Azərbaycan ilə Litva arasında əlaqələr yüksələn xətlə inkişaf edir

 

Fevralın 9-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Litva Seyminin sədri xanım İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Litva arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi vurğulanmışdır. Bildirilmişdir ki, turizm, enerji, kənd təsərrüfatı sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial vardır.

Regiondakı vəziyyətdən danışan E.Məmmədyarov demişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Cənubi Qafqazın ümumi inkişafına mane olur. Nazir Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal altında saxlanılması, orada etnik təmizləmələrin aparılması və dinc əhalinin zorakılıqla öz doğma evlərindən qovulması faktı ilə bağlı dünya ictimaiyyətinin birmənalı mövqeyini bildirməsinin vacibliyini vurğulamışdır.

İ.Dequtiene ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı dəstəklədiyini deyərək, Litva Seymində 50-dək deputatın imzası ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamənin hazırlandığını bildirmişdir. Münaqişənin tezliklə və sülh yolu ilə həll olunmasını arzulayan litvalı qonaq bunun üçün beynəlxalq qurumların səylərinin artmasının vacibliyini qeyd etmişdir.

 

 

Azərbaycan.- 2011.-10 fevral.- S. 5.