Prezident İlham Əliyev Tovuz Olimpiya-İdman Kompleksinin açılışında iştirak etmişdir

 

Fevralın 9-da Tovuzda Olimpiya-İdman Kompleksi istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Kompleksin təməli 2007-ci il mayın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdu.

Dövlət başçısı açılışı bildirən lenti kəsdi və kompleks ilə tanış oldu.

Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin respublikamızda idmanın inkişafına göstərdikləri diqqət və qayğını, idmançılarımızın beynəlxalq yarışlardakı uğurlarını əks etdirən fotoguşə yaradılmışdır.

Gənclər və idman naziri Azad Rəhimov dövlət başçısına məlumat verdi ki, nazirliyin sifarişi əsasında tikilmiş, Tovuz şəhərinin girəcəyində - Tovuzçayın sol sahilində 7 hektar sahədə yerləşən kompleks 3 korpusdan ibarətdir. Kompleksin birinci korpusunda üzgüçülük hovuzu və yeməkxana yerləşir. İkinci korpus 34 ədəd ikiyerlik və bir VIP nömrəsi olan beşmərtəbəli mehmanxanadan ibarətdir. Üçüncü korpusda isə 710 tamaşaçı yeri olan əsas idman salonu yerləşir. Bundan başqa, idman kompleksində məşq zalları və köməkçi otaqlar da vardır. Kompleksdə voleybol, basketbol meydançaları, tennis kortu və stadion da olacaqdır. Tikinti işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev kompleksdə yaradılmış şəraitlə yaxından tanış oldu, müvafiq tövsiyə və tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-10 fevral.- S. 3.