Prezident İlham Əliyev Samuxda meyvə qurudulması və emalı müəssisəsinin açılışında
iştirak etmişdir
Prezident İlham Əliyev fevralın 9-da Samuxda "NAA Agrotara" MMC-nin meyvə qurudulması və emalı müəssisəsinin açılışında iştirak etmişdir.
Dövlət başçısı MDB məkanında ilk dəfə Azərbaycanda yaradılan müəssisəni işə saldı, istehsal prosesini izlədi.
Müəssisədə ildə 1500 ton meyvə və tərəvəz, o cümlədən göyərti qurutmaq mümkündür. Burada 150 nəfər daimi, 60 nəfər isə mövsümi işçi çalışacaqdır. Müəssisə yenicə fəaliyyətə başlamasına baxmayaraq, artıq Quba rayonundan 800 ton alma tədarük edilmişdir. Qurudulmuş məhsullar yüksək keyfiyyəti, təbii olması ilə seçilir.
Hələlik burada alma qurudulur və standartlara uyğun olaraq paketlərdə qablaşdırılır. Müəssisədə sanitariya qaydaları da tam beynəlxalq standartlara uyğundur.
İstehsal olunan məhsullar artıq ölkə mağazalarında MEYVİTA ticarət nişanı ilə satışa çıxarılmışdır.
"NAA Agrotara" Azərbaycan bazarında meyvə, tərəvəz və digər məhsulların saxlanması üzrə aparıcı soyuducu-anbar bazası olaraq fermerlərdən və ticarət şirkətlərindən 5 min tondan artıq məhsul qəbul edərək anbar xidmətləri göstərir. Adi soyuducu kameralarından başqa, anbar ərazisində alma, üzüm, xurma və narın saxlanması üçün xüsusi təchiz olunmuş kameralar da vardır. Bu kameralarda tətbiq olunan müasir texnologiyalar belə məhsulların 12 ayadək saxlanmasına imkan verir.
Azərbaycan İnvestisiya Şirkəti və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası tərəfindən təsis edilmiş Xəzər Beynəlxalq İnvestisiya Şirkəti müəssisəyə 5,5 milyon manat investisiya qoyaraq "NAA Agrotara" MMC-nin 36 faiz payçısı olmuşdur.
Prezident İlham Əliyev yeni müəssisənin kollektivinə uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.- 2011.-11 fevral.- S. 2, 3.