İnkişafın Azərbaycan modeli:iqtisadiyyatda ənənələr
bərpa edilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində respublikamızın son 7 ildə dinamik və kompleks inkişaf mərhələsinə qədəm qoyması bütün dünyada böyük maraqla izlənilir. Bu illərdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin inkişafı sürətlənib, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılıb, sahibkarlığa dövlət dəstəyi güclənib. Bütün bu sadalananlarla yanaşı, sosial-iqtisadi sferada həyata keçirilən çoxsaylı tədbirlər Azərbaycanı inkişaf səviyyəsinə görə dünya liderləri sırasına çıxarıb.
Fərəhli haldır ki, respublikamızın davamlı tərəqqisi inkişafın Azərbaycan modelini uğurla dünyaya təqdim etməyə imkan verib. İnkişafın Azərbaycan modelinin əsasını təşkil edən amillər düzgün iqtisadi siyasətlə yanaşı, təbii ki, siyasi sabitlik və xalqla iqtidar arasındakı birlikdir. Məhz bu modelin sayəsində Azərbaycan iqtisadi baxımdan son illərdə xeyli qüdrətlənib. Bu modelin sayəsində bütün dünyanı əhatə edən maliyyə böhranı Azərbaycana güclü təsir göstərə bilmədi. Dünyanın bir çox ölkəsində inkişaf modelləri mövcuddur. İnkişafın Azərbaycan modelinin əsasında isə dayanıqlı iqtisadi inkişafın təmin olunması durur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya rəhbəri və ön söz müəllifi olduğu "İnkişafın Azərbaycan modeli" kitabında da bütün bu məsələlərlə bağlı ətraflı söz açılır, geniş təhlillər, müqayisələr aparılır. Kitabda son 17 ildə Azərbaycanda elmi əsaslarla hazırlanıb həyata keçirilən sosial-iqtisadi siyasət, reallaşdırılmış islahatlar milli inkişaf modelini səciyyələndirən məsələlər kimi önə çəkilir.
"Azərbaycan" qəzetinin təşəbbüsü ilə inkişafın Azərbaycan modelinin müzakirəsinə həsr olunmuş növbəti "dəyirmi masa" Lənkəran şəhərində keçirildi. Tədbirdə Milli Məclisin deputatları, rayonun rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
"Dəyirmi masa"nı giriş sözü ilə açan Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar SADIQOV dedi:
- Azərbaycanda iqtisadiyyatın müşahidə olunan dinamik inkişafı artıq dönməz xarakter alıb, ölkəmiz regional əhəmiyyətli iqtisadi güc mərkəzinə çevrilib. Sözsüz ki, bu uğurların həlledici amili ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında inamla davam etdirilən, elmi əsaslara söykənən iqtisadi islahatlar siyasətidir.
Möhtərəm Prezidentin siyasətinin ən mühüm istiqamətlərindən biri ölkənin kompleks və eləcə də regional baxımdan tarazlı inkişafına nail olunmasından ibarətdir. Çünki məhz bu yanaşma inkişafın davamlılığını təmin edə bilər. Hələ 2003-cü ildə Prezident seçildikdən sonra cənab İlham Əliyevin qarşıya qoyduğu məqsədlərdən biri ölkədə aparılan islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatında qazanılan uğurların miqyasını daha da genişləndirmək, bütün regionları sosial-iqtisadi baxımdan yüksəltmək idi. Aydındır ki, iqtisadiyyatın regional baxımdan inkişafının zəifliyi ölkədə ümumən sosial-iqtisadi, demoqrafik və ekoloji vəziyyətə mənfi təsir göstərir, əhalinin iş dalınca ölkə paytaxtına axınını sürətləndirirdi. Qarşıya qoyulan yeni hədəflərə çatmaq üçün isə regionlarda mövcud potensialdan istifadənin səmərəsinin artırılmasını, yeni iş yerlərinin açılmasını, iqtisadiyyatın və sənayenin ayrı-ayrı sahələrinin, aqrar sektorun tərəqqisini, kənd təsərrüfatı məhsullarının emalının genişləndirilməsini təmin etmək lazım idi.
Prezident İlham Əliyevin 2004-cü il fevralın 11-də təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" ölkəmizin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoyaraq, regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Regionlarda iqtisadiyyatın inkişafını sürətləndirən amillərin, bununla bağlı dövlət siyasətinin və dövlət dəstəyinin əsas istiqamətlərinin müəyyən edildiyi proqramın nəzərdə tutulduğu müddətdə uğurla icrası rayonlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin genişləndirilməsinə, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına, kənd təsərrüfatının inkişafına yol açdı. Beləliklə, birinci Dövlət Proqramı 2004-2008-ci illərdə ölkənin inkişafının yeni mərhələyə qədəm qoymasını təmin etdi.
Ötən illərdə Azərbaycanda neft-qaz hasilatının artması, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyəti gəlirlərin əhəmiyyətli dərəcədə artmasına, ölkəmizin davamlı inkişafına əlverişli zəmin yaratdı. Bu baxımdan Azərbaycanın sosial-iqtisadi inkişafını şərtləndirən əsas amillərdən biri təbii neft gəlirlərinin düzgün təyinatı üzrə istifadəsidir. Amma o da məlumdur ki, dünyada neft ölkəsi olaraq tanınan dövlətlərin əksəriyyəti "qara qızıl"ın gətirdiyi üstünlüklərdən lazımınca faydalana bilməyib. Bəzi dövlətlərin praktikasından ölkənin taleyinin yalnız neft gəlirlərinin ümidinə buraxılmasının doğurduğu arzuolunmaz fəsadlar yaxşı məlumdur. Ölkəmizdə isə sosial-iqtisadi sferada son bir neçə ildə qazanılan nailiyyətlər göstərir ki, neft gəlirlərindən istifadədə düzgün metodlar tətbiq olunur. Lakin Azərbaycan hakimiyyətinin yeritdiyi iqtisadi siyasət xəttinin kökündə iqtisadiyyatın məhz neftdən asılılığının azaldılması dayanır. Neftdən asılı olmayan güclü iqtisadiyyatın qurulmasına doğru atılan addımları Azərbaycanın bütün rayonlarının timsalında görmək mümkündür.
Əldə edilən sosial-iqtisadi uğurların davamlı və daha əzəmətli olmasını təmin etmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ildə regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramını təsdiq edib. 2009-2013-cü illəri əhatə edən bu proqram birinci Dövlət Proqramının davamı olaraq, bölgələrin daha genişmiqyaslı tərəqqisində, əhalinin rifahının yüksəldilməsində və həyata keçiriləcək digər tədbirlərdə öz əksini tapıb.
Bir məsələni də qeyd etmək istərdim. Bu da son illərdə respublikamızın bütün bölgələrini əhatə edən infrastruktur layihələrinin həyata keçirilməsidir. Çünki dinamik inkişafı şərtləndirən vacib amillərdən biri bütün sahələr üzrə təkmil infrastrukturun olmasıdır. Əgər elektrik enerjisinin verilişi lazımi səviyyədə təmin edilməsə, yollar pis vəziyyətdə olsa, dəniz və hava limanları müasir standartlara cavab verməsə, kommunal və bank xidmətlərinin səviyyəsi yüksəlməsə, otellər, xəstəxana və idman qurğuları olmasa heç bir inkişafdan danışmaq mümkün deyil! Ona görə də ölkə rəhbərliyinin qarşıya qoyduğu əsas məqsədlərdən biri də infrastrukturun inkişaf etdirilməsidir.
Zamanın nəbzini düzgün tutmaqla, mövcud iqtisadi potensialdan və resurslardan, bütün imkanlardan səmərəli şəkildə istifadə etməklə ölkə iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına böyük uzaqgörənliklə nail olan Prezident İlham Əliyev bununla həm də ulu öndər Heydər Əliyevin ideyalarını, arzularını, görmək istədiklərini reallaşdırdı. Təbii ki, bütün bunlar bizə inkişafın Azərbaycan modelini inamla bütün dünyaya təqdim etməyə imkan verir.
Azərbaycan iqtisadiyyatının inkişaf modelinin elmi-nəzəri əsaslarının işlənib hazırlanması, bu istiqamətdə geniş tədqiqat işlərinin aparılması da günün vacib tələblərindən biridir. Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ön söz və ideya müəllifi olduğu "İnkişafın Azərbaycan modeli" kitabı bu istiqamətdə atılan ilk addımlardan biridir. Buradakı təhlillər ölkəmizin inkişafı ilə maraqlanan hər bir kəs üçün olduqca dəyərli əyani vasitədir. Kitabda Azərbaycanda elmi əsaslarla hazırlanıb həyata keçirilən sosial-iqtisadi siyasət, reallaşdırılan islahatlar, milli inkişaf modelini fərqləndirən məsələlər kimi çəkilir, əldə olunan nailiyyətlərin xronologiyasına diqqət yetirilir. İqtisadi keçid dövrünü başa vuran Azərbaycanda əvvəlki sosial-iqtisadi münasibətlərin, institutların bazar iqtisadiyyatına uyğun olaraq transformasiyası, yenilərinin formalaşması prosesinə nəzər salınır.
