"Paşa Sığorta" və "Paşa Həyat Sığorta"-nın rəhbərləri Adam Smith Conferences çərçivəsində Moskva Sığorta Forumunun işində iştirak etmişlər

 

"Paşa Sığorta" və "Paşa Həyat" sığorta şirkətlərinin rəhbərləri fevralın 1-2-də Moskvadakı "Marriott Grand Hotel" mehmanxanasında keçirilmiş Adam Smith Conferences çərçivəsində MDB ölkələri üzrə Beynəlxalq Sığorta Forumunda iştirak etmişlər.

Adam Smith Conferences çərçivəsində Beynəlxalq Sığorta Forumu Moskvada ilk dəfə keçirilmişdir və gələcəkdə Rusiyanın, eləcə də regiondakı digər ölkələrin sığorta, bank və investisiya cəmiyyətlərinin hər il keçirilən ənənəvi illik tədbirinə çevriləcək. Forumun builki əsas məqsədi regiondakı aparıcı sığorta, bank və investisiya müəssisələri arasında idarəetmə və böhrandan sonrakı dövrdə sığorta şirkətləri tərəfindən düzgün korporativ strategiyanın işlənib hazırlanması barədə fikir mübadiləsi aparmaq olmuşdur.

Forumun əsas məruzəçiləri arasında "Chartis", "INTOUCH Russia", "Raiffeisen Pension Fund", "Munich Re", "Rennesans Straxovanie", "Eureco Group" və MDB bazarlarında fəaliyyət göstərən digər maliyyə institutlarının baş direktorları təmsil olunmuşlar. Avropa Yenidənqurma və İnkişaf Bankının Sığorta və Maliyyə Xidmətləri Departamentinin rəhbəri Noel Edisonun və Beynəlxalq Maliyyə Korporasiyasının bank və maliyyə sektorunda investisiyalar üzrə məsləhətçi Levan Şalamberidzenin region ölkələrindəki sığorta bazarının inkişaf perspektivlərinin qiymətləndirilməsi üzrə məruzələri forum iştirakçılarında xüsusi maraq oyatmışdır. Forumun "Həyat sığortası" bölməsinin iştirakçıları arasında həm region ölkələrində, həm də ABŞ və Avropada tətbiq edilən icbari sığortanın müxtəlif modellərinin müqayisəsi ətrafında maraqlı müzakirələr aparılmışdır. Öz növbəsində, Avstriyanın "Audatex" şirkətinin nümayəndələri forum iştirakçılarının diqqətinə sığorta hadisələrinin idarə olunması üzrə Avropa ölkələrində ən geniş yayılmış platformaların təqdimatını çatdırmışlar. Yaxın zamanlarda həmin məhsulun Azərbaycanda da təqdimatı keçiriləcəkdir.

"Aparıcı beynəlxalq və yerli sığorta mütəxəssisləri Rusiya və MDB ölkələrinin sığorta şirkətlərinin gələcək inkişafı və artımı yolundakı əsas problemləri ümumiləşdirdilər. Bu, sığorta şirkətlərinin zəif kapitallaşdırılması, onlar tərəfindən IFRS standartlarının ləng mənimsənilməsi, agent və brokerlərin əsassız şəkildə yüksək məbləğdə mükafatlandırılması, sığortaçının fəaliyyətindəki şəffaflığın zəifliyi və ya olmaması, anderaytinq prosesinin zəifliyidir. Razılaşmaq lazımdır ki, yuxarıda göstərilənlər bu və ya digər dərəcədə bizim bazarımız üçün də aktualdır. Bununla yanaşı, çox fərəhləndirici haldır ki, forumun gedişində, demək olar, bütün sığorta mütəxəssisləri Azərbaycanın son dərəcə yüksək iqtisadi potensiala və bizim sığorta bazarımızın yaxşı perspektivlərə malik olduğunu qeyd etdilər və investisiya qoymaq baxımından ölkəmizin sığorta sahəsinin cəlbedici olmasına yüksək qiymət verdilər", - "Paşa Sığorta" ASC İdarə Heyətinin sədri Nofəl Rzayev forumun nəticələri barədə bunu demişdir.

Forumun yekunu olaraq "Paşa Sığorta" və "Paşa Həyat" şirkətlərinin rəhbərləri ilə bir sıra maliyyə institutlarının nümayəndələri və cari ilin ilk yarısında Bakıda keçirilməsi nəzərdə tutulan məhsulların təqdimatı üzrə xidmət təchizatçıları ilə razılaşmalar əldə olunmuşdur.

 

 

Azərbaycan.- 2011.- 9 fevral.- S. 5.