Şəhidlər anıldı
Bakının Nərimanov rayonundakı 212 saylı orta məktəbin və "Xocalı Soyqırımı Tanıtma" İctimai Birliyinin təşkilatçılığı ilə Gözdən Əlillər Cəmiyyətinin akt zalında Xocalı şəhidlərinin anım mərasimi keçirilmişdir.
Tədbir Dövlət himni və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Birliyin sədri Şamil Sabiroğlu 336-cı motoatıcı alayın Xocalıda dinc sakinləri qəddarcasına soyqırıma məruz qoymasından, eləcə də Qarabağ müharibəsində ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən ətraflı danışdı.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Şakir Salahovun qardaşı Yaşar Salahov, şəhid Vaqif Cavadovun bacısı Əzizə Cavadova və Xocalı rayonundan məcburi köçkün İmarət Cəmilli müharibə dövründə yaşadıqları ağrılı-acılı günlərdən, vertolyot qəzasında həlak olmuş şəhidlərlə bağlı xatirələrdən söz açdılar.
Xocalı rayonunun Kərkicahan qəsəbəsindən məcburi köçkün, "Kobra" ləqəbi ilə tanınan keçmiş döyüşçü Nazim Hüseynov vertolyot qəzasında həlak olanlar barədə danışarkən o dəhşətli mənzərənin yaddaşında dərin iz buraxdığını söylədi. Çıxışının sonunda N.Hüseynov inamla bildirdi ki, gec-tez Azərbaycan Silahlı Qüvvələri Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edəcək, məcburi köçkünlər, yurd həsrəti ilə yaşayan soydaşlarımız doğma el-obalarına qayıdacaqlar.
Məktəbin
direktoru Qurban Həsənov belə tədbirlərin gənclərin
vətənpərvərlik ruhunun yüksəldilməsində
mühüm rol oynadığını vurğuladı. Sonra gənclərdən
Şamilə Ələkbərli, Sevinc Mustafayeva və
başqaları şəhidlərə həsr olunmuş
şeirlər söylədilər.
Azərbaycan.- 2011.-9 fevral.- S. 8.