AMEA Rəyasət Heyətinin iclasında akademiyanın Şəki Regional Elmi Mərkəzinin 2010-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti müzakirə olunmuşdur

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda AMEA Şəki Regional Elmi Mərkəzinin 2010-cu ilin yekunlarına dair hesabatı müzakirə olunmuşdur.

Akademiyadan AzərTAc-a bildirmişlər ki, elmi müəssisə rəhbərlərinin, alim və mütəxəssislərin iştirak etdikləri yığıncağı AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimov açaraq gündəlikdəki məsələlər haqqında məlumat vermişdir.

AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru geologiya-mineralogiya elmləri doktoru Zəkəriyyə Əlizadə mərkəzin 2010-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, hesabat ilində mərkəzdə elmi-tədqiqat işləri AMEA Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş proqrama uyğun aparılmışdır. Alim mərkəzdə ipəkçilik, biokimya, biofizika, geokimya, sellərin öyrənilməsi, bitki müxtəlifliyinin genofondu, folklorşünaslıq və el sənətləri laboratoriyalarının fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır.

Hesabatla bağlı müzakirələrdə iştirak edən akademik Arif Həşimov, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, professor Ərtegin Salamzadə bölmənin illik hesabatını qənaətbəxş hesab etmişlər.

AMEA Şəki Regional Elmi Mərkəzinin 2010-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq edilərək AMEA-nın illik hesabatına daxil edilmişdir.

 

 

Azərbaycan.- 2011.- 9 fevral.- S. 4.