Bakıda "Strukturlaşan dialoq" mövzusunda
seminar keçirilir
AzərTAc xəbər verir
ki, fevralın 9-da Bakıda Avropa İttifaqının (Aİ)
təşkilatçılığı ilə
"Strukturlaşan dialoq" mövzusunda seminar
başlanmışdır.
Üç gün davam edəcək
seminarın məqsədi Avropa İttifaqının "Şərq
tərəfdaşlığı" proqramı çərçivəsində
tərəfdaş ölkələrdə vətəndaş cəmiyyətinin
inkişafına yardım etmək, QHT-lərlə hökumət
strukturları arasında konstruktiv əməkdaşlığı
genişləndirməkdir.
Azərbaycan Prezidenti
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov
çıxışında müstəqillik illərində
Azərbaycanda demokratiyanın inkişafından, ölkəmizdə
vətəndaş cəmiyyətinin formalaşması prosesindən,
hökumət və dövlət qurumları ilə əməkdaşlıqdan
və digər məsələlərdən
danışmışdır. O demişdir ki, son illərdə
Azərbaycan Respublikası mötəbər idman
yarışları, siyasi və mədəniyyətlərarası
dialoq, beynəlxalq ictimaiyyəti, qlobal dünyanı
maraqlandıran məsələlərlə bağlı
çoxsaylı tədbirlərə ev sahibliyi edir. İndiki
seminar da bu qəbildən olan tədbirlərdən biridir.
Seminarda Avropa İttifaqından, qitəni təmsil edən
müxtəlif nüfuzlu strukturlardan, Aİ ilə qonşuluq
siyasəti və digər proqramlar çərçivəsində
əməkdaşlıq edən 17 ölkədən 130-dək
nümayəndə iştirak edir. Seminarda dünyada müxtəlif
strukturlar arasında dialoqun mövcud vəziyyəti, problemlər
və perspektivləri ilə bağlı məsələlər
müzakirə olunacaqdır. Müstəqilliyini bərpa etdikdən
sonra Azərbaycanda hüquqi dövlət, vətəndaş cəmiyyəti
quruculuğu, QHT-lərlə dövlət qurumları
arasında münasibətlər sahəsində mühüm
işlər görülmüşdür.
Ə.Həsənov
vurğulamışdır ki, əgər dövlətin vətəndaşları
sərbəst şəkildə seçib-seçilmək
hüququ qazanırsa, onların hakimiyyət
strukturlarını seçkilər və alternativlik əsasında
formalaşdırmaq imkanı varsa, bu, artıq demokratiyanın
ilkin nümunələridir. Amma insan hüquqları təkcə
demokratiyadan, hüquqi normalardan asılı deyildir. İnsan
hüquqlarının tam qorunması üçün həm hər
bir ölkənin milli şəraiti, həm də regional, habelə
beynəlxalq şərait imkan yaratmalıdır. Azərbaycan
hələ müstəqilliyini bərpa etməzdən əvvəl
qonşu Ermənistanın hərbi təcavüzünə məruz
qalmışdır. Azərbaycan torpaqlarının 20 faizi
işğal olunmuş və 1 milyon azərbaycanlı doğma
yurdlarından didərgin salınmışdır.
Ona görə də Azərbaycan
dövləti nə qədər təkmil olsa, onun hüquq təminat
sistemi nə qədər mükəmməl işləsə
belə, adi insan hüquqlarından məhrum olmuş 1 milyon
qaçqın-köçkünün normal insan
hüquqlarını təmin etmək gücündə
deyildir. Biz hesab edirik ki, insan hüquqlarının təkmilləşməsi,
strukturlaşmış təminatı təkcə milli
dövlətlərdən deyil, bütövlükdə
dünyada mövcud olan hüquqi şəraitdən, beynəlxalq
hüququn normalarının təsbit olunması və
reallaşmasına nəzarət edən BMT-nin fəaliyyətindən
asılıdır. Biz faktik olaraq Azərbaycanda beynəlxalq
hüququn normalarına riayəti təmin etməli olan ATƏT-dən,
NATO-dan və onların Cənubi Qafqazla bağlı
yürütdüyü siyasətdən tam razı deyilik. Ona
görə ki, bu təşkilatlar dövlətlərarası
münaqişələrin həllinə, xüsusən də,
kütləvi şəkildə insanların
hüquqlarının pozulmasına qarşı yönəlmiş
təcrübənin təkmilləşməsində müəyyən
qətiyyətsizlik göstərirlər. Ancaq onu da deməliyik
ki, müasir dünyada Avropa İttifaqı, ATƏT, BMT, NATO və
digər qurumlar olmasaydı, münaqişələrin sayı
daha çox olar, insan hüquqlarının pozulması
halları daha çox müşahidə edilər və
insanlar daha çox əziyyət çəkərdilər.
