Prezident İlham Əliyev Gəncədə "İmamzadə" dini kompleksində tikinti-bərpa işlərinin gedişi ilə tanış olmuşdur

 

Prezident İlham Əliyev fevralın 9-da Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən "İmamzadə" dini kompleksində tikinti-bərpa işlərinin gedişi ilə tanış olmuşdur.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir ABBASOV dövlət başçısına müraciətlə dedi: Cənab Prezident, dinimizə göstərdiyiniz qayğıya, respublikamızın vətəndaşlarına, dövlətimizə, xalqımıza göstərdiyiniz xidmətlərə görə şəhər camaatının, dindarlarının Sizə olan məhəbbətinin ifadəsi olaraq, Sizə Quran hədiyyə edirik. Allah Sizi qorusun!

Hacı Tahir Abbasov dövlət başçısına müqəddəs "Qurani-Kərim" təqdim etdi.

Prezident İlham ƏLİYEV təşəkkür edərək dedi: "İmamzadə" tarixi- memarlıq kompleksinin yenidən qurulmasına başlanmışdır. Mən burada dəfələrlə olmuşam, sizinlə də burada dəfələrlə görüşmüşük.

Son müddət ərzində türbədə müəyyən çatlar əmələ gəlmişdi, müəyyən texniki problemlər ortaya çıxmışdı. Ona görə də mənə məruzə olunan kimi dərhal göstəriş verdim ki, vəsait ayrılsın və hər bir azərbaycanlı üçün müqəddəs olan "İmamzadə" tarixi-dini memarlıq kompleksini biz yenidən quraq, təmir, bərpa edək. Bu kompleks ən yüksək səviyyədə yenidən qurulmalıdır. Bu məqsədlər üçün vəsait də ayrıldı, indi işlər gedir, indi tanış olacağam.

Bu, din-dövlət münasibətlərinin ən bariz təcəssümüdür. Azərbaycanda din-dövlət münasibətləri çox müsbət istiqamətdə inkişaf edir, ən yüksək, deyə bilərəm ki, indi nümunəvi səviyyədədir. Bu münasibətlər ölkəmizin inkişafı üçün də çox böyük məna daşıyır.

Azərbaycanda dini abidələr dövlət tərəfindən qorunur, dövlət tərəfindən təmir edilir, bəzi hallarda dövlət tərəfindən tikilir. Bilirsiniz ki, son illərdə Təzəpir məscidi, Əjdərbəy məscidi dövlət vəsaiti hesabına əsaslı təmir olunub, Bibiheybət məscidi yenidən tikilibdir. İndi "İmamzadə" dini-tarixi abidəmiz təmir olunur. Azərbaycanın ən qədim məscidi olan, min ildən yuxarı tarixi olan Şamaxı məscidində yenidənqurma, bərpa işləri aparılır. Bütün bu işlər dövlət tərəfindən, dövlət vəsaiti hesabına görülür. Bu, bizim mənəvi borcumuzdur, biz bunu edirik. Azərbaycanın tarixi, dini ənənələrini qorumalıyıq, saxlamalıyıq və bundan sonra da bu siyasətimizdən dönməyəcəyik.

Son yeddi ildə Azərbaycanda yüzdən artıq məscid tikilmişdir. Bu, bizim dinimizə olan münasibətimizin bariz nəticəsi, təzahürüdür. Bu, ölkəmizin inkişafı üçün, milli-mənəvi dəyərlərin qorunması üçün çox vacibdir. Bir daha demək istəyirəm, mən çox şadam ki, din-dövlət münasibətləri yüksək səviyyədə qurulur, bu münasibətlərin Azərbaycanın inkişafı üçün çox böyük əhəmiyyəti var.

 

* * *

 

Prezidentin orta əsr Azərbaycan memarlığının qiymətli nümunələrindən olan "İmamzadə" dini kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması ilə bağlı sərəncam imzalaması və Prezidentin Ehtiyat Fondundan 3 milyon manat vəsait ayrılması dövlətin bu işlərə qayğısını bir daha təsdiq edir.

"İmamzadə" kompleksində ötən ilin aprelində başlanmış bərpa işlərini bu ilin sonunadək tamamlamaq nəzərdə tutulur. Kompleksin yerləşdiyi 2,5 hektara yaxın ərazidə 10 min kvadratmetrdən çox asfalt, 4400 poqonometr bəzəkli səki daşları döşənmişdir. Ərazidə uzunluğu 100, eni 15 metr olan kompleks inşa edilir, burada 5 böyük, 36 kiçik günbəz tikiləcək, müasir işıqlandırma sistemi quraşdırılacaqdır. İnşaat işlərində əsasən yerli materiallardan istifadə edilir. Kompleksin keçmiş giriş qapısı tarixi abidə kimi bərpa olunacaqdır.

"İmamzadə", yaxud "Göy imam" türbəsi 5-ci imam Məhəmməd Bağırın oğlu İbrahimin qəbri üstündə tikilmişdir. Bu faktı məqbərənin günbəzinin daxilindəki yazılar da təsdiqləyir.

"İmamzadə" türbəsinin XIV əsrin sonu - XV əsrin əvvəllərində, ətrafındakı məscid, sərdaba və digər türbələrin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Bütün bu tikililər əzəmətli dini-tarixi kompleks kimi indiyədək qorunub saxlanmışdır. Sonuncu dəfə 1878-79-cu illərdə general-mayor İsrafil bəy Yadigarzadənin təşəbbüsü ilə bərpa edilmiş "İmamzadə" türbəsi sovet hakimiyyəti illərində baxımsızlıqdan dağılmışdı.

"İmamzadə" əsrlərdən bəri Azərbaycandan, eləcə də başqa ölkələrdən gələn dindarların ziyarətgahına çevrilmişdir. Bu dini kompleks Gəncənin qədimliyini sübut etməklə yanaşı, onun islam aləmindəki yerini və nüfuzunu da göstərir.

Prezident İlham Əliyev türbədə İbrahimin məzarını ziyarət etdi, tikinti işləri ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-11 fevral.- S. 2.