Nərimanov rayonu sosial-iqtisadi
inkişafın keyfiyyətcə yeni mərhələsinə
qədəm qoyur
Fevralın 8-də Bakının Nərimanov rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncağı açan rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev sosial-iqtisadi inkişafı təmin edən ayrı-ayrı sahələr üzrə 2010-cu ildə görülmüş işlərdən, həyata keçirilmiş tədbirlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.
Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülmüşdür. 2010-cu ilin yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş və 307,3 milyon manatlıq məhsul istehsal olunmuşdur. 2010-cu il ərzində bu rayonda Prezident İlham Əliyevin tapşırığı və bilavasitə nəzarəti altında çox mühüm iri sosial və digər infrastruktur layihələri həyata keçirilmişdir. Ötən il cənab Prezident 6 dəfə Nərimanov rayonunda olaraq bu obyektlərin rəsmi açılışlarında şəxsən iştirak etmişdir.
Nərimanov RİH başçısının sözlərinə görə, hazırda rayon ərazisində Qafqazda analoqu olmayan, ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəz inşa edilir. Ötən il sentyabr ayının 9-da ölkə Prezidenti tikilməkdə olan Heydər Əliyev Mərkəzinə gəlmiş, ərazini gəzərək aparılan tikinti-quraşdırma işlərinin gedişi ilə yaxından tanış olmuş, layihəyə uyğun görülən işlərdən razılığını bildirərək tikintinin davam etdirilməsi və başa çatdırılması ilə bağlı göstəriş və tapşırıqlarını vermişdir.
Hazırda rayonda iri infrastruktur layihələrin həyata keçirilməsi işləri uğurla davam etdirilir. Gənclik meydanında yeraltı yolötürücünün və yeraltı avtomobil dayanacağının inşa edilməsi, "Gənclik" metro stansiyasının ətrafında yerləşən binaların fasadlarının milli memarlıq üslubunda yenidən qurulması, Vaqif prospektinin genişləndirilməsi, şəhərin baş planına uyğun digər layihələrin həyata keçirilməsi buna əyani sübutdur.
Abdin Fərzəliyev diqqətə çatdırmışdır ki, ötən il Nərimanov rayonunda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə müstəsna əhəmiyyət kəsb edən mühüm sosial layihələr həyata keçirilmişdir. Fond tərəfindən tikilib istifadəyə verilmiş rayonun ən müasir, nümunəvi təlim-tərbiyə müəssisəsi kimi 2008-ci ildən fəaliyyət göstərən Zərifə Əliyeva adına uşaq bağçasına müraciət edənlərin sayının həddindən artıq çox olması bağçanın genişləndirilməsi zərurətini yaratmışdır. Bu zərurəti nəzərə alan Heydər Əliyev Fondu bağçada əlavə korpusun tikintisinə başlamış və bu ilin may ayında istifadəyə verilməsini nəzərdə tutmuşdur. Bundan əlavə, Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə A.M.Cümə küçəsində nümunəvi abadlıq işləri aparılaraq park yaradılmış, keçən ilin sentyabr ayında sakinlərin istifadəsinə verilmişdir. Fond tərəfindən rayonda indiyə qədər uğurla həyata keçirilən bu və ya digər layihələr Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Nərimanov rayonuna göstərdiyi diqqət və qayğının nəticəsidir.
Prezident İlham Əliyevin 2010-cu ili "Ekologiya İli" elan etməsi ilə bağlı Nərimanov rayonunda da mühüm işlər görülmüşdür. Abdin Fərzəliyevin bildirdiyinə görə, rayonun küçə və prospektlərinin ətraflarında, məhəllədaxili ərazilərdə, park və yaşıllıq zolaqlarında 6 mindən çox ağac, 18 mindən çox dekorativ kol və gül bitkiləri əkilmiş, mövcud yaşıllıqlara il boyu yüksək səviyyədə aqrotexniki qulluq göstərilmişdir. Bu işlərin davamı olaraq A.M.Cümə küçəsində ayrılmış 7 hektar ərazidə nümunəvi yaşıllıq zolağı salınmışdır.
2010-cu ildə Nərimanov RİH rəhbərliyinin yerlərdə 27 səyyar qəbulu və görüşü təşkil olunmuşdur. Keçirilmiş 27 səyyar görüş və qəbullarda 1480 nəfər vətəndaş iştirak etmişdir. Bu görüş və qəbullar zamanı edilən 172 müraciətdən 161-i həll edilmiş, 11-i isə nəzarətə götürülmüşdür. Görüş və qəbullarda vətəndaşların müraciətləri ilə bağlı rayon icra hakimiyyəti başçısı Aparatının aidiyyəti şöbələrinin və rayon idarələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş və onların icrasına ciddi nəzarət edilmişdir.
Abdin Fərzəliyev qeyd etmişdir ki, Nərimanov rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində 2010-cu il ərzində mühüm işlər görülmüşdür. Lakin inkişaf etməkdə olan rayonun daha da abadlaşdırılması, quruculuq işlərinin davam etdirilməsi, rayon sakinlərinin daha rahat yaşamaları, çalışmaları və istirahətləri üçün qarşıda daha mühüm və ciddi vəzifələr durur. "Bu vəzifələrin yerinə yetirilməsi, Prezident İlham Əliyevin müəyyən etdiyi kursun inamla davam etdirilməsi üçün bundan sonra da var gücümüzlə işləyəcəyik, Nərimanov rayonunun sosial-iqtisadi inkişafının təmin olunması üçün lazım olan bütün tədbirləri həyata keçirəcəyik", - deyə Abdin Fərzəliyev çıxışının yekununda bildirmişdir.
Yığıncaqda Zərifə Əliyeva adına uşaq bağçasının müdiri Sevinc Mustafayeva, Nərimanov Rayon Polis İdarəsinin rəisi Muradəli Babayev, MKT İstehsalat Kommersiya MMC-nin departament rəisinin müavini Səbuhi Mustafayev, respublika Uşaq Stomatoloji Mərkəzinin baş həkimi Rafael Sultanov, Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Qoşqar Məmmədov təmsil etdikləri sahələrdə görülən işlər barədə çıxış etmişlər.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev bildirmişdir ki, dünyada qlobal böhranın hələ davam etməsinə baxmayaraq, 2010-cu il ölkəmizdə bütün sahələrin inkişafı ilə yadda qalmış, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişafın növbəti uğurlu mərhələsi olmuşdur. Respublika Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində əldə olunmuş nailiyyətlər Azərbaycanı həm siyasi, həm də iqtisadi cəhətdən gücləndirmiş, beynəlxalq nüfuzunu daha da artırmışdır. Düşünülmüş siyasət və düzgün atılmış addımlar nəticəsində ötən il ölkəmizdə ümumi daxili məhsul istehsalı 5 faiz artmış, Dünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatın rəqabət qabiliyyətinə görə MDB məkanında birinci yerə layiq görmüşdür. Makroiqtisadi sabitlik, həyata keçirilən iri infrastruktur layihələri 2010-cu ildə də Azərbaycana böyük investisiya qoyuluşunu təmin etmişdir. Ötən il respublikamızın valyuta ehtiyatları 29 milyard dollara çatmışdır. Bu da imkan verir ki, gələcəkdə ölkəmizin davamlı inkişafı təmin edilsin və heç bir kənar yardıma ehtiyac qalmasın. Ötən il keçirilən parlament seçkiləri yaddaqalan siyasi hadisələrdən biri olmuşdur. Seçkilərin nəticəsi xalqla iqtidar arasında sıx birliyin və qarşılıqlı etimadın olduğunu bir daha göstərmiş, son 7 ildə Prezident İlham Əliyevin uğurlu siyasətinə, ölkədəki mövcud inkişaf və tərəqqiyə verilən qiymətin bariz nümunəsi olmuşdur. Ötən il ölkə başçısının tapşırıqlarına əsasən vətəndaşları narahat edən məsələlərə diqqət daha da artırılmış, onların müraciətlərinə baxılması işi yaxşılaşdırılmışdır. Bununla belə, Tağı Tağıyev yerlərdə vətəndaşların qəbullarında, onların qaldırdıqları məsələlərin həllində bəzən süründürməçiliyə yol verildiyini, neqativ halların mövcudluğunu da qeyd etmişdir. Onun sözlərinə görə, belə halların qarşısı alınmalı, ciddi tədbirlər görülməlidir. Hər bir məmur başa düşməlidir ki, neqativ faktlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən böyük quruculuq işlərinə kölgə salır.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov bildirmişdir ki, 2010-cu il, bütövlükdə XXI əsrin arxada qalan ilk on ili Azərbaycan üçün kifayət qədər böyük nailiyyətlərlə əlamətdar olmuşdur. Bu illər ərzində həyatımızın bütün sahələrində, iqtisadiyyatda, sosial sferada böyük uğurlar qazanılmışdır. Bu nailiyyətlərin böyüklüyü onda özünü göstərir ki, dünyanı cənginə alan beynəlxalq maliyyə və iqtisadi böhran Azərbaycana təsir göstərə bilmədi. Hətta iqtisadi baxımdan inkişaf etmiş dövlətlərdə ciddi sıxıntıların olmasına baxmayaraq, Azərbaycan bu illərdə öz inkişafını davam etdirə bildi. Təbii ki, dünyada baş verən proseslər bu və ya digər dərəcədə Azərbaycana da təsirsiz ötüşmür. Buna baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında müəyyənləşdirilən və həyata keçirilən siyasət Azərbaycanı və vətəndaşlarımızı dünyanın hiss etdiyi ciddi sıxıntılardan əhəmiyyətli dərəcədə qorudu. Bizim nə iqtisadiyyatımız gerilədi, nə də insanların rifahında hər hansı çətinlik yaşandı.
Əli Əhmədovun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz müasirləşir, həyatımız daha da yaxşılaşır. Yola saldığımız hər il əvvəlkindən yaxşı olur. Bu da, təbii ki, insanlarımızda optimist hissləri formalaşdırır, vətəndaşlarımız gələcəyə böyük inamla addımlayırlar. Hesab edirəm ki, bu, ölkəmizdə əldə edilən nailiyyətlər sırasında diqqəti cəlb edən məqamlardan biridir.
Əli Əhmədov bildirmişdir ki, 2010-cu il Nərimanov rayonu üçün də böyük uğurlarla yadda qalıb. İstər iqtisadi sahədə, istərsə də sosial sahədə rayonda yüksək göstəricilər əldə edilib. Bu inkişafın nəticəsi olaraq Nərimanov rayonunun da siması çox sürətlə dəyişib, gözəlləşib. Yaşadığımız bu rayonla qürur duymağa dəyər. İndi Nərimanov rayonu Bakı şəhərinin ən gözəl məkanlarından biridir. Təbii ki, bütün bunların hamısı həyatımızın məzmununu dəyişir, yaşamaq daha maraqlı olur. Azərbaycanda həyata keçirilən siyasətin sosial mahiyyəti özünü əsas etibarilə onda göstərir ki, ölkəmizdə baş verən dəyişikliklər, əldə olunan yeniliklər insana xidmət edir, vətəndaşların həyatını yaxşılaşdırır.
Bu inkişaf Azərbaycanı uğurlu gələcəyə aparır. Bizim hər birimiz bu inkişafın, bu gələcəyə ünvanlanmış irəliləyişlərin fəal iştirakçıları olmağımızdan məmnunuq. Bununla yanaşı, hər birimizin qarşısında böyük vəzifələr durur. Bu vəzifələrdən biri əhaliyə xidmət sahələrində və strukturlarında ciddi islahatların həyata keçirilməsidir. Əhəmiyyətli vəzifələrdən biri xırda və orta sahibkarlığa dəstəyin, gənclərlə işin gücləndirilməsidir. Əli Əhmədov əmin olduğunu bildirmişdir ki, növbəti illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlar qazanacaq, ölkəmizin qüdrəti daha da artacaq və işğal altında olan torpaqlarımızı azad edəcəyik.
Yığıncağın sonunda Nərimanov rayonu üzrə ictimai, təhsil, xidmət, istehsalat, idman, gənclər siyasəti və hüquq-mühafizə sahələrində fərqlənən şəxslərə rayon icra hakimiyyətinin fəxri diplom və mükafatları təqdim olunmuşdur.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2011.-9 fevral.- S. 4.