"İnkişafın Azərbaycan modeli" əsərinin növbəti müzakirəsinin Lənkəranda keçirilməsi təsadüfi deyil. Çünki son illərdə bütün bölgələrimiz kimi Lənkəran da inkişafın Azərbaycan modeli əsasında xeyli inkişaf edib. Son 7 ildə Prezident İlham Əliyev 7 dəfə Lənkərana səfər edib. Hər səfər yeni müəssisələrin, xidmət sahələrinin istifadəyə verilməsi ilə əlamətdar olub. Bu mövzuda çıxış üçün söz Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İBRAHİMOVa verilir.
Tofiq İBRAHİMOV:
- Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra sosialist iqtisadi münasibətlərindən bazar iqtisadiyyatı münasibətlərinə keçməyə başladı. Lakin bu münasibətlərin qurulması üçün möhkəm siyasi sabitlik, yeni qanunlar, əsaslı islahatlar tələb edilirdi. Dövlət müstəqilliyi elan olunanda isə Azərbaycanda bunların heç biri yox idi. Əksinə, ölkə daha ağır vəziyyətə düşdü, iqtisadiyyat dağıldı, keçmiş əlaqələr pozuldu. Belə bir dövrdə ölkəyə hansısa iqtisadi modelə əsaslanan inkişaf yolu seçmək lazım idi. Lakin o vaxtkı rəhbərlər bu yolu tapa bilmədilər. Nəticədə ölkədəki durum daha da pisləşdi, iqtisadi tənəzzül baş alıb getdi.
Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdandan sonra bu fəlakətə son qoyuldu, iqtisadiyyatın dirçəlməsi üçün əməli işlər görüldü. Məhz ulu öndərin müdrik düşüncəsi ilə başlanmış iqtisadi islahatlar kursu Azərbaycanın əsl milli inkişaf modelini formalaşdırdı və bu model üzrə ölkəmiz dönməz siyasi sabitlik və davamlı inkişaf yoluna çıxdı. Bu gün fəxrlə deyə bilərik ki, bu inkişaf modeli artıq özünü dünyada "İnkişafın Azərbaycan modeli" kimi təsdiq edib, dünya birliyi tərəfindən keçid dövrünü yaşayan dövlətlər üçün milli tərəqqinin parlaq nümunəsi kimi qəbul olunub. Bunu Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatların nəticələri bir daha sübut edir. Cənab Prezidentin təsdiq etdiyi sosial-iqtisadi inkişaf proqramlarının icrası istiqamətində görülən işlər nəticəsində iqtisadiyyatımız getdikcə güclənir, əhalinin yaşayış səviyyəsi durmadan yüksəlir, pensiyalar, maaş və müavinətlər çoxalır, quruculuq-abadlıq işləri genişlənir, yeni iş yerləri açılır. Bir sözlə, Azərbaycan dinamik inkişaf yolu ilə inamla irəliləyir.
Bu barədə bir sıra kitablar, məqalələr yazılıb. Bunların arasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya müəllifi olduğu "İnkişafın Azərbaycan modeli" kitabı xüsusilə fərqlənir. Kitab milli iqtisadiyyatımızın inkişaf yolunun göstəricisi olmaqla bərabər, həm də müstəqillik tariximizin ən şərəfli səhifələrini əks etdirən qiymətli tarixi mənbədir. Kitabdakı məqalələri oxuduqca keçid dövrü adlandırdığımız müstəqillik illəri və bu illər ərzində baş vermiş hadisələr bir anlıq göz önünə gəlir. Oxucuya bir daha aydın olur ki, bugünkü əmin-amanlığa, siyasi sabitliyə, dinamik inkişafa yetişmək üçün hansı əziyyətlər çəkilib, hansı miqyasda işlər görülüb. Kitab həm də "Azərbaycan" qəzetinin yaradıcı kollektivinin əməyinin bəhrəsidir. Mən bu münasibətlə qəzetin bütün kollektivini təbrik edirəm və kitabın müzakirəsinə həsr olunmuş növbəti "dəyirmi masa"nın Lənkəran şəhərində keçirilməsinə görə təşəkkürümü bildirirəm.
Kitabda əks olunmuş sosial-iqtisadi inkişafın bütün sahələr üzrə nəticələri Lənkəranın da simasından aydın görünür. Hər bir lənkəranlı şahiddir ki, son illər ərzində burada çox böyük işlər görülüb. Şəhərin hər yerində geniş miqyaslı quruculuq-abadlıq işləri aparılıb, çoxlu müəssisə, təhsil və səhiyyə obyekti tikilib istifadəyə verilib, iş yerləri açılıb. Sənayedə, kənd təsərrüfatında, tikintidə, təhsildə, səhiyyə xidmətində yüksək nailiyyətlər qazanılıb. Bütün bunlar iqtisadi ənənələrin bərpası sayəsində mümkün olub.
Hələ sovet dövründə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Lənkəran rayonu da sürətlə inkişaf etmişdi. O zaman Lənkəran aqrar bir rayondan sənaye istehsalı ilə məşğul olan şəhərə çevrilmişdi. Həmin illərdə Lənkəranda çoxlu zavodlar, fabriklər, məktəblər, uşaq bağçaları, xəstəxanalar, mədəniyyət müəssisələri, xidmət obyektləri, hava limanı, şəhərlərarası avtovağzal tikilmiş, park və bağlar, yeni yollar, körpülər salınmış, kəndlərin və qəsəbələrin siması tamamilə dəyişmişdi.
Əlbəttə, bütün bunlar ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə əldə olunmuşdu. Müstəqillik illərində də bu qayğı davam edib və rayonun iqtisadiyyatı sürətlə bərpa olunub. Bu gün lənkəranlılar həmin qayğını Prezident İlham Əliyevdən görürlər. Cənab Prezidentin ötən müddətdə 7 dəfə Lənkərana səfər etməsi deyilənlərin sübutudur.
Lənkəran ölkənin cənub bölgəsində çox əlverişli coğrafi mövqedə yerləşir. Hələ qədim zamanlardan bura bölgənin iqtisadi və mədəni mərkəzi sayılmış, ticarət yolları üstündə yerləşdiyindən ətraf bölgələrin inkişafında da əhəmiyyətli rolu olmuşdur. İndi də bura Lənkəran iqtisadi rayonunun mərkəzi hissəsidir. Şimal-cənub nəqliyyat dəhlizi buradan keçir. Rayonda beynəlxalq hava limanı tikilib istifadəyə veriləndən sonra beynəlxalq reyslər açılıb. Bura gələn turistlərin sayı ilbəil artır.
Qeyri-neft sektorunun inkişafı ilə bağlı cənab Prezidentin həyata keçirdiyi siyasətin bəhrəsidir ki, rayonun iqtisadi imkanları artdıqca yerli gəlirlər də çoxalır və mərkəzin dotasiyasından asılılıq getdikcə azalır. Regionların sosial-iqtisadi inkişafı birinci Dövlət Proqramının icrası ilə əlaqədar rayonda sənayedə, kənd təsərrüfatında, tikinti-quruculuq sahəsində iri layihələr həyata keçirilib, emal müəssisələri, təhsil, səhiyyə və xidmət obyektləri tikilib istifadəyə verilib. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı, ölkəmizin hər yerində olduğu kimi, Lənkəran rayonunda da əsasən yerinə yetirilib. Bu proqramın yerinə yetirilməsi nəticəsində rayonda 24035 yeni iş yeri açılıb. Hazırda isə 2009-2013-cü illər üçün qəbul olunmuş yeni proqram uğurla həyata keçirilir.
2010-cu ildə rayon üzrə ümumi məhsul buraxılışı 190,3 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 9 faiz çoxdur. Qeyri-neft sektorunun prioritet sahələrindən olan aqrar sahənin inkişafı da rayonda uğurla həyata keçirilir. Rayon subtropik zonada yerləşdiyindən burada sənaye ilə yanaşı, kənd təsərrüfatının inkişafı üçün də əlverişli şərait var. Keşmişdə də Lənkəran özünün faraş tərəvəzi, ətirli çayı, sitrus meyvələri, gözəl təbiəti və digər təbii ehtiyatları ilə tanınmışdır. Bu imkanlar bu gün də Lənkəranda var. Əslində əhalinin böyük bir hissəsinin gəlirləri birbaşa bu imkanlardan asılıdır. Ona görə də göstərilən sahələrin inkişafı üçün rayonda əməli işlər görülür. İlk növbədə qeyd edim ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət qayğısının artması bu sahədə çalışanların böyük marağına səbəb olub. Bundan başqa, son vaxtlar rayonda irihəcmli emal müəssisələrinin istifadəyə verilməsi də məhsul istehsalçılarını xeyli həvəsləndirir.
Rayonda
heyvandarlıq sahəsində inkişaf davam edir. Sutkada 60 ton
istehsal gücünə malik "Nur-süd" müəssisəsinin
fəaliyyətə başlaması heyvandarlığın
inkişaf etdirilməsinə güclü təkan verib.
"Gilan-Holdinq" şirkətlər qrupu tərəfindən
tikilib istifadəyə verilmiş, istehsal gücü saatda 30
ton olan "Lənkəran konserv zavodu" yığılan məhsulun
tam emal olunmasına şərait yaradır. Zavod
təkcə Lənkəranda deyil, ətraf rayonlarda da istehsal
olunan məhsulları emal üçün qəbul edir.
Zavodun fəaliyyət dairəsi öz işçilərindən
əlavə minlərlə torpaq sahibi üçün də
iş yeridir. Bundan başqa, zavodun ərazisində
tutumu 2 min ton olan 9 kameralı soyuducu anbar inşa edilmişdir.
Müəssisə tam gücü ilə işləyəndə
burada 350 nəfər çalışacaqdır. Bu da sahibkarlara yetişdirdiyi məhsulu istənilən
müddətə saxlamaq imkanı verəcəkdir.
Lənkəran
üçün ötən ilin əlamətdar hadisəsi Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin Lənkərana
səfəridir. Səfər zamanı cənab Prezident yeni tikilmiş
konserv zavodunun, soyuducu anbarın, mini çay fabrikinin, istehsal
gücü ildə 15 ton olan "Paldad" dondurma zavodunun,
Regional Boks Mərkəzinin aşılışında iştirak
edib.
Qeyri-neft
sektorunda iqtisadiyyatın yüksəlişi geniş abadlıq
və quruculuq işlərinin aparılmasında mühüm
rol oynayır.
Rayonda asfaltlanma, yolların təmirinə diqqət
artmışdır. Çətin təbii
şəraitə malik dağ kəndlərinə gedən
yollar əsaslı şəkildə yenidən qurulur. Rayonun elektrik təsərrüfatında, təbii qaz
və içməli su təminatında yaranmış çətinliklərin
həlli istiqamətində ardıcıl işlər
görülür. Sahibkarlığın
inkişafından ötrü iş adamlarına, fermerlərə
bank tərəfindən kreditlər verilir.
Prezident İlham Əliyev
2011-ci ili "Turizm ili" elan etmişdir.
Rayonumuzda müasir turizm obyektləri, mehmanxana və
otellər fəaliyyət göstərir. Bu
sahədə xidmət işinin daha da
yaxşılaşdırılması diqqət mərkəzindədir.
Azərbaycanın
hər bir bölgəsi kimi Lənkəran rayonu da iqtisadi cəhətdən
sürətlə inkişaf edir, insanların həyat şəraiti
getdikcə yaxşılaşır. Bütün bunlar
Prezident İlham Əliyevin uğurlu siyasətinin bəhrəsidir,
xalqa xidmətin parlaq nümunəsidir. "İnkişafın
Azərbaycan modeli" kitabında toplanmış məqalələrdə
də məhz bu siyasət bütün təfərrüatı
ilə açılıb göstərilib.
Bəxtiyar SADIQOV:
- Lənkəran hələ
sovet illərində Azərbaycanın inkişaf etmiş
rayonlarından sayılıb. O zamanlar bu inkişafın əsası
ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana
rəhbərlik etməyə başlamasından sonra
qoyulmuşdu. Sevindirici haldır ki, bu gün Lənkəran
mühiti üçün ənənəvi istehsal və xidmət
sahələri yeni tipli iqtisadiyyatın tələblərinə
uyğun olaraq bərpa edilib. Yəni yeni
tipli iqtisadiyyat Lənkəranın yüksəlişində əsas
amilə çevrilib. Bu barədə
danışmaq üçün söz Lənkəran Şəhər
İcra Hakimiyyəti başçısının
sosial-iqtisadi məsələlər üzrə müavini Rüstəm QURBANOVa verilir.
Rüstəm QURBANOV:
- Bu gün Azərbaycanda
sahibkarlığın, özəl sektorun inkişafına
münbit şərait yaradılıb. Məhz sahibkarlığın
davamlı yüksəlişi, biznes və investisiya
mühitinin yaxşılaşdırılması, daxili və
xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun
dinamik inkişafı nəticəsində 2004-2010-cu illər ərzində
ümumi daxili məhsulun həcmi 3,3 dəfə, əhalinin sosial
müdafiəsinin gücləndirilməsinə yönəldilmiş
büdcə xərcləri 4,8 dəfə, orta aylıq əməkhaqqı
3,3 dəfə, əhalinin gəlirləri 3,8 dəfə,
minimum əməkhaqqı 7,1 dəfə artıb. Yoxsulluq səviyyəsi
bir neçə dəfə azalaraq 9,1 faizə
enib. Bütün bu uğurlar ümummilli lider
Heydər Əliyevin əsasını qoyduğu və cənab
Prezident İlham Əliyevin müvəffəqiyyətlə
davam etdirdiyi siyasi kursun parlaq nəticələridir.
Lənkəran
rayonunun sosial-iqtisadi həyatında müşahidə olunan
yüksəliş də bu siyasətin bəhrəsidir. Regionların
sosial-iqtisadi inkişafına dair birinci və ikinci Dövlət
Proqramının icrası istiqamətində
görülmüş işlər nəticəsində rayon
iqtisadiyyatında əsaslı keyfiyyət dəyişiklikləri
baş verib. Kitabın əhatə etdiyi
dövrdə əldə olunmuş inkişaf Lənkəranda
2010-cu ildə də davam edib, makroiqtisadi göstəricilər
əvvəlki illərlə müqayisədə əhəmiyyətli
dərəcədə yaxşılaşıb. Rayonda
ümumi məhsul buraxılışının həcmi
2004-cü illə müqayisədə 2,3 dəfə,
2009-cu illə müqayisədə 11,2 faiz artıb.
İqtisadiyyatın
aparıcı sahəsi olan sənayedə məhsul
istehsalı 2003-cü illə müqayisədə 2,4 dəfə, 2009-cu illə müqayisədə
isə 5,4 faiz artaraq 12,1 milyon manata çatıb. İstehsalın
həcmi emal sənayesində 6,3 faiz
artıb. Sənaye məhsulunun 70 faizi
iqtisadiyyatın qeyri-dövlət bölməsində istehsal
olunub.
Ötən il sahibkarlara,
iş adamlarına və vətəndaşlara bank və kredit
təşkilatları tərəfindən 50,0
milyon manat kredit verilib. 2010-cu ilin mart ayında Bakı şəhərində
keçirilən "Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nın
(2009-2013-cü illər) icrasının birinci
ildönümü ilə əlaqədar sərgidə rayon
sahibkarlarının istehsal etdikləri məhsullar da
nümayiş etdirilib.
Əhalinin hər nəfərinə
düşən pul gəlirləri 2003-cü illə
müqayisədə 3,1 dəfə artaraq
1701 manat təşkil edib. Rayonun iqtisadi və sosial sahələrində
muzdla işləyənlərin orta aylıq əməkhaqqı
2003-cü illə müqayisədə 7 dəfə, ötən
ilə nisbətən 15,2 faiz artaraq 204
manata çatıb.
Rayonumuzda
müharibə veteranlarına, əlillərə, şəhid
ailələrinə və aztəminatlı ailələrə
qayğı göstərilməsi daim diqqət mərkəzindədir. Belə ki, son 5 ildə 10 nəfər
Böyük Vətən müharibəsi və Qarabağ əlili
pulsuz "Oka" markalı avtomobillə təmin olunub, 44 nəfər
əlilə əlil arabası verilib. Həmçinin son illərdə
Lənkəran şəhərində Qarabağ əlilləri
və şəhid ailələri ücün 3
yaşayış binası, 6 nəfər Qarabağ müharibəsi
əlili üçün fərdi yaşayış evi tikilib
istifadəyə verilmişdir. Ötən il
ərzində əlillərə 10 min manat maddi yardım
göstərilib. Hazırda 14 nəfər sosial
işçi tərəfindən 116 nəfər ahıl və
tənha vətəndaşa xidmət göstərilir.
