Azərbaycan ilə Avropa Şurası arasında insan hüquqları sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

 

AzərTAc xəbər verir ki, fevralın 9-da Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin təşkilatçılığı ilə ölkəmizin Avropa Şurasına (AŞ) üzv qəbul edilməsinin 10 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir.

Milli Məclisin deputatlarının, dövlət və qeyri-hökumət təşkilatlarının, beynəlxalq qurumların nümayəndələrinin iştirak etdikləri tədbirdə "Azərbaycan və Avropa Şurası: insan hüquqları sahəsində əməkdaşlıq" mövzusu müzakirə olunmuşdur.

Tədbirdə on il ərzində Azərbaycanın AŞ ilə səmərəli əməkdaşlığından, müstəqil dövlətimizin Avropa məkanına inteqrasiyası və bu yolda vətəndaş cəmiyyəti təsisatlarının rolundan, ölkəmizin AŞ qarşısında götürdüyü öhdəliklərin icrasından danışılmışdır. Bildirilmişdir ki, Avropada ən aktual problemlərdən olan insan hüquqlarının məhəlli səviyyədə müdafiəsi ilə müxtəlif qurumlar, o cümlədən Avropa İttifaqı və ATƏT məşğul olsa da, "insan hüquqlarının müdafiəsi üçün Avropa sistemi" dedikdə, bir qayda olaraq, Avropa Şurasını və onun çərçivəsində yaradılan nəzarət mexanizmləri nəzərdə tuturlar.

Müvəkkil Elmira Süleymanova "Avropa Şurası və Azərbaycan: insan hüquqlarının səmərəli təmini məsələləri", Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Avropa Şurası və Azərbaycan: 10 illik əməkdaşlıq", parlamentin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov "Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının implementasiyası" mövzularında məruzə ilə çıxış edərək on il ərzində Avropa Şurası ilə əməkdaşlıqda ölkəmizin uğurlarından danışmışlar. Ötən müddətdə Azərbaycanın Avropa Şurası ilə birgə müxtəlif mövzularda seminar və konfranslar keçirdiyi də vurğulanmışdır.

Digər çıxış edənlər də Azərbaycanın AŞ ilə əlaqələrini yüksək qiymətləndirərək, əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildirmişlər.

Sonda məruzələr ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-10 fevral.- S. 5.