Samux Rayon İcra Hakimiyyətinin
yeni inzibati binasının açılışı
olmuşdur
Prezident İlham Əliyev fevralın 9-da Samux Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir.
İndiyədək Samux RİH 1937-ci ildə tikilmiş binada yerləşirdi. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2009-cu ildə yeni inzibati binanın inşasına başlanmış və tikinti 2010-cu ildə başa çatdırılmışdır.
İkimərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, ümummilli liderin və Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən fotoguşə yaradılmışdır.
Müasir avadanlıqla təchiz edilmiş binada 280 nəfərlik iclas salonu, konfrans salonu, 57 iş otağı və qəbul otağı vardır.
Yeni bina ilə tanış olan dövlət başçısı icra hakimiyyətinin əməkdaşlarına uğurlar arzuladı.
Prezident İlham Əliyevə yaxınlıqda yaradılmış Dövlət bayrağı meydanı haqqında da məlumat verildi. Bildirildi ki, 8,7 min kvadratmetr sahəsi olan meydanın mərkəzində ucaldılmış 36 metr hündürlüyündə metal dirəkdə Azərbaycanın dövlət bayrağı dalğalanır. Meydanda müasir işıqlandırma sistemi quraşdırılmış, dekorativ ağaclar əkilmiş, yaşıllıq salınmışdır.
AzərTAc
Azərbaycan.- 2011.-11 fevral.- S. 3.