Səməd Vurğun Poeziya evində əsaslı təmir və yenidənqurma işləri aparılmışdır

 

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Qazax rayonunun Yuxarı Salahlı kəndində əsaslı təmir və yenidənqurma işləri aparılmış Səməd Vurğun Poeziya evinin açılışında iştirak etmişdir.

Dövlət başçısı əvvəlcə Poeziya evinin qarşısında xalq şairi Səməd Vurğunun heykəlinin önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə məlumat verildi ki, Poeziya evinin yerləşdiyi ərazi də genişləndirilmiş, burada yaşıllıq zolağı salınmışdır. Bildirildi ki, ulu öndər Heydər Əliyev həmişə Səməd Vurğunun yaradıcılığına böyük önəm vermiş, şairin əsərlərinin nəşri heç vaxt onun diqqətindən kənarda qalmamışdır. O, Səməd Vurğunun məşhur "Azərbaycan" şeirini çox sevir, yeri gəldikcə, ona müraciət edirdi. 1976-cı ildə şairin anadan olmasının 70 illik yubileyi münasibətilə Qazax rayonunda Səməd Vurğun Poeziya evi də Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və o, 1979-cu ilin sentyabrında onun açılışında şəxsən iştirak etmişdi.

Prezident İlham Əliyev 2004-cü ildə Qazax rayonuna səfəri çərçivəsində Poeziya evində olmuş, burada əsaslı təmir və yenidənqurma işlərinin aparılması barədə tapşırıq vermişdi. 2005-ci ildə isə Azərbaycan Prezidenti Səməd Vurğunun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdı.

Ötən dövrdə görülən işlər nəticəsində Poeziya evi yeni görkəm almışdır. Buradakı eksponatların sayı artmış, yeniləri də əlavə olunmuşdur. Səməd Vurğunun Bakıdakı ev muzeyi buraya şairin köynəyini, ov və yazı ləvazimatlarını hədiyyə etmişdir. Bir sözlə, Poeziya evi həmişə Səməd Vurğunun xatirəsinə bir ehtiram ünvanı olacaq, söz-sənət vurğunlarının daimi görüş yerinə çevriləcəkdir.

Dövlət başçısı xalq şairi Səməd Vurğunun həyat və fəaliyyətinin müxtəlif dövrlərini, eləcə də ulu öndərin Azərbaycan ədəbiyyatına diqqət və qayğısını əks etdirən şəkillərə baxdı.

Prezident İlham ƏLİYEV: - Çox şadam ki, Poeziya evi belə gözəl vəziyyətə gətirilmişdir. Yeddi il bundan əvvəl burada görüşmüşdük. Əlbəttə ki, o dövrə uyğun şərait mövcud idi. Ancaq indiki müasir dövrdə, əlbəttə, Səməd Vurğun Poeziya evi bax belə müasir səviyyədə olmalıdır. Onun ətrafı da abadlaşdırıldı, bağçası da, giriş hissəsi də. Muzey hissəsi də ən gözəl, müasir səviyyədədir.

Səməd Vurğunun xatirəsi həmişə Azərbaycan xalqının qəlbində yaşayır. O, böyük sənətkar, böyük şair, böyük vətəndaş olmuşdur. Əlbəttə, bu Poeziya evinin belə gözəl vəziyyətə gətirib çatdırmağımız, hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşının qəlbində əks-səda doğuracaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 10 fevral.- S.3.