Milli Məclisdə
görüş
Fevralın 10-da Milli Məclisin Sədri Oqtay Əsədov Avropa Parlamentinin üzvləri İvo Vayqlı və Pino Arlaççini qəbul etmişdir.
Spiker qonaqları səmimi salamlayaraq onları Milli Məclisdə görməyindən məmnun olduğunu bildirdi. Qeyd edildi ki, Azərbaycan Avropa İttifaqı və onun strukturları ilə əlaqələrin genişləndirilməsinə böyük maraq göstərir. Avratlantik məkana inteqrasiya ölkə Prezidenti İlham Əliyevin böyük diqqət yetirdiyi məsələlərdəndir. Heç də təsadüfi deyildir ki, bu sahə müstəqil Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən hesab olunur. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və bu cür görüşlər əlaqələrimizin daha da dərinləşməsinə xidmət edir.
Spiker belə bir fikri vurğuladı ki, əgər ilk dövrdə əlaqələrimiz Avropa İttifaqının Azərbaycana yardımı şəklində idisə, bu gün münasibətlərimiz ikitərəfli, qarşılıqlı əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Heç də təsadüfi deyildir ki, 2006-cı ildə ölkəmizlə Avropa İttifaqı arasında enerji təhlükəsizliyi haqqında memorