MDB və Şərqi Avropa
dövlətləri ilə müqayisədə Azərbaycanda
cinayətkarlığın səviyyəsi çox
aşağıdır
Daxili işlər naziri general-polkovnik Ramil Usubov fevralın 8-də Niderland Krallığının ölkəmizdəki səfiri Arjen Peter Uijterlinde ilə görüşmüşdür.
DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, R.Usubov qonağa nazirliyin funksiyası və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat vermiş, ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızda gərgin ictimai-siyasi vəziyyətin yarandığını, Ermənistanın hərbi təcavüzü nəticəsində kriminogen durumun daha da ağırlaşdığını, vətəndaş müharibəsi astanasında olan Azərbaycanın bu fəlakətdən ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və gördüyü qətiyyətli tədbirləri sayəsində qurtulduğunu, 1995-ci ilin sonlarından isə ölkəmizdə sabitliyin bərqərar edildiyini, əməliyyat şəraitinin tam nəzarətə götürüldüyünü vurğulamışdır.
Bildirilmişdir ki, beynəlxalq ekspertlərin iştirakı ilə ölkədə Avropa standartlarına uyğun yeni qanunlar qəbul olunmuş, əsas məqsədi insan hüquq və azadlıqlarının təmin edilməsi, ümumbəşəri dəyərlərin qorunması olan demokratik islahatlar həyata keçirilmişdir.
Nazir əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə Azərbaycanın MDB və Şərqi Avropa məkanında öncül yerlərdən birini tutduğunu bildirmiş, cinayətkarlıqla mübarizədəki uğurların, sabitliyin dönməzliyinin təmin edilməsinin nəinki ölkə vətəndaşlarının, eləcə də əcnəbilərin təhlükəsizlik şəraitdə yaşayıb işləmələrinə imkan yaratdığını vurğulamışdır.
R.Usubov daxili işlər orqanlarının qarşılaşdığı problemlərdən də danışmış, transmilli mütəşəkkil cinayətkarlığa, onun getdikcə qlobal miqyas alan ayrı-ayrı növlərinə qarşı birgə mübarizə aparılmasının vacibliyini bildirmişdir.
Səfir
Arjen Peter Uijterlinde ölkəmizdə diplomatik fəaliyyətə
başladığı ilk gündən Prezident İlham Əliyevin
rəhbərliyi ilə bütün sahələrdə dinamik
inkişafın şahidi olduğunu söyləmişdir. O,
Bakıda akkreditə olunmuş digər səfirlərin də
mövqeyini ifadə edərək, Azərbaycanda cinayətkarlığın
səviyyəsinin çox aşağı olduğunu, normal
yaşamaq və işləmək üçün rahat və
təhlükəsiz şərait
yaradıldığını məmnunluqla
vurğulamışdır.
Azərbaycan.- 2011.- 9 fevral.- S. 4.