Tovuzda yeni mədəniyyət və
istirahət parkı salınmışdır
Fevralın 9-da Prezident İlham Əliyev Tovuz şəhərində yeni salınmış mədəniyyət və istirahət parkının açılışında iştirak etmişdir.
Dövlət başçısı açılışı bildirən lenti kəsdi və parkı gəzdi.
Məlumat verildi ki, parkın tikintisinə 2009-cu ilin əvvəllərində başlanmışdı. 10,2 hektar sahəni əhatə edən parkın ərazisində vaxtilə 5600-dən çox palıd, 1100-dən artıq şam ağacı əkilmişdi. Park salınmağa başlandıqdan sonra isə burada yüzlərlə ağac və bəzək kolu əkilmişdir. Burada 30 min kubmetr həcmində torpaq işləri görülmüş, yerli inşaat materialından istifadə edilməklə geniş tikinti-abadlıq işləri aparılmışdır. Parkın ətrafına dekorativ hasar çəkilmiş, iki yerdə böyük giriş darvazaları tikilmiş, 14 fəvvarə, süni şəlalə yaradılmışdır.
Ərazidə geniş sahədə çəmənlik salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Gələcəkdə parkın Tovuzçay istiqamətində genişləndirilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev parkda aşıq musiqisini dinlədi, ifaçılarla xatirə şəkli çəkdirdi. Dövlət başçısına saz hədiyyə edildi.
Aşıqlar qədim xalq musiqisinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təşəkkür etdilər.
Prezident İlham Əliyev uşaqların, gənclərin, yeniyetmələrin milli musiqimizə çox böyük maraq göstərmələrinin yaxşı hal olduğunu vurğuladı.
Aşıqlar bildirdilər ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səyləri nəticəsində aşıq sənəti YUNESKO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı"na daxil edilmişdir.
Parkda gənclərin asudə vaxtının səmərəli təşkili üçün istirahət mərkəzi inşa edilmişdir.
Sonra Prezident İlham Əliyev rayonda tikilən beşulduzlu mehmanxananın layihəsi ilə tanış oldu. Bildirildi ki, 2008-ci ildə inşasına başlanılan mehmanxana üçün Bozalqanlı kəndi ərazisində 5,2 hektar sahə ayrılmışdır. Beşmərtəbəli binada 72 nömrə, üzgüçülük hovuzu, sauna, türk hamamı, trenajor zalı və masaj otaqlarından ibarət idman-sağlamlıq mərkəzi olacaqdır. Tikintisi bu ilin mayında başa çatdırılması nəzərdə tutulan mehmanxananın etibarlı su təminatı üçün subartezian quyusu qazılmışdır.
Prezident İlham Əliyev tikinti ilə bağlı tövsiyə və tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.- 2011.-10 fevral.- S. 3.