İnanırıq ki, bu seminarda insan hüquqlarının
yerli, regional və beynəlxalq şəraiti və hər bir
müstəvidə onun strukturlaşmış təsisatlarının
yaranması, fəaliyyəti və digər məsələlər
müzakirə olunacaqdır.
Prezident
Administrasiyasının şöbə müdiri Avropa
İttifaqının son vaxtlar dünya siyasətində, beynəlxalq
münasibətlərdə mühüm təsisata
çevrildiyini xüsusi vurğulamış, təşkilatın
belə bir tədbiri təşkil etməsini yüksək qiymətləndirmişdir.
O, bir daha demişdir ki, biz çox istərdik seminarda
mövcud problemlərimiz, xüsusən də, 1 milyondan
çox azərbaycanlının adi insan hüquqlarından məhrum
olması və 20 ilə yaxın bir müddətdə
qaçqın-köçkün həyatı yaşaması
müzakirə edilsin. Çünki qloballaşan dünyada 1
milyon insanı bütün beynəlxalq təşkilatların
səyi, gücü ilə doğma yurdlarına qaytara bilmiriksə,
onda insan hüquqları sahəsində böyük uğurlar
qazanmağımızdan söhbət gedə bilməz.
Sonra çıxış edən Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri R.Kobia seminarın yüksək səviyyədə təşkilinə görə iştirakçılar adından Azərbaycan dövlətinin başçısına minnətdarlıq etmişdir. O demişdir ki, tədbirin Bakıda keçirilməsi Azərbaycanın vətəndaş cəmiyyətinin, demokratiyanın inkişafına, insan hüquq və azadlıqlarının qorunmasına verdiyi yüksək qiymətin göstəricisidir. Gənc dövlət olan Azərbaycan son illər ərzində bütün sahələrdə çox böyük uğurlar qazanmışdır. Qlobal maliyyə böhranına baxmayaraq, ötən iki ildə Azərbaycan iqtisadiyyatı inkişafdan qalmamışdır. Bunun özü vətəndaş cəmiyyətinin, demokratiyanın inkişafına, QHT-lərin formalaşmasına müsbət təsir göstərən əsas amildir. Avropa İttifaqı da Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir. Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun bu yaxınlarda Azərbaycana səfəri buna parlaq misal ola bilər. R.Kobia demişdir ki, biz qeyri-hökumət təşkilatları ilə birlikdə layihələri gerçəkləşdiririk. QHT-lərin layihələrinin maliyyələşdirilməsi üçün Aİ 10 milyon avro yardım ayırmışdır. Aİ qaçqın və məcburi köçkün problemini də yaxşı başa düşür. İmkanlarımız daxilində bu problemin həllinə çalışırıq. Vətəndaş cəmiyyəti təsisatlarını, QHT-ləri bu işə fəal qoşmaq niyyətindəyik və düşünürük ki, müəyyən uğur qazana biləcəyik.
Sonra Avropa Parlamentinin deputatı Ayvo Aajle, Macarıstan nümayəndəsi xanım Liva Makey və başqaları çıxış etmiş, nəzərdə tutulmuş layihələrdən, gələcək əməkdaşlığın perspektivlərindən danışmışlar.
Çıxış edənlər Azərbaycanda müşahidə etdikləri inkişafı yüksək qiymətləndirmişlər. Dinamik inkişaf edən Avropa ölkəsi kimi Azərbaycanın bu tədbirdə iştirak edən ölkələr üçün nümunə olacağı xüsusi vurğulanmışdır. Eyni zamanda, seminarda bütövlükdə insan hüquqlarının təminatı, regionda, dünyada və milli səviyyədə ayrı-ayrı kateqoriyadan olan insanların həyat və şəraitinin təmin olunması və digər məsələlərə də toxunulmuşdur.
Seminar fevralın 12-dək
davam edəcəkdir.
Azərbaycan.- 2011.-10 fevral.- S. 5.