Rayonda məskunlaşmış
qaçqın və məcburi köçkün ailələrinin
sosial-məişət problemlərinin həlli istiqamətində
müntəzəm iş aparılır. Lənkəranda
258 nəfər məcburi köçkün məskunlaşıb.
Onların yaşadıqları binalar təmir
edilib, su və enerji təchizatı
yaxşılaşdırılıb. Məcburi
köçkünlərə müntəzəm olaraq tibbi xidmət
göstərilir və pulsuz dərman preparatları verilir.
Son 5 ildə şəhər icra hakimiyyəti tərəfindən
məcburi köçkünlərə 120 min manatlıq ərzaq
yardımı verilib.
Bəxtiyar SADIQOV:
-
İnkişafın Azərbaycan modelində turizmin
inkişafına və mədəniyyətimizin təbliğinə
xüsusi diqqət ayrılır. Dövlət turizmin
inkişafını yalnız təşviq etməklə kifayətlənmir,
həmçinin zəruri olan addımları atır. Təbii ki, turizmin inkişafı üçün
gözəl yollar, hava limanları, fasiləsiz elektrik təminatı
lazımdır. Fərəhli haldır ki,
bu gün ölkəmizdə bu deyilənlərin hamısı
var. Eləcə də mədəni irsimizin qorunması və
dünyada tanıdılması üçün dövlət
üzərinə düşən bütün vəzifələri
yerinə yetirir. Bu barədə
çıxış etmək üçün söz Lənkəran
Şəhər Mədəniyyət və Turizm Şöbəsinin
müdiri Vasif FƏRZULLAYEVə
verilir.
Vasif FƏRZULLAYEV:
- Bütün respublikada
olduğu kimi, Lənkəran rayonunda da mədəniyyət və
turizmin inkişafı ulu öndər Heydər Əliyevin
adı ilə bağlıdır. Hələ sovet
dövründə Lənkəranda ulu öndərin təşəbbüsü
ilə mədəniyyətin inkişafından ötrü
çoxlu iş görülüb, 100-ə qədər mədəniyyət
obyekti tikilib. Yerli folklor nümunələrinin
qorunması məqsədilə yaradılmış "Şənlik"
və "Nənələr" ansamblları dəfələrlə
xarici ölkələrə mədəni əlaqələr
çərçivəsində səfərlər ediblər.
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə
xalqın təkidi ilə siyasi hakimiyyətə
qayıdışından sonra bütün sahələrdə
olduğu kimi, mədəniyyət və turizm sahəsində
də yeni inkişaf mərhələsi başlanıb. Ulu öndərin layiqli siyasi davamçısı
olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə respublikamız inkişafını
uğurla davam etdirərək bütün sahələrdə
olduğu kimi mədəniyyət və turizm sahəsində də
mühüm nailiyyətlərə imza atıb.
Son illər
respublikada həyata keçirilən uğurlu mədəniyyət
və turizm siyasəti öz çoxşaxəliliyi və
uzunmüddətli səmərəvermə perspektivi ilə
diqqəti çəkir. Ölkə başçısı mütəmadi
olaraq mədəniyyət və turizm sahəsi ilə
bağlı fərman və sərəncamlar imzalayıb.
Heç də təsadüfi deyil ki, 2011-ci il
cənab Prezident tərəfindən "Turizm ili" elan
olunub. Rayonumuzda da bu sahəyə olan diqqət və
qayğı gündən-günə artmaqdadır.
Lənkəran
rayonu təbiəti, zəngin təbii-coğrafi ehtiyatları,
əlverişli iqlimi, özünəməxsus kulinariyası və
digər potensial üstünlüklərinin mövcudluğu
ilə geniş turizm imkanlarına malikdir. Bir tərəfdən
dağlarla, digər tərəfdən dənizlə əhatə
olunan Lənkəranda turizmin inkişafı üçün əlverişli
şərait var. Rayonda turizmin inkişafı ilə
bağlı kompleks tədbirlər görülüb. Belə ki, şəhərin mərkəzində
respublikada analoqu olmayan ulu öndər Heydər Əliyevin
adını daşıyan xatirə parkı və muzey istifadəyə
verilib. Rayonun bir sıra yerlərində
yeni park və istirahət guşələri yaradılıb.
Turizmin inkişafı məqsədilə şəhərin
girəcəyində Xalq Sənətkarlığı şəhərciyi
salınıb. Açılışda
iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev bu şəhərciyin salınmasını
yüksək qiymətləndirib.
Lənkəranda
turizm infrastrukturunun yaradılmasına, turizm sektorunun
inkişafına nail olmaqdan ötrü sərmayəçilərin,
donor təşkilatların bu sahəyə cəlb edilməsi
işi davam edir. Yerli və beynəlxalq turizm şirkətləri
ilə əlaqələr yaradılır. Xalq
Sənətkarlığı Mərkəzində Turizm
İnformasiya Mərkəzi açılıb. Rayonumuzda dulusçuluq, həsir toxuma və
xalçaçılıqla məşğul olanlarla əlaqə
qurulub və suvenirlərin istehsalından ötrü
hazırlıq görülüb. 2010-cu il
ərzində Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən mehmanxana və
mehmanxana tipli obyektlərin əməkdaşları
üçün Türkiyədən dəvət olunmuş
mütəxəssislərin iştirakı ilə xüsusi
hazırlıq kursları keçirilmiş və sertifikatlar
verilmişdir.
Mədəni
irsin qorunması və mühafizəsi dövlətimizin daim nəzarətindədir. Bildiyimiz kimi,
turizm sektorunun inkişafında abidələrin lazımi səviyyədə
təbliğ və təqdim olunması xüsusi rol
oynayır. Rayon rəhbərliyi tərəfindən
bu sahəyə daim diqqət və qayğı göstərilir.
Bu istiqamətdə bir sıra tədbirlər həyata
keçirilib.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 132 saylı qərarı ilə
Lənkəranda 87 tarix və mədəniyyət abidəsi
qeydiyyata alınıb və dövlət mühafizəsinə
götürülüb. Bu abidələrin turizm üçün
müəyyən edilmiş marşrutlar üzrə səmərəli
istifadə edilməsi məqsədilə hazırlıq
işləri tamamlanmaq üzrədir. Rayonun
ərazisində yerləşən tarix və mədəniyyət
abidələrinin mühafizəsi ilə bağlı kompleks tədbirlər
həyata keçirilir. Abidələr haqda
üç dildə (Azərbaycan, ingilis, rus,) məlumat
kitabçaları hazırlanıb. Lənkəran
Tarix-diyarşünaslıq muzeyində rayonun turizm
potensialını əks etdirən yeni ekspozisiya qurulub.
Lənkəran
şəhərində Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə
tutulduğu kimi, "Dairəvi Qala" abidəsinin bərpası
2010-cu ildə başa çatdırılıb. Lənkəran
Şəhər İcra Hakimiyyətinin təşəbbüsü
ilə Həzi Aslanovun ev-muzeyində əsaslı bərpa
işləri aparılıb, yeni ekspozisiya qurulub. Tarix-diyarşünaslıq muzeyində əsaslı
bərpa işlərinin aparılması dövlət
proqramında 2012-ci ildə nəzərdə tutulub.
Fərəhli
haldır ki, turizm sahəsində kiçik və orta
sahibkarlığın inkişafına lazımi şərait
yaradılır. Rayonumuzda ekoturizmin inkişafı ilə
bağlı kəndlərdə müvafiq məişət
şəraitinə malik evlər aşkarlanır. Sahiblərinin razılığı əsasında tələb
olunan şərait və xidmət reallaşdıqdan sonra
turistlərin qəbulu tələb olunan səviyyədə
gerçəkləşdiriləcəkdir. Lənkəran hava limanının, dəmir yolu və
avtomobil vağzalının, Hirkan Milli Parkının turizmin
inkişafında səmərəli istifadə edilməsi,
balıqçılıq və ovçuluqla məşğul
olmaq istəyən turistlər üçün
razılaşdırılmış ərazilərdə ov
mövsümlərinin təşkil edilməsi imkanları
araşdırılır. Hirkan Milli
Parkında xüsusi ekoturizm marşrutları əsasında gəzintilər
təşkil olunur.
