Gələcəkdə Heydər Əliyev
Fonduna müraciət edəcək xəstələr
almaniyalı mütəxəssislər tərəfindən
teletəbabət vasitəsilə təmənnasız
konsultasiya ediləcəklər
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Səhiyyə Nazirliyinin M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində İkinci Azərbaycan-Almaniya Cərrahiyyə Günləri keçirilmişdir.
Heydər Əliyev Fondundan AzərTAc-a bildirmişlər ki, tədbirdə yerli mütəxəssislərlə yanaşı, Almaniyanın Haydelberq Universiteti klinikalarından birinin rəhbəri və Almaniya Cərrahlar Cəmiyyətinin sədri, professor S.Postun rəhbərlik etdiyi 5 nəfərlik nümayəndə heyəti iştirak etmişdir.
Tədbir zamanı respublikanın müxtəlif klinikalarında çalışan 250-yə yaxın cərrah, endoskopist və əməliyyatlarda iştirak edən tibb bacıları üçün məruzələr, treninqlər və birbaşa yayımla nümunəvi əməliyyatlar keçirilmişdir. Səkkiz xəstə üzərində mürəkkəb cərrahi əməliyyatlar və müxtəlif patologiyalara görə endoskopik müayinə və müalicələr aparılmışdır.
Eyni zamanda, 60-dan çox xəstənin almaniyalı mütəxəssislər tərəfindən təmənnasız müayinəsi və konsultasiyası olmuşdur.
Tədbir çərçivəsində cərrah və endoskopistlər üçün təşkil edilmiş treninqlər regionda ilk dəfə olaraq xüsusi müasir treninq modelləri üzərində həyata keçirilmişdir.
Tədbirin sonunda almaniyalı həkimlərlə gələcəkdə Heydər Əliyev Fonduna müraciət edəcək xəstələrin davamlı olaraq Almaniyanın aparıcı universitetləri klinikalarının mütəxəssisləri tərəfindən teletəbabət vasitəsilə təmənnasız konsultasiya olunması barədə razılaşma əldə edilmişdir.
Bundan əlavə, tərəflər ağır xəstələrin cərrahi və terapevtik müalicəsi üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyadan xüsusi həkim briqadalarının müntəzəm surətdə Azərbaycana ezam edilməsinin təmin olunması barədə razılığa gəlmişlər.
Növbəti
Azərbaycan-Almaniya Cərrahiyyə Günlərinin Almaniyada
keçirilməsi təklifi irəli sürülmüş və
bu zaman bir sıra birgə elmi və praktiki layihələrin
müzakirə edilməsi
planlaşdırılmışdır.
Azərbaycan.- 2011.-10 fevral.- S. 5.