Bozalqanlı kəndində süd emalı zavodu tikilmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Tovuz rayonunun Bozalqanlı kəndi ərazisində tikilmiş süd emalı zavodunun açılışında iştirak etmişdir.

Zavodun tikintisi ötən ilin dekabrında başa çatdırılmışdır. "Gilan Holdinq"in sifarişi ilə tikilmiş müəssisənin istehsal sahəsi 3,9 min kvadratmetrdir. Zavodda qatıq, kəsmik, ayran, dovğa, xama və pendir istehsal edilir. Hazırda zavodun emal gücü sutkada 20 tondur. Maksimum güclə işlədikdə isə sutkada 40 ton süd emal etmək mümkündür.

Müəssisənin fəaliyyətə başlaması rayonda heyvandarlığın inkişafına müsbət təsir edəcəkdir. Zavodu südlə təmin etmək üçün ətraf kəndlərdə soyuducu kameralarla təchiz olunmuş 6 qəbul məntəqəsi təşkil edilmişdir. Satış şəbəkəsi, müasir laboratoriyası və digər xidməti bölmələri olan zavodda 130 nəfər işlə təmin olunmuşdur.

Prezident İlham Əliyev zavodun rəmzi işə salınmasını bildirən düyməni basdı.

Dövlət başçısı süd qəbulu, qatıq, kəsmik, dovğa-ayran və pendir sexlərində iş prosesini izlədi, zavodun məhsullarının nümayiş etdirildiyi stendlə tanış oldu, hazır pendirin dadına baxdı.

Prezident İlham Əliyev müəssisənin fəaliyyəti ilə bağlı tövsiyə və tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-10 fevral.- S. 4.