Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun açılışı

 

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun açılışında iştirak etmişdir.

Dövlət başçısı yolun yenidən qurulması sxemi ilə tanış oldu.

Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verərək bildirdi ki, Azərbaycanda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni yolötürücülərinin tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, həm də ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. "Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun təkmilləşdirilməsi" layihəsinə uyğun olaraq inşa edilən yolda işlərə ötən ilin avqustunda başlanmışdır. Prezident İlham Əliyevin ölkənin avtomobil yollarının yenidən qurulması ilə bağlı verdiyi tapşırıqlar çərçivəsində Qazax-Sınıqkörpü avtomobil yolunun tikintisi strateji əhəmiyyət kəsb edir.

İkizolaqlı yolun uzunluğu 36 kilometr, eni 15 metrdir. Yolda 3 körpü, 8 avtobus dayanacağı inşa edilmişdir.

Bakı-Gürcüstan sərhədi avtomobil magistralının mühüm hissəsi olan bu yol dünya standartları səviyyəsində tikilmişdir. İndi Azərbaycandan Gürcüstana və əksinə hərəkət edən yük və sərnişin avtomobillərinin hərəkətindəki bütün maneələr aradan qaldırılmışdır.

Prezident İlham ƏLİYEV: - Biz bu layihəni artıq başa çatdırmışıq. Bu il o qalan hissə də istismara veriləndən sonra artıq Bakı-Gürcüstan sərhədi yolu tam hazır vəziyyətdə olacaqdır. Çox böyük layihədir, çox böyük zəhmət, maliyyə vəsaiti, peşəkarlıq tələb edirdi. Amma mən çox şadam ki, buna nail ola bilmişik. Bununla bərabər, indi başqa istiqamətlərdə də işlər gedir, cənub, şimal istiqamətlərində yollar tikilir.

Gələcəkdə bu yolun genişləndirilməsi haqqında gərək fikirləşək. Çünki onun bir hissəsi ikizolaqlı, bir hissəsi dördzolaqlıdır. Gələcəkdə ikizolaqlı hissələri gərək genişləndirək. İndi yük daşımaları baxımından ən intensiv yol bu yoldur. Ona görə, əlbəttə, gərək bu yol dördzolaqlı olsun. Rusiya sərhədinə gedən yol dördzolaqlıdır, İran sərhədinə gedən yol dördzolaqlıdır. Bu yol da dördzolaqlı olmalıdır. Düzdür, burada məsafə böyükdür, 503 kilometrdir. Bunun təxminən 300 kilometri, yəni 60 faizi ikizolaqlıdır. Yəqin ki, ya bu il, yaxud da gələn ildən biz bu işlərə başlamalıyıq. Layihələndirmə işləri gedir. Bu yolu rahat genişləndirmək olar.

 

* * *

 

Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsdi, inşaatçılarla görüşdü.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 10 fevral.- S. 2.