Dövlətimizin
turizm sahəsinə göstərdiyi diqqət və
qayğı nəticəsində rayona gələn turistlərin
sayı ildən-ilə artmaqdadır. Heç də təsadüfi
deyildir ki, 2010-cu ildə rayonumuza gələn turistlərin
sayı 8 mindən artıq olub. Xarici
turistlərin sayı 2006-cı illə müqayisədə 50
faiz çoxalıb.
Lənkəran
Şəhər İcra Hakimiyyətinin təşəbbüsü
ilə Lənkəranın turizm imkanlarını əks etdirən
bələdçi kitabının, turizm marşrutu xəritələrinin
və videoçarxın hazırlanması sifariş edilib. Yaxın gələcəkdə
dağ turizminin inkişafı məqsədilə kanat
yollarının çəkilməsi imkanları
araşdırılır. Rayonun turizm
potensialının təbliği məqsədi ilə Lənkəran
Şəhər İcra Hakimiyyətinin Azərbaycan, rus və
ingilis dillərində internet saytı fəaliyyət göstərir,
burada yeniliklər haqqında mütəmadi məlumatlar
verilir. Eyni zamanda, mədəniyyət və
turizm şöbəsinin rəsmi saytında rayonun turizm
potensialı və bu sahədə görülən işlər
davamlı olaraq təbliğ olunur. Bu sahədə
görülən işlər yaxın gələcəkdə
rayonumuzu beynəlxalq turizm mərkəzinə çevirəcəkdir.
Bəxtiyar SADIQOV:
- Son illər dünya ölkələri
üçün heç də asan keçmədi. Maliyyə böhranı, iqtisadi çətinlik ən
böyük şirkətlərə, aparıcı dövlətlərə
güclü təsir göstərdi. Amma Azərbaycan
iqtisadiyyatı bunun təsirini nisbətən az
hiss etdi. Bu da inkişafın Azərbaycan
modelinin üstün cəhətidir. Bu
modeldə sosial məsələlərə də xüsusi
diqqət ayrılır. Sosial məsələlərlə
bağlı Lənkəranda görülən işlər barədə
məlumat vermək üçün söz Lənkəran
Şəhər İcra Hakimiyyəti
başçısının təhsil, səhiyyə və mədəniyyət
məsələləri üzrə müavini Səmədağa ABDULLAYEVə verilir:
Səmədağa ABDULLAYEV:
- Bütün respublika
üzrə aparılan quruculuq, abadlıq, yenidənqurma və
bərpa işləri Lənkəran rayonunda da geniş vüsət
alıb. Təhsil, səhiyyə və mədəniyyət
sahəsində əldə olunmuş nailiyyətlər
xüsusi əhəmiyyət kəsb edir. Belə
ki, keçən dövr ərzində istər dövlət vəsaiti,
istərsə də Heydər Əliyev Fondunun təşəbbüsü
ilə rayonda 23 təhsil müəssisəsi inşa edilib.
Bu il əsaslı təmir olunmuş 4
saylı məktəb üçün 560 yerlik yeni əlavə
korpus, 220 yerlik Osaküçə kənd məktəbi
üçün yeni bina inşa edilir. Səpnəkəran
orta məktəbin idman zalının bütün
avadanlıqlarla təmin edilməsi bu təhsil müəssisəsini
idman mərkəzi halına gətirib. Dəniz səviyyəsindən
1200 metr hündürlükdə yerləşən Tüədo
kəndində Heydər Əliyev Fondunun xətti ilə
inşa edilmiş məktəb bütün zəruri
avadanlıqlarla, kompüterlərlə, şagirdləri isə
məktəbli geyimi və çantalarla təmin edilib. Heydər Əliyev Fondunun xətti ilə birinci sinifə
qəbul edilən 2400 nəfər şagirdin hər birinə
17 adda məktəb ləvazimatı verilib.
Lənkəran
uşaq evi Heydər Əliyev Fondunun xətti ilə əsaslı
təmir olunaraq inventar və avadanlıqlarla tam təchiz
olunub. Burada tərbiyə olunanların hər birinə eyni
səviyyədə diqqət və qayğı göstərilir,
körpələrin problemləri həll edilir. Onlar uşaq evini bitirdikdən sonra da himayə
altındadırlar. Ən önəmli
hadisələrdən biri də Xüsusi İnternat Məktəbinin
yeni inşa edilmiş, müasir dizayna malik, zəruri inventar və
avadanlıqlarla təmin olunmuş binaya
köçürülməsidir. Burada
yaradılmış yüksək səviyyəli şərait
uşaqların valideynlərinin müəssisəyə
etibarını artırıb. Son 5 ildə Lənkəranda
5 nəfər "Əməkdar müəllim" fəxri
adına, 4 nəfər "Tərəqqi" medalına, 9 nəfər
"Azərbaycan Respublikasının qabaqcıl təhsil
işçisi" döş nişanına layiq
görülmüş, 2 nəfər isə "Ən
yaxşı müəllim" müsabiqəsinin qalibi
olmuşdur.
Səhiyyə
sahəsində də əhəmiyyətli işlər
görülüb. Lənkəran şəhərində Müalicə
Diaqnostika Mərkəzi, Uşaq Poliklinikası, 23 həkim və
tibb məntəqəsi tikilib istifadəyə verilib, Onkoloji xəstəxana,
travmatologiya şöbəsi təmir edilib, müasir tibbi
avadanlıqlarla təmin olunmuş Perinatal mərkəz
yaradılıb.
"Fitac" teatr hərəkatının
üzvü olan Nəcəf bəy Vəzirov adına Lənkəran
Dövlət Dram Teatrı ötən il qardaş Türkiyənin
Ankara şəhərində keçirilən beynəlxalq
teatr festivalında iştirak edib, Naxçıvan Milli Məclisi
sədrinin dəvəti ilə Naxçıvan şəhərində
3 günlük qastrol səfərində olub. Teatr
həmçinin Fransa, İspaniya, Gürcüstan, Ukrayna
respublikalarının, Rusiya Federasiyasının teatr xadimləri
ilə də əməkdaşlıq əlaqələri qurub.
Lənkəran
şəhərində Heydər Əliyev Xatirə muzeyi
inşa edilib, Həzi Aslanovun ev-muzeyi və "Dairəvi
Qala" tarixi abidələri əsaslı bərpa olunub, Xalq
Sənətkarlığı Mərkəzi yaradılıb. Uşaq musiqi
məktəblərinin bədii özfəaliyyət kollektivləri
Bakı şəhərində baxış müsabiqələri
və dövlət tədbirlərində, muğam müsabiqələrində
müvəffəqiyyətlə iştirak ediblər. Hazırda Heydər Əliyev İdarəçilik
Universitetində əlamətdar və tarixi günlərlə
bağlı məşğələlər keçirilir.
Mərkəzi Kitabxana Sisteminin rəsmi elektron
saytı fəaliyyət göstərir və burada mədəniyyət
sahəsində görülmüş işlər barəsində
ardıcıl yenilənən məlumatlar yerləşdirilir.
2011-ci il Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən Lənkəran şəhəri
"Folklor paytaxtı" elan edilib. Bu tədbir
çərçivəsində rayonda müxtəlif tədbirlərin
keçirilməsi nəzərdə tutulur.
Gənclər
və idman sahəsində də bir sıra uğurlar
qazanılıb. 2010-cu ildə yeni binaya köçmüş Lənkəran
Gənclər və İdman İdarəsi il
ərzində gənclər sahəsi üzrə 46 tədbir həyata
keçirib. Bu tədbirlərdə 6885 nəfər
yeniyetmə və gənc iştirak edib. 2010-cu il ərzində
17 respublika çempionatında, 29 respublika birinciliyində, 9
turnirdə, 2 olimpiadada və beynəlxalq turnirdə müxtəlif
idman növləri üzrə rayonun yığma
komandalarının iştirakı təmin edilib. Lənkəran şahmat məktəbinin yetirmələri
respublika, Avropa və dünya birinciliklərində müvəffəqiyyətlə
çıxış ediblər. Hazırda
bu tədris müəssisəsinin təmsilçiləri
Moskva şəhərində keçirilən yarışda
mübarizə aparırlar.
Azərbaycanın
beynəlxalq nüfuzunun artması, iqtisadiyyatının, mədəniyyətinin
inkişafı, ölkədə elm, təhsil, səhiyyə,
ordu quruculuğu sahəsində görülən məqsədyönlü
işlər ulu öndərin dövlətçilik irsinin
davamının göstəricisidir. Azərbaycanın
müasir dövrdə qazandığı sosial-iqtisadi, siyasi
uğurlar məhz Heydər Əliyev siyasi kursunun qətiyyətlə
davam etdirilməsinin nəticəsidir.
