Xocalı ümidlə, inamla yaşayır

 

Xocalı faciəsindən on doqquz il keçir. Aylar, illər ötdükcə yaralar nəinki sağalmır, əksinə, daha dərindən qövr eləyir. Bu, XX əsrin ən böyük faciəsi, tarixdə misli görünməmiş bir soyqırımı idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları o dövrdə Xankəndidə yerləşən 366-cı rus alayının iştirakı ilə üç istiqamətdən Xocalıya hücum etdilər.

Bir gecənin içində 613 nəfər məhv edildi, 1275 nəfər dinc sakin girov götürüldü. Onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil. Həmin amansız qırğının nəticəsində min nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası aldı. Səkkiz ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızcasına öldürülmüş, diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdir.

Erməni quldurları Xocalını yer üzündən silməyə çalışırdılar. Lakin başı misli görünməmiş bəlalar çəkən xocalılıların bir hissəsi ən ağır yollarla birtəhər xilas oldular. Onlar ölkənin onlarca yaşayış məntəqəsində məskunlaşdılar. Xalqımızın milli lideri hakimiyyətə gələndən sonra cəfakeş xocalılar üçün Goranboy rayonunun Aşağı Ağcakənd bölgəsində ayrıca qəsəbə salındı. Ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin qayğısı və diqqəti sayəsində Aşağı Ağcakənddə indi hər şəraiti olan Xocalı rayonunun inzibati mərkəzi formalaşıb.

"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq Aşağı Ağcakənddə, Meşəlidə, Yuxarı Ağcakənddə və Börüdə yüzlərlə yaşayış evi tikilib. Məktəblər, uşaq bağçaları, feldşer-mama məntəqələri, inzibati binalar inşa edilib. İşıq, su çəkilib, yollar düzəldilib.

Xocalılar bu günlərdə ötən ilin yekunlarını müzakirə etdilər. Rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov il ərzində görülən işlər barədə hesabat verdi. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasın yekunları və Prezident İlham Əliyevin nitqlərindən irəli gələn vəzifələr baxımından rayonda görülən işləri təhlil etdi. Ş.Usubov ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən İlham Əliyevin qayğısı və köməyi sayəsində xocalıların həyat şəraitinin getdikcə yaxşılaşdırılması üçün görülən tədbirlərdən danışdı. Toplantıda ayrı-ayrı idarə və müəssisə nümayəndələrinin məlumatları dinlənildi. Sonra Milli Məclisin deputatları Elman Məmmədov və Flora Qasımova, Prezident Administrasiyasının məsul işçisi Rövşən Ağayev çıxış edərək bir sıra məsələlərə öz münasibətlərini bildirdilər.

Yekdilliklə qeyd olundu ki, əhalinin gün-güzəranının yaxşılaşdırılması üçün yerlərdə sistemli surətdə tədbirlər görülür. Təkcə son vaxtlarda "Heydər Əliyev" və "Xocalı şəhidləri" muzeyləri təşkil edilib. Goranboy rayonunun Börü, Meşəli kəndlərində və Yuxarı Ağcakənd qəsəbəsində telefonlaşdırma işləri aparılıb, qaz xəttinin çəkilişinə başlanılıb. Meşəli kəndində həkim ambulatoriyası, Gəncə şəhərində Kərkicahan qəsəbəsindən olan məcburi köçkünlərin məskunlaşdıqları üç yataqxana binası təmir edilir. Aşağı və Yuxarı Ağcakənd qəsəbələrində icma mikrolayihəsi xətti ilə ministadionlar istifadəyə verilib. Meşəli və Börü kəndlərində fəaliyyət göstərən məktəblərin hər birində daxili imkanlar hesabına yardımçı təsərrüfat otaqları tikilib, bir neçə səhiyyə və mədəniyyət obyektində cari təmir işləri aparılıb.

Qayğı və diqqət ölkənin hər yerində yaşayan məcburi köçkünləri əhatə edir. Yevlax rayonu ərazisində məskunlaşmış on doqquz məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub. Gəncədə, Hacıkənddə də bir sıra təmir-bərpa işləri görülür. Əkin sahələrinin genişləndirilməsi və maldarlığın inkişafı üçün görülən işlər də təqdirəlayiqdir. Məcburi köçkünlər keçən il 7220 ton taxıl, 2200 ton kartof, 533 ton tərəvəz, 28 ton meyvə istehsal ediblər.

Toplantıda bir sıra təkliflər də irəli sürüldü. Belə bir məsələ xüsusi vurğulandı ki, Aşağı Ağcakənd qəsəbəsində gərək Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün abidə ucaldılsın. Bundan əlavə, Bakı Texniki Universitetinin 1 saylı yataqxanasının təmir işlərinin aparılmasının, Əlvan metal pansionatında su xəttinin bərpa olunmasının, xeyir-şər məclisləri üçün mağarın hazırlanmasının, Binəqədi rayon 2 saylı pansionatında elektrik xətlərinin dəyişdirilməsinin, Aşağı Ağcakənd qəsəbəsinin qazlaşdırılma işlərinin sürətləndirilməsinin, qəsəbədaxili yolların asfatlaşdırılmasının, yeni köçürülmüş ailələrin yaşadıqları evlərə telefon çəkilişinin vacibliyi bildirildi.

Toplantıda çıxış edənlər Xocalı soyqırımının dünya miqyasında tanıdılmasının, Xocalıya xüsusi statusun verilməsinin və nəyin bahasına olursa-olsun torpaqlarımızın azad edilməsinin vacibliyi barədə dövlətimizin başçısı cənab İlham Əliyevin məqsədyönlü fəaliyyətini ürəkdən dəstəklədiklərini bildirdilər.

Xüsusi vurğulandı ki, "Xocalı soyqırımının on doqquzuncu ildönümünün keçirilməsinə dair tədbirlər planı" məcburi köçkünlərin ürəyindən xəbər verir. Gərək hər kəs Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün əlindən gələni etsin.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2011.-9 fevral.- S. 4.