə daha diqqətlə və məsuliyyət hissi ilə yanaşılması, ortaya çıxan problemlərin operativ həll olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi diqqət mərkəzində qalmaqda davam edir. Bu kontekstdə ötən il vəzifələrinin icrası zamanı yol verdikləri nöqsanlara görə 6 nəfər işdən çıxarılmış, 116 nəfərə töhmət verilmiş, 34 nəfərə xəbərdarlıq olunmuş, 1 nəfərlə bağlı fəaliyyətində qanun pozuntusu aşkar edildiyindən hüquq-mühafizə orqanlarına müraciət olunmuşdur. Daha 2 nəfər isə 2011-ci ildə vəzifəsindən azad edilmişdir. Həvalə edilən vəzifənin öhdəsindən layiqincə gələ bilməyən əməkdaşlara qarşı bundan sonra daha ciddi tədbirlər görülməkdə davam edəcək.
Əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi, vətəndaş müraciətlərinə həssas və qayğıkeş münasibət göstərilməsi nazirliyin fəaliyyətində prioritet əhəmiyyət daşıyır. Bu günlərdə keçirilən kollegiya iclasında da ötən il ərzində nazirlik tərəfindən görülən işlər, əldə olunan nailiyyətlər, qarşıda duran vəzifələr geniş təhlil olunmaqla, eyni zamanda, vətəndaşlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsinin qarşıda duran əsas vəzifələrdən biri olduğu vurğulanmışdır.
Kollegiya iclasından sonra nazirliyin Aparat işçilərinin, idarə rəislərinin iştirakı ilə keçirilən toplantıda ölkəmizdə korrupsiyaya qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlərin həyata keçirildiyi qeyd olunmuş, rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərində (ƏSMM), eləcə də nazirliyin digər yerli strukturlarında hüquqpozmalara şərait yaradan halların aradan qaldırılması, nizam-intizamın möhkəmləndirilməsi, vətəndaşların qəbulu işinin təkmilləşdirilməsi və onların müraciətlərinin vaxtlı-vaxtında, operativ araşdırılması, sorğuların dolğun şəkildə cavablandırılması, hüquqi maarifləndirmənin genişləndirilməsi və digər işlərlə bağlı konkret tapşırıqlar verilmişdir.
Vətəndaş
müraciətlərinin daha operativ cavablandırılması
ilə bağlı olaraq nazirlikdə müasir elektron nailiyyətlərdən
istifadə imkanları da mövcuddur. Belə ki, nazirliyin
informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində
potensialının artırılması istiqamətində
görülən işlərin effektiv nəticələrindən
biri kimi yerli strukturlarla birbaşa videoəlaqəni təmin edən
VC sistemi yaradılmışdır. Bu sistem
videokonfransların, distant təlimlərin təşkili ilə
bərabər, distant qəbul prosesinin keçirilməsinə
də imkan verir. Yeni sistem nazirliyin daim təmasda olduğu həssas
əhali üçün xüsusilə əhəmiyyətlidir.
Yəni regionlarda yaşayan vətəndaşların
nazirliyin məsul şəxslərinin qəbuluna düşmək
üçün zəhmət və həm də nəqliyyat
xərci çəkərək, uzaq məsafə qət edərək
Bakı şəhərinə gəlməsinə artıq
ehtiyac qalmır. Onlar
regional mərkəzə gələrək həmin sistem vasitəsilə
qəbul prosesinə nail olurlar. Hazırda Gəncə
və Göyçay rayon ƏSMM-lərində videokonfrans
sistemi vardır və cari ildə daha 33 regional mərkəzdə
bu sistemin quraşdırılması nəzərdə tutulur.
Bir qədər bundan öncə
- 4 fevral 2011-ci il tarixdə həmin
videokonfrans zalından Gəncə Şəhər Əhalinin
Sosial Müdafiə Mərkəzi ilə birbaşa canlı
bağlantı yaradıldı. Videobağlantı
vasitəsilə biz Gəncə Şəhər Əhalinin
Sosial Müdafiə Mərkəzinə, eləcə də
nazirliyin ölkənin digər qərb rayonlarındakı
strukturlarına müraciət edən vətəndaşlarla
ünsiyyət qurduq, göstərilən xidmətin keyfiyyəti
ilə bağlı onların rəylərini öyrəndik.
Biz həmçinin bölgə sakinlərinin fəaliyyət
dairəmizə aid olan məsələlərlə
bağlı müraciətlərini dinləyərək, bu məsələlərin
qanunvericiliyin tələblərinə uyğun şəkildə
və operativ həlli ilə əlaqədar müvafiq struktur rəhbərlərinə
ciddi tapşırıqlar verdik, bundan sonra da əhali tərəfindən
daxil olan müraciətlərə məsuliyyətlə, sosial
ədalət prinsipinə ciddi riayət olunmaqla
yanaşılmasını tapşırdıq. Bu
kimi tədbirlər gələcəkdə digər rayon (şəhər)
ƏSMM-ləri ilə də davam etdiriləcək.
Eyni zamanda, biz əhaliyə
göstərilən xidmətin vəziyyəti ilə yerindəcə
Hazırda
dinamik inkişaf tempini davam etdirən və iqtisadi sahədə
keçid dövrünü uğurla başa vuran Azərbaycanın
qarşısında yeni mühüm vəzifələr və
hədəflər durur. Prezident İlham Əliyev bununla əlaqədar
demişdir: "Azərbaycanda iqtisadi sahədə keçid
dövrü artıq başa çatmışdır. Biz inkişaf etmiş ölkələrin
sırasına daxil olmalıyıq və qarşımıza
bu məqsəd qoyulubdur. Biz bu məqsədə
çatacağıq".
Sürətli
tərəqqi nəticəsində yaradılmış
sosial-iqtisadi bazis, ölkəmizin malik olduğu mövcud
potensial Azərbaycanın inkişaf etməkdə olan ölkələr
sırasından inkişaf etmiş dövlətlər
kateqoriyasına daxil edilməsinə lazımi imkanlar verir. Bu istiqamətdə həyata
keçirilən məqsədyönlü siyasət Azərbaycanda
insan kapitalının inkişafına, dövlət büdcəsindən
sosial sahələrə ayrılan maliyyə vəsaitlərinin
davamlı artımına, sosial infrastrukturun inkişafına,
yoxsulluq səviyyəsinin azaldılmasına və
işsizliyin minimuma endirilməsinə, nəticə etibarı
ilə əhalinin həyat səviyyəsinin davamlı olaraq
yüksəldilməsinə gətirib çıxarır.
Bütün
bunlar bir daha təsdiq edir ki, ölkəmizdə insanların
yaşayış səviyyəsi daim yüksələn xətt
üzrə inkişaf etməkdə, sosial proqramlar uğurla
icra olunmaqda, görülən digər tədbirlər sayəsində
vətəndaşların rifah halı davamlı şəkildə
yüksəlməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi
altında müvəffəqiyyətlə həyata keçirilən,
uzaqgörən, praqmatik və rasional əsaslara söykənən,
hər zaman böyük uğurların qazanılmasına yol
açan siyasət 2011-ci il də daxil
olmaqla, qarşıdakı dövr ərzində qazanılan
nailiyyətlərin daha da artmasına, Azərbaycanın
yüksək inkişaf etmiş ölkələr
sırasına daxil olmasına və yuxarı gəlirli
ölkələr sırasında yer almasına gətirib
çıxaracaq.
Fizuli ƏLƏKBƏROV,
Azərbaycan Respublikasının
əmək və əhalinin sosial müdafiəsi naziri
Azərbaycan.- 2011.- 9 fevral.- S. 3.