Ayrılığın hekayəti
Araz boyu atlar dördnala çaparaq Xudafərin körpüsünə yaxınlaşsa da, süvarilər istəklərinə çata bilmədilər. Onların haqlamaq istədiyi dəstə çoxdan Arazın o tayına keçmişdi. Əllərindən almaq istədikləri ləl-cavahiratı da aparmışdılar. Qaralan havanın rəngindən xiffət tökülürdü. Şamaxının hakimi Mustafa xan aldığı xəbərdən sarsılaraq öz-özünə pıçıldadı: "Ah, İbrahimxəlil xan, bəs sən qızı mənə verəcəkdin?!. Sözünün üstündə durmadın!".
Mənzil başına tələsən dəvə karvanının bəzəkli "salonunda" yol gedən Ağabəyim ağa isə göz yaşı tökərək sanki Arazın sularında dəfn olan arzularına ağı deyirdi:
Səndə məskən
salan nə bəxtiyardır,
Səfalı
qoynun, xoş ab-havan vardır.
Dəvənin boynunda səfərə
çıxan
Zəng kimi
könlüm də sənə bağlıdır.
Bəllidir ki, Ağa Məhəmməd
şah Qacar Şuşada öldürüldükdən sonra
oğlu Fətəli şah İran taxt-tacına sahib oldu.
Qarabağ xanı İbrahimxəlil isə böyük diplomat
idi. Dövlətlər arasında münasibətlərdə
gərginlik olmasın deyə, Ağa Məhəmməd
şah Qacarın cənazəsini hörmət və ehtiramla
Tehrana yola saldı. Onun bu nəcibliyi İran
şahının çox xoşuna gəlmişdi. Bunun əvəzinə
Qarabağdan Qacarı dəfn etməyə göndərilən
adamlara xələt bağışlamış, hətta
İbrahimxəlil xanın özünə müxtəlif hədiyyələr,
eləcə də qılınc və qızıl suyuna
çəkilmiş yəhər göndərmiş, üstəlik,
İbrahimxəlil xanla qohum olmaq istəyini də
bildirmişdi. İbrahimxəlil xan bu qohumluğu ürəkdən
istəməsə də, münasibətlərin düzəlməsi
və Qarabağı İran qoşunlarının
hücumundan qorumaq üçün qızı Ağabəyim
ağanı Fətəli şaha vermək məcburiyyətində
qalıb. O, bu qohumluğu məhz bu niyyəti
üçün qəbul edib. Bu səbəbdən də
ağıllı və sevimli qızını dədə-baba
qaydası ilə İran şahına ərə verib.
Bir Novruz bayramında baş
tutan bu izdivac əslində Ağabəyim ağanın da
ürəyincə deyildi. Onun könlündə başqa bir məhəbbətin
tumurcuqları göyərirdi. Təəssüf ki, taleyin
yazdığına boyun əyməli oldu. Tehrana yola
düşməmişdən öncə Şuşanı, onun
güllü yaylaqlarını, dağlarını, meşələrini
son dəfə seyr etdi, buz bulaqlarından su içdi. Vətənin
bütün gözəlliklərini, Şuşanın
bütün füsunkarlığını gözləri ilə
yaddaşına həkk etdi. Deyilənə görə,
Ağabəyim ağa çox zehinli, hafizəli,
dünyagörüşlü, savadlı olub. Ərəb, fars
dillərində səlis danışırmış.
Quranı əzbər bilirmiş. Şeirə böyük həvəsi
varmış. Füzulini çox sevərmiş. Şeirləri
Şuşada dillər əzbəri olan Vaqifin
yaradıcılığına məftun kəsilərmiş.
Onun haqqında çoxlu əfsanə, rəvayət var. Bu əfsanələrin,
deyimlərin kökü də həqiqətlərə
bağlanır.
Fətəli şah Ağabəyim
ağanın təkcə gözəlliyinə deyil,
ağlına, dərrakəsinə də məftun kəsilib.
Onu həddən artıq çox sevərmiş.
Çalışırmış ki, Ağabəyim ağa
heç vaxt qəmlənməsin, dərd çəkməsin.
Onun darıxmaması üçün əlindən gələni
edərmiş. Deyilənə görə, Ağabəyim
ağanı ovutmaq, könlünü ələ almaq heç
cür mümkün deyilmiş. Baxmayaraq ki, o, sarayda baş hərəm
idi. Arzuları, istəkləri dərhal yerinə yetirilirdi. Hətta
Fətəli şah çox vaxt onun sözü ilə
durub-otururdu. Çalışırdı ki, Ağabəyim
ağa vətən xiffəti çəkməsin. Bu səbəbdən
də Tehranda onun üçün Qarabağ üslubunda saray
tikdirmişdi. Hətta onun ətrafındakı bağları,
bağçaları, su arxlarını, bulaqları
Şuşadakı kimi düzəltdirmişdi. Lakin heç
bir sərvət, yaradılan yüksək şərait
Şuşanı əvəz edə bilmirdi. Deyilənə
görə, bir dəfə oxuduğu məşhur
bayatını Fətəli şah da eşidib, ürəyi
riqqətə gəlib:
Mən aşiqəm Qarabağ,
Şəki, Şirvan,
Qarabağ.
Yaddan çıxmaz
Qarabağ.
Bayatı iki əsrdir ki, vətən
həsrətində qovrulanların dilinin əzbəridir.
Böyük mənalar, əhəmiyyət kəsb edən bu
bayatı həm də Qarabağın, musiqi beşiyimiz
Şuşanın simvoluna çevrilib. Bu bayatını
eşitdikdən sonra Fətəli şah fikirləşir ki, gərək
Tehranda elə bir bağ saldırsın ki, Şuşada bitən
ağac, meyvə, gül kolları burada da olsun. Hətta
torpağı da, bağbanı da Şuşadan gətizdirərək
Tehranda nəhəng bir bağın yaranmasına nail olub.
"Vətən bağı" adlanan bu bağ cənnət
guşəsinə bənziyərmiş. Güzarını həmin
bağa salan Ağabəyim ağa bülbüllərin nəğməsinə
qulaq asıb, hər gülün, çiçəyin ətrini
qoxlayıb, ağaclara diqqət yetirib. Bu zümrüd
libaslı bağda xarı bülbüldən başqa hər
şey vardı. Bu
"Vətən
bağı" al-əlvandır,
Yox içində xarı
bülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı,
sarı bülbül?!
Səhərin gülşən
çağında,
Nə gəzirsən
bağı, bülbül?!
Oxudun, ağlım
apardın,
Oldun mənə yağı,
bülbül!
Bülbül, sən nala
çəkərsən,
Göz yaşın gilə
tökərsən,.
On bir ay cəfa çəkərsən,
Bir ayı da zarı,
bülbül!
Bülbül, geyibsən al
yaşıl,
Qolların boynumdan
aşır.
Ağlamaq mənə
yaraşır,
Qoy ağlayım,
Bülbül səni kim
uçurtdu,
Kim daldan dala
qaçırtdı,
Kim sənə badə
içirtdi,
Kimlər oldu saqi,
bülbül?!
Ömrünün sonuna kimi vətən
həsrəti çəkən Ağabəyim ağanın
bir çox şeirləri həm İranda, həm də
doğma vətənində dildən-dilə keçərək
yaşayıb. Bəzilərinin heç ona məxsus olduğu
da uzun müddət bilinməyib. Qəribçiliyin çox əziyyətini
çəkən bu incə ruhlu xanımın şikayət
dolu namələrindən biri də belədir:
Əfsus ki, yarım gecə
gəldi, gecə getdi,
Heç bilmirəm
ömrüm necə gəldi, necə getdi.
Bu qəzəlin bizə bəlli olan misraları ancaq bunlardır. Bəlkə də Cənubi Azərbaycanda bu qəzəlin hamısı var. Tədqiqatçı V.Quliyev söyləyir ki, İranda fars dilində Ağabəyim ağanın şeirləri mütləq var. Çünki Ağabəyim ağa "Ağabacı" təxəllüsü ilə həm Azərbaycan, həm də fars dilində lirik, aşiqanə, eyni zamanda vətən niskilli şeirlər yazıb. Bir neçə il Tehranda qaldıqdan sonra ömrünün sonuna kimi Qum şəhərində yaşayan Ağabəyim ağa Cavanşir təxminən 50 yaşında dünyasını dəyişib.
Təəssüf ki, bu unudulmaz xanımın həyat və yaradıcılığı o qədər də dərindən araşdırılmayıb, yazdıqları toplanıb çap edilməyib. Şeirləri sadəcə olaraq dildən-dilə keçərək bugünümüzə qədər gəlib çatmışdır. Tədqiqatçılar təsdiqləyirlər ki, Ağabəyim ağa Ağabacıdan böyük ədəbi irs qalıb. Heç ola bilməz ki, bu cür istedad sahibinin yazdıqları itib-batsın. Şeirləri çox olsa da, olmasa da, Ağabəyim ağanın bircə bayatısı elə uzunömürlüdür ki, onun sayəsində də Azərbaycan ədəbiyyatında əbədiyaşarlıq tapıb. Xan qızının fars dilində yazdığı bir qəzəlinin sətri tərcüməsi belədir: "Ta qiyamətə qədər yazılsa qurtarmaz, nə sənin gözəlliyinin dəftəri, nə mənim ayrılığımın hekayəti". Bu gözəlliyin dəftəri yəqin ki, Şuşadır! İndi də bizim dərdimizə, həsrətimizə çevrilən Şuşa! Allah sənə rəhmət eləsin, Ağabəyim ağa!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.- 9 fevral.- S. 7.