Bəxtiyar SADIQOV:
- Azərbaycan görünməmiş
sürətlə inkişaf edir, yeniləşir. Bugünkü
Azərbaycan 10 il bundan əvvəlkindən
əhəmiyyətli dərəcədə fərqlənir. Lənkəran da abadlıq və quruculuq işləri
nəticəsində öz simasını dəyişib,
müasirləşib. Tək lənkəranlılar
deyil, bura gələn qonaqlar da bundan qürur hissi keçirirlər.
Lənkəranda gedən abadlıq və quruculuq
işləri barədə danışmaq üçün
söz Lənkəran Şəhər İcra Hakimiyyəti
başçısının şəhər təsərrüfatı
üzrə müavini Möhübbət BABAYEVə verilir.
Möhübbət BABAYEV:
- Son illər ərzində
aparılan geniş quruculuq və abadlıq işləri nəticəsində
Lənkəran şəhəri öz simasını tamamilə
dəyişib. Heydər Əliyev Xatirə
parkı yenidən qurulub, parkda ulu öndərin əzəmətli
abidəsi ucaldılıb, müasir tipli fəvvarələr
tikilib. 20 Yanvar şəhidlərinin xatirə kompleksi, Əsgər
Əliyev adına "Dostluq" parkı, Azərbaycanlıların
soyqırımı parkı, Həzi Aslanov parkı da yenidən
əsaslı təmir edilib, Dənizkənarı park,
Göyşaban kəndində Xalq Sənətkarlığı
şəhərciyi, Göyşaban dairəsində qədim Lənkəran
qalasının rəmzi divarı və ətrafında abidələr
kompleksi inşa olunub, Ləvəngi, Qumbaşı,
Göyşaban və Gərmətük yol dairələrində
mənzərəli guşələr yaradılıb, şəhərin
küçələrinin 95 faizi asfaltlanıb, magistral yollarda
və küçələrdə yol kənarlarına
bardürlər və səkilərə tamet-metlax
örtüyü düzülmüşdür. Bütün
park və meydanlar, əsas küçələr müasir
işıqlandırma dirəkləri ilə
işıqlandırılıb, ümumilikdə 4000-nə
yaxın işıq dirəkləri quraşdırılıb
ki, bu da Lənkəran şəhərinin simasını daha
da dəyişir və əzəmətli edir.
Dövlət tərəfindən
son illərdə şəhərdə 14-ə yaxın qəza
vəziyyətində olan çoxmərtəbəli
yaşayış binalarının bünövrələrində
gücləndirmə və bərpa işləri
aparılıb. Şəhərin Şəhidlər xiyabanı
küçəsində yerləşən 5 mərtəbəli
40 mənzilli və İstisu qəsəbəsində 2 mərtəbəli
16 mənzilli qəza vəziyyətində olan
yaşayış binalarının sakinləri
üçün yeni binalar inşa edilərək onların
istifadəsinə verilib. Dövlət vəsaiti hesabına son
7 ildə rayon ərazisindən keçən magistral yollara,
şəhərin küçələrinə və kəndarası
yollara ümumilikdə 670,3 min kvadratmetr sahəyə asfalt
örtüyü döşənib, yeni parklar, bağlar və
yaşıllıq zolaqları salınıb, ərazilərdə
müxtəlif növdə minlərlə dekorativ ağaclar və
gül kolları əkilib. Bunun nəticəsidir
ki, kəndlərimiz də günü-gündən gözəlləşir
və şəhər görkəmi alır.
Dövlət
proqramının icrası olaraq son illərdə enerji təchizatını
yaxşılaşdırmaqdan ötrü rayonda yeni kabellər
çəkilib, elektrik dirəkləri və sayğaclar
quraşdırılıb, transformator yarımstansiyaları
inşa edilib.
Rayonda əhalini təbii qazla təmin etməkdən
ötrü mühüm tədbirlər həyata
keçirilib. Rayonun bir sıra kəndlərində, o
cümlədən Aşağı Nüvədi, Kənarmeşə,
Seydəkəran, Tütəpeştə, Viyən, Cil və
Boladi kəndlərində tikinti-quraşdırma işləri
davam edir. Bundan əlavə Gərmətük,
Kosalar, Velədi, Hirkan, Bürcəli, Parakənd və Xanbulan
kəndlərinin də qazlaşdırılması
üçün layihələr hazırlanır.
Lənkəran
şəhərində nəzərdə tutulan içməli
su təchizatı və kanalizasiya sistemində yenidənqurma
aparılması sahəsində bir sıra işlər
görülüb. Dövlət investisiya vəsaiti
hesabına 4 KNS yenidən qurulmuş, 1-i yeni tikilib. Xanbulan-Lənkəran
su xəttində 2,5 km uzunluğunda
özüaxımlı su xətti inşa edilib. Şəhərin
bəzi küçələrində və mikrorayon ərazisində
1,4 km uzunluğunda özüaxımlı
kanalizasiya xətti dəyişdirilib. Artıq
ötən ildən rayonda etibarlı və dayanıqlı su
təchizatı və kanalizasiya xidmətlərindən istifadəni
təkmilləşdirmək məqsədilə ikinci layihənin
həyata keçirilməsinə başlanıb. Bütün bunlar rayonun sosial-iqtisadi inkişafı
sahəsində görülən işlərdir. Bu tədbirlər ardıcıl olaraq davam etdiriləcəkdir.
Bəxtiyar SADIQOV:
- Azərbaycanın iqtisadi
inkişafından danışarkən daha çox
iqtisadçıların fikirlərinə və təhlillərinə
ehtiyac duyulur. İnkişafın Azərbaycan modeli ilə
bağlı çıxış üçün söz
Milli Məclisin Lənkərandan seçilmiş deputatı,
iqtisad elmləri doktoru, professor Rüfət
QULİYEVə verilir:
Rüfət QULİYEV:
-
İnkişafın Azərbaycan modelinin spesifik istiqamətləri,
konseptual yanaşmaları var. İlk istinad edəcəyimiz
yönüm məhz sabitlik amilidir. Respublikamızda
1993-cü ildən sonra ulu öndər Heydər Əliyev tərəfindən
bərqərar edilən sabitlik, həyata keçirilən
demokratik islahatlar Azərbaycanın inkişafına yol
açan əsas faktorlardan oldu. Ulu öndərin
siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi isə təbii ki, bu gün
inkişafın Azərbaycan modelinin formalaşmasında
böyük rol oynayır.
İnkişafı
şərtləndirən ikinci amil makroiqtisadi sabitlikdir. Azərbaycan
öz iqtisadi inkişafı ilə bütün dünyaya
nümayiş etdirdi ki, respublikamızın inkişafı bir
kampaniya deyil, müddətsiz bir prosesdir və bu davam edəcək.
Üçüncü
amil Azərbaycanın neft-qaz ölkəsi olmasıdır. Ölkəmiz
hər zaman təbii sərvətlərlə zəngin olub.
Təqdirəlayiq haldır ki, bu təbii sərvətlərdən
səmərəli istifadə edilir. Karbohidrogen
ehtiyatlar Azərbaycanın inkişafında mühüm rol
oynamaqla yanaşı, həm də ölkəmizin dünya
birliyindəki yerinin möhkəmlənməsinə
böyük təsir göstərir. Bu mənada
ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə
hazırlanan və Prezident İlham Əliyev tərəfindən
qətiyyətlə həyata keçirilən müstəqil
Azərbaycanın neft strategiyası respublikamızın
inkişafında və dünyada milli maraqlarının
qorunmasında əhəmiyyətli rol oynayır. Təbii ki, neft-qaz ehtiyatlarından səmərəli
istifadə olunmazsa, ondan nə dövlət fayda görər,
nə də xalq. Nigeriya da neft ölkəsidir.
Son 40 ildə bu ölkə neft
satışından 270 milyard dollar qazanıb. Amma bu gün Nigeriya dünyanın ən geridə
qalmış ölkələrindən biridir. Burada
adambaşına gündə 1,5 dollar məhsul
istehsalı düşür. Azərbaycanda isə neft-qaz gəlirlərinin
bir hissəsinin qeyri-neft sektoruna yönləndirilməsi
iqtisadi inkişafı sürətləndirir, əhalinin sosial
rifahının yüksəlməsinə, yeni iş yerlərinin
yaradılmasına təkan verir.
