Avropa İttifaqının Azərbaycanla
əməkdaşlığı vətəndaş cəmiyyətinin
inkişafına töhfə verəcək
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev fevralın 8-də Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia ilə görüşmüşdür.
Şuranın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə A.Quliyev Azərbaycanda ictimai sektorun inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasətinin prioritetlərindən danışmış, habelə Şuranın son üç ildə gördüyü işlər barədə qonağa ətraflı məlumat vermişdir.
Ötən illərdə Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlar ilə Şuranın əməkdaşlığından bəhs edən A.Quliyev Avropa İttifaqı ilə də bu cür əlaqələrin ölkədə vətəndaş cəmiyyətinin inkişafına töhfə verəcəyini bildirmişdir.
Şuranın fəaliyyətini müsbət qiymətləndirən, son illər Avropa İttifaqının QHT-lərin proqram və layihələrinə maliyyə dəstəyi göstərdiyini bildirən R.Kobia demişdir ki, Avropa İttifaqının müvafiq strukturları təkcə hökumət qurumları ilə deyil, QHT-lərlə də sıx əməkdaşlıq etməkdə maraqlıdır.
Sonda Şura
ilə Avropa İttifaqı arasında əməkdaşlığın
konkret istiqamətlərinin müəyyənləşdirilməsinə
dair razılıq əldə olunmuşdur.
Azərbaycan.- 2011.-9 fevral.- S. 6.