Pakistan jurnalında Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc olunmuşdur

 

Pakistanda nəşr edilən "The Diplomatic İnsight" jurnalının yanvar buraxılışında "Dağlıq Qarabağ və Kəşmir: İki münaqişə, iki xalq, eyni dərd" sərlövhəli məqalə dərc olunmuşdur.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, jurnalın baş redaktoru M.A.Nurun yazdığı məqalədə Kəşmir və Dağlıq Qarabağ münaqişələri müqayisəli şəkildə təhlil olunmuş, onların tarixi ilə bağlı ətraflı məlumat verilmişdir.

Məqalədə ermənilərin qədim Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa sonradan köçürüldüyü, SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və yeddi ətraf rayonu işğal edərək minlərlə azərbaycanlını qətlə yetirdiyi, habelə bir milyonadək azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə salındığı faktlarla izah olunmuşdur. Müəllif yazır ki, işğalçı Ermənistan BMT, İslam Konfransı Təşkilatı və Avropa Parlamentinin Azərbaycan torpaqlarının azad edilməsinə dair qətnamələrinə məhəl qoymur.

Məqalədə Pakistanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyi xüsusi vurğulanmışdır.

Müəllif Kəşmir və Dağlıq Qarabağ münaqişələrinin oxşar taleyə malik olduğunu, hər iki məsələ barədə qəbul edilmiş BMT qətnamələrinin yerinə yetirilmədiyini, Azərbaycan və Pakistanın dinc vasitələrlə münaqişələrin həllinə tərəfdar olduqlarını xatırlatmışdır. M.A.Nur dünya ictimaiyyətini Azərbaycanın və Pakistanın haqlı mövqelərini dəstəkləməyə çağırmışdır.

 

 

Azərbaycan.- 2011.- 9 fevral.- S. 4.