Azərbaycanın
iqtisadi inkişafını sürətləndirən
dördüncü amil respublikamızın əlverişli
coğrafi məkanda yerləşməsidir. Ölkəmiz
beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində
yerləşir. Eyni zamanda, Azərbaycanın
beynəlxalq əhəmiyyətli neft-qaz kəmərlərinə
malik olması Xəzərin karbohidrogen ehtiyatlarının
dünyaya çatdırılması baxımından ölkəmizin
əhəmiyyətini artırır. Hazırda
Azərbaycanda bütün istiqamətlərdə avtomobil
yolları yenidən qurulur, hava limanları beynəlxalq
standartlara cavab verir. Mükəmməl nəqliyyat
infrastrukturunun inkişafa hansı töhfələri verdiyini
izah etməyə isə zənnimcə, ehtiyac yoxdur.
Azərbaycanın
inkişafında çox mühüm əhəmiyyət kəsb
edən beşinci amil sosial sabitlikdir. Qeyd edim ki, 1 milyondan
artıq qaçqın və məcburi
köçkünü olan ölkədə sosial sabitliyə
nail olmaq çox çətindir. Bu mənada
Azərbaycan dünyanın bir çox ölkəsinə
nümunə sayıla bilər. Hazırda
Azərbaycan dövlətinin sosial siyasəti uğurla həyata
keçirilir. Bu isə təbii ki, iqtisadi inkişafla
vəhdət təşkil etməklə ölkəmizin
kompleks inkişafında mühüm rol oynayır.
Altıncı
amil Azərbaycanda tolerantlığın qorunması və
inkişaf etdirilməsidir. Azərbaycan
çoxkonfessiyalı bir ölkədir. Amma dünyada
çox az ölkələr tapılar ki,
orada ayrı-ayrı dinlərin, ayrı-ayrı millətlərin
nümayəndələri mehriban və dinc şəraitdə
yaşasınlar. İndiyədək Azərbaycanda
bir dəfə də olsun milli və ya dini zəmində
qarşıdurma baş verməyib. Təbii
ki, bu, ulu öndər Heydər Əliyevin 1993-cü ildən
sonra ölkəmizdə həyata keçirdiyi və bu gün
Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi siyasətin
nəticəsində mümkün olmuşdur. Milli-dini sabitliyin təbii ki, ölkənin
inkişafında öz rolu vardır.
Azərbaycanın
inkişafında yeddinci amil azad sahibkarlıq mühitinin
formalaşdırılmasıdır. Hər bir sahibkar biznes
məqsədilə sərbəst şəkildə öz
işini qura, istənilən sahəyə sərmayə
yatıra bilər. Bütün bunların
son illərdə daha geniş miqyasda təşviq olunması
ölkəmizin dinamik inkişafında mühüm rol
oynayır. Fərəhləndirici
haldır ki, bu gün iqtisadi inkişafının nəticəsi
olaraq respublikamız dünyanın bir çox ölkələrinə
sərmayə yatırır. Azərbaycanın
Gürcüstan,
Təbii ki, Azərbaycanın
milli valyutasının məzənnəsinin sabit qalması da
iqtisadi inkişafda böyük rol oynayan amillərdən
sayılmalıdır. Dünyanın az-az ölkələrində
milli valyutanın məzənnəsinin sabitliyinə təsadüf
edilir. Azərbaycanın milli
valyutasının məzənnəsi son 15 ildə istənilən
valyutaya qarşı sabitdir.
Bir məsələni
də qeyd etmək yerinə düşər ki, Azərbaycan
dinamik və keyfiyyətli inkişafın nəticəsi olaraq
dünyanın bütün tanınmış iqtisadi
qurumlarının reytinq cədvəllərində
öncül yerlərdən birini tutur. Əlbəttə,
bu, Prezident İlham Əliyevin həyata keçirdiyi
inkişaf strategiyasının, Azərbaycanın inkişaf
modelinin özünü doğrultmasının nəticəsidir.
2008-ci ildə dünyanı
cənginə alan beynəlxalq maliyyə və
iqtisadi böhran bir çox ölkəni sınağa çəkdi.
İnkişaf etmiş bir çox ölkələr
bu sınaqdan çıxa bilmədilər, onların
iqtisadiyyatı tənəzzülə uğradı. Cəmi bir neçə ölkə bu sınaqdan
uğurla çıxdı ki, bunlardan da biri Azərbaycandır.
Hesab edirəm ki, məhz bu amil Azərbaycanın
inkişaf modelinin uğurunun ən gözəl təzahürlərindən
biridir.
Bəxtiyar SADIQOV:
- İnkişafın
Azərbaycan modelində sosial məsələlərin
uğurlu həllini təmin edən mühüm istiqamətlər
var. Ölkəmizdə gedən iqtisadi inkişaf paralel olaraq
dövlətin sosial siyasətinin də müvəffəqiyyətlə
həyata keçirilməsini təmin edir. Əhalinin
sosial durumunun durmadan yaxşılaşması həm sabitliyə,
həm də davamlı inkişafa əsaslı təminatdır.
Sosial problemlərin yoluna qoyulması
üçün çoxşaxəli tədbirlərin həyata
keçirilməsi, bütün kateqoriyalardan olan vətəndaşların
sosial rifahının yüksəldilməsi
respublikamızın ictimaiyyəti tərəfindən rəğbətlə
qarşılanır. Bu mövzuda
çıxış üçün söz Milli Məclisin
Sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru,
professor Hadi RƏCƏBLİyə
verilir.
Hadi RƏCƏBLİ:
- Bu "dəyirmi masa"da
biz Azərbaycanın bütün dünyaya səs salan
inkişaf modelini müzakirə edirik. Əlbəttə,
daha çox Lənkəran rayonunun uğurlarının
timsalında biz bu məqama nəzər saldıq. Akademik Ramiz Mehdiyevin ideya müəllifi olduğu
"İnkişafın Azərbaycan modeli" kitabını
çox məmnuniyyətlə, maraqla oxumuşam. İstərdim birmənalı şəkildə qeyd
edim ki, bu kitabın ərsəyə gəlməsi, ümumiyyətlə,
bu istiqamətin elmi araşdırılmasının inkişaf
etdirilməsi Azərbaycanın yeganə rəsmi dövlət
nəşri olan "Azərbaycan" qəzetinin gündəlik
fəaliyyətinin nəticəsidir. Başqa
sözlə, "Azərbaycan" qəzetinin ortaya qoyduğu
sanballı, mükəmməl məhsuldur.
Sosial qanun
yaradıcılığı ilə məşğul
olduğum üçün daha çox inkişafın Azərbaycan
modelində sosial məsələlərə baxışla
bağlı danışmaq istəyirəm. İnkişafın
Azərbaycan modelinin bünövrəsini ulu öndər Heydər
Əliyev qoyub. Yeni iqtisadi sistemə
keçid zamanı Azərbaycanın hansı modeldən
faydalanmasına dair müxtəlif fikirlər irəli
sürülsə də, Heydər Əliyev bazar münasibətləri
əsasında formalaşan sosialyönümlü milli
iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyənləşdirmiş
və Azərbaycan xalqının sosial rifahının
artırılmasını fəaliyyətinin başlıca məqsədi
elan etmişdi. Ulu öndərin rəhbərliyi
altında Azərbaycan modern inkişaf yoluna qədəm
qoymuş, hüquqi, demokratik dövlətə transformasiya
etmiş, o cümlədən sosial tranzitologiya prosesində
böyük müvəffəqiyyətlərə imza
atmışdır. Həyata keçirilən monetizasiya,
yoxsulluğun azaldılması siyasəti, bunlara paralel olaraq
mövcud sosial müdafiə sisteminin bazar iqtisadiyyatı şəraitinə
uyğunlaşdırılaraq keyfiyyətcə yenidən
qurulması, o cümlədən pensiya sisteminin beynəlxalq
normalara və inkişaf etmiş ölkələrin təcrübəsinə
əsaslanan islahatının aparılması, burada həmrəylikdən
fərdi uçota keçid, ünvanlı yardım, populist vədlərdən
uzaqlıq inkişafın Azərbaycan modelinin, həmçinin
sosial siyasətin strateji istiqamətləri sırasında yer
alan amillərlə müəyyənləşdirilmişdir.
Ulu öndərin
həyata keçirdiyi müdrik tədbirlərin bəzi
aspektlərinə nəzər salmaq istəyirəm. Birincisi, Heydər
Əliyev Azərbaycandakı iqtisadi tənəzzülü
aradan qaldırmaq üçün çox cəsarətli
addımlar atırdı. İkincisi, Heydər
Əliyev ağıllı, uzaqgörən addımlar
atırdı. Üçüncüsü,
Heydər Əliyev təcrübədən irəli gələn
addımlar atırdı. Ən
başlıcası isə, Heydər Əliyevin xarizması,
onun şəxsiyyəti, dühası islahatların rahat
keçməsinə kömək edirdi.
2003-cü ildən ulu öndərin layiqli siyasi varisi olan Prezident İlham Əliyevin iqtisadi sferada həyata keçirdiyi siyasətin indi də özünü qabarıq büruzə verən ən önəmli cəhətlərindən biri sosialyönümlülük faktorunun ön plana çəkilməsidir. Qloballaşma prosesinin geniş vüsət aldığı yeni əsrdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sosial siyasəti obyektiv qanunauyğunluqları, bazar iqtisadiyyatı prinsiplərini tamamilə özündə əks etdirərək zamanın çağırışlarına cavab verən növbəti və kifayət qədər sürətli inkişaf mərhələsinə daxil olmuşdur. Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətləri vətəndaşların ölkə Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarının təmin edilməsinə, aztəminatlı vətəndaşların, o cümlədən əlillərin sosial müdafiəsinin təşkil edilməsinə, sosial yardım sistemində ünvanlılıq prinsiplərinin gücləndirilməsinə və cəmiyyətdə mövcud olan sosial münasibətlərin tənzimlənməsinə yönəldilmişdir. Bu məqsədə xidmət edən islahatlar prosesi dərinləşdikcə dövlət vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı üzərinə yeni-yeni öhdəliklər götürür.
Xatırlayırsınızsa, məşhur qırğız yazıçısı Çingiz Aytmatov Prezident İlham Əliyevi "Qloballaşan dünyamızın müasir lider etalonu" kimi xarakterizə etmişdi. Həqiqətən Prezident İlham Əliyev müasir dünyamızın lider etalonudur. O bu gün bütün dünyada özünü təsdiq edib. İndi artıq İlham Əliyev xarizması formalaşıb, onun şəxsiyyəti bütün dünyada qəbul olunur.
İlham Əliyevin sosial inkişaf strategiyasının baş xətti güclü dövlət və yüksək rifahdır. Bu strategiyanın reallaşmasına gedən yollar nə ilə fərqlənir? Bunun birincisi, ilk dəfə olaraq Azərbaycan dövlətçiliyi tarixində regional idarəetmə modelinin Prezident İlham Əliyev tərəfindən ortaya qoyulmasıdır. Möhtərəm İlham Əliyev indiyədək regionların sosial-iqtisadi inkişafı ilə bağlı iki dövlət proqramını təsdiq edib. Bu proqramlarda hər regionun öz spesifikasına uyğun inkişaf xətti müəyyənləşib. Hər bir rayon üçün xarakterik inkişaf meyilləri önə çəkilib. 2004-2008-ci illərdə həyata keçirilmiş birinci Dövlət Proqramının vaxtından əvvəl icra olunaraq uğurla başa çatmasından sonra qəbul olunmuş ikinci Dövlət Proqramı qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun azaldılmasına, sosial infrastrukturun keyfiyyətinin yüksəldilməsinə mühüm təkan verib. Hər iki sənəd modern dövlət quruculuğunun sosial tranzitoloji proseslərindən bilavasitə xəbər verir.
Prezident İlham Əliyevin sosial inkişaf strategiyasının ikinci başlıca xətti ölkənin bütövlükdə proqramlarla idarə edilməsidir. Elə bir sahə yoxdur ki, orada məqsədyönlü dövlət proqramı həyata keçirilməsin. Bu da maliyyə vəsaitlərindən daha səmərəli və daha dəqiq istifadə etməyə imkan verir.
Üçüncüsü, sosial müdafiədə ünvanlılıqdır. Sosial müdafiədə ünvanlılığın təmin olunması isə aztəminatlı insanların sosial müdafiəsinin daha səmərəli və dəqiq təminatına xidmət edir.
Dövlət başçısının sosial inkişaf strategiyasının mahiyyətini fərqləndirən ən mühüm amillərdən biri səbəb və nəticədir. Məlumdur ki, səbəbə qoyulan vəsait nəticəyə qoyulan vəsaitdən dəfələrlə az məsrəf tələb edir. Bir var xəstəliyi müalicə edəsən, bir də var xəstəliyə səbəb olan amilləri aradan qaldırasan. Məsələn, böyrək xəstələri üçün dializ əməliyyatları dövlətdən nə qədər xərc tələb edir. Amma elə etmək lazımdır ki, vətəndaş böyrək xəstəliyinə tutulmasın. Məhz səbəbin aradan qaldırılması Prezident İlham Əliyevin sosial siyasətinin əlamətdar tərəflərindən biridir. Bu gün respublikamızda çaylarda sutəmizləyici qurğuların qurulması, yeni müalicə-diaqnostika mərkəzlərinin istifadəyə verilməsi, idman komplekslərinin yaradılması məhz səbəbə, mənfi nəticələrin baş verməməsinə xidmət edir.
Fərəhli haldır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial inkişaf strategiyası ən müasir standartları özündə ehtiva edir. Bununla yanaşı, bu strategiyada diqqəti çəkən ən mühüm məqamlardan biri xalqımızın milli-mənəvi dəyərlərinin əsas götürülməsidir.
Lənkəran rayonu son illərdə yeni intibahını yaşayır. Rayonumuzda quruculuq, abadlıq işləri geniş vüsət alıb, insanların rifahı yüksəlib, gələcəyə və ölkə hakimiyyətinə inam artıb. Cəmiyyətdə ən böyük rəy ictimai rəydir. Onu gizlətmək olmaz. İctimai rəy də bu gün ondan ibarətdir ki, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi inkişaf strategiyası Lənkəranın və onun hər bir sakininin həyatında yaxından hiss olunur.
Lənkəranda əhalinin demoqrafik artımı da ölkənin orta göstəricisindən artıqdır. Ona görə burada əmək ehtiyatları da çoxdur. Sevinirəm ki, son illərdə Lənkəranda əmək tutumlu yeni iş yerlərinin yaradılması istiqamətində xeyli iş görülüb. Hesab edirəm ki, bugünkü müzakirəmiz Azərbaycanın inkişaf modelinin təbliği və insanlara çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edəcək.
"Dəyirmi masa"da daha sonra Lənkəran Dövlət Universitetinin prorektoru, professor Şövkət Baxşiyev, kənd təsərrüfatı elmləri doktoru, professor Fərman Quliyev, uşaq evinin direktoru Ofelya Qənbərova, Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov Lənkəranın sosial-iqtisadi inkişafından, təmsil etdikləri sahələrdə əldə olunan nailiyyətlərdən danışdılar.
Bəxtiyar SADIQOV:
- "Dəyirmi masa" iştirakçılarına təşəkkürümüzü bildiririk. Müasir Azərbaycan elminin görkəmli nümayəndəsi, öz araşdırmaları ilə elmin müxtəlif sahələrində ən yeni istiqamətlərə sanballı yön verən hörmətli akademik Ramiz Mehdiyevin ideya müəllifiyi, həmçinin professor Əli Həsənovun redaktorluğu ilə çap olunan "İnkişafın Azərbaycan modeli" kitabı həqiqətən də daim öyrənilməli, təbliğ və təşviq olunmalı bir əsərdir.
İnkişafın Azərbaycan modeli ölkəmizin hər bir bölgəsində, bu gün isə Lənkəran şəhərinin timsalında daha aydın görünür. Biz bu gün hörmətli akademikimiz Ramiz Mehdiyevin ideyalarının işığında Lənkəran rayonunda görülən uğurlu işlərə nəzər saldıq. Çox doğru olaraq vurğulandı ki, bütün bu nailiyyətlərin bir istinad nöqtəsi var - Heydər Əliyev siyasi kursu. Məhz bu kursun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən fədakarlıqla, layiqincə davam etdirilməsi nəticəsində respublikamızın hər bir rayonu, şəhəri böyük inkişaf yolu keçmiş, insanlarımızın rifahı yüksəlmişdir. Sevindirici haldır ki, bu nailiyyətlərdən Lənkəran üçün də mühüm pay düşür. Çıxışlarda çox qiymətli fikirlər səsləndi, hər birimizdə qürur doğuracaq faktlar sadalandı. Bütün bunlar inkişafın Azərbaycan modelinin təbliği baxımından çox mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan
iqtisadi sahədə keçid dövrünü uğurla
başa vurdu. Yeni hədəfə - inkişaf
etmiş ölkələrin cərgəsinə qoşulmaq məramına
doğru inamla addımlayırıq. İnanarıq ki,
perspektiv inkişaf istiqamətimizdə də Lənkəran
yenə öncül mövqeyə sahib olacaq, sosial-iqtisadi sahədə
qazandığı müvəffəqiyyətlərlə
ümumilikdə Azərbaycanın yüksəlişinə
əsaslı töhfə verəcəkdir.
Azərbaycan.- 2011.-10 fevral.- S. 6, 7.