Azərbaycan Auditorlar Palatası ilə Macarıstan Auditorlar Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

 

Azərbaycan və Macarıstan auditorlarının peşə qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, audit sahəsində inteqrasiya proseslərinin daha da inkişafına hərtərəfli yardım göstərilməsi, milli müstəqil audit təsisatlarının təşəkkül tapmasına və daha da inkişaf etməsinə hərtərəfli yardım göstərilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və respublikamızda tətbiq edilməsi məqsədi ilə Azərbaycan Auditorlar Palatası ilə Macarıstan Auditorlar Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.

Palatanın mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, sənəd peşə fəaliyyətini həyata keçirən zaman audit sahəsindəki əməkdaşlığın inkişafını, audit xidməti, korrupsiyaya qarşı mübarizə və iqtisadi cinayətin tənzimlənməsinə və inkişafına yönəlmiş bir sıra məqsəd və öhdəliklər əsasında öz üzvləri və mütəxəssisləri üçün əlverişli şərait yaradılmasını, audit fəaliyyətinə dair təcrübə mübadiləsindən yararlanaraq, auditə dair qanunvericilik aktları üzərində birgə fəaliyyəti, Azərbaycanda və Macarıstanda audit norma və standartlarının tətbiqi sahəsində təcrübə mübadiləsini, müvafiq beynəlxalq audit birlikləri və təşkilatları ilə əlaqələrin yaradılması məqsədi ilə birgə fəaliyyəti, müştərək seminarlar, simpoziumlar, konfransların təşkilini, praktik tədris vəsaitləri və metodiki təlimatlar hazırlanmasını, peşə ilə bağlı məsələlərə dair müntəzəm məsləhətləşmələr aparılmasını, işlənmiş sənədlərin mübadiləsinin həyata keçirilməsini, müvafiq şərh və tövsiyələrin hazırlanmasını nəzərdə tutur.

Xatırladaq ki, indiyədək Azərbaycan Auditorlar Palatası tərəfindən 16 xarici ölkənin 21 peşəkar qurumu ilə əməkdaşlıq barəsində memorandum, saziş və müqavilə imzalanmışdır.

 

 

Azərbaycan.- 2011.-9 fevral.- S. 6.