Prezident İlham Əliyev Qazax
rayonunda Sınıqkörpü sərhəd gömrük məntəqəsinin
açılışında iştirak etmişdir
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Qazax rayonunda Sınıqkörpü sərhəd gömrük məntəqəsinin açılışında iştirak etmişdir.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, gömrük sistemində də davamlı inkişaf gedir. Gömrük xidməti daha da müasirləşir, işçilərin sosial və iş şəraitlərinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür. Əsaslı şəkildə yenidən qurulmuş Sınıqkörpü sərhəd gömrük məntəqəsi də bu qəbildən olan işlərin davamıdır. Azərbaycandan Gürcüstana əsas keçid məntəqəsi olan və sərhəd qapısı funksiyasını yerinə yetirən, müasir standartlara cavab verən yeni gömrük məntəqəsinin inşası 2010-cu ilin oktyabrında başa çatdırılmışdır. Yenidənqurma işləri zamanı burada geniş abadlıq-quruculuq işləri görülmüş, yaşıllıqlar salınmışdır. Məntəqənin ərazisində yardımçı binalarla yanaşı, üçmərtəbəli inzibati bina da tikilmişdir. Sərhəd gömrük məntəqəsindən gün ərzində yüzlərlə avtomobil və minlərlə insan keçir. Cənubi Qafqaz regionunda bu cür müasir sərhəd gömrük məntəqələri yalnız Azərbaycandadır.
Dövlət başçısı gömrük məntəqəsinin əvvəlki və indiki vəziyyətini əks etdirən fotoguşəyə baxdı.
Prezident İlham Əliyevə məlumat verildi ki, gələcəkdə ərazidə yeni yük terminalının tikintisinə başlanacaqdır. Regionda ən böyüklərindən biri olacaq bu terminalda məhsulların saxlanması üçün soyuducu anbarlar, sərnişinlərin qalması üçün hotel, habelə ofis də tikiləcəkdir.
İnzibati binada əməkdaşların nəzəri biliklərinin artırılması üçün təlim otaqları, habelə muzey və akt zalı da vardır. Əməliyyat otağı ən zəruri və müasir texniki avadanlıqla təchiz olunmuşdur. Prezident İlham Əliyev burada gömrük nəzarətinin həyata keçirilməsi prosesini izlədi.
Gömrük məntəqəsinin ərazisində quraşdırılmış xüsusi rentgen aparatından dünyanın ən aparıcı dövlətlərində istifadə edilir. Həmin aparat vasitəsilə nəqliyyat vasitələrindəki bütün yükləri aydın görmək mümkündür. Bu isə qaçaqmalçılıq yolu ilə daşınan malların aşkarlanması ilə yanaşı, həm də gömrük xidmətinə öz işini müasir tələblər səviyyəsində qurmağa imkan yaradır.
Hazırda məntəqədə
4 gömrük nəzarəti xətti vardır. Onların
ikisi ixrac, ikisi isə idxal gömrük nəzarətini həyata
keçirir. Məntəqədə vahid pəncərə
sistemi yaradılmışdır, burada yük, maliyyə, yol
vergiləri şöbələrinin əməkdaşları
çalışırlar. Sanitar karantin, fitosanitar və baytar nəzarəti xidməti
də burada yerləşir.
Prezident İlham Əliyevə
Sınıqkörpü tarixi-memarlıq abidəsi haqqında
da məlumat verildi. Bildirildi ki, XII əsrin yadigarı olan bu
abidə uzun illər ərzində ölkəmizi
Gürcüstanla əlaqələndirən keçid məntəqəsi
rolunu oynamışdır. İndi dövlət əhəmiyyətli
abidə kimi qorunan körpüdə gələcəkdə bərpa
işlərinin aparılması nəzərdə tutulur.
Sərhəd gömrük məntəqəsi
ilə tanışlıqdan sonra Prezident İlham Əliyev
müvafiq tapşırıq və tövsiyələrini
verdi.
AzərTAc
Azərbaycan.- 2011.-10 fevral.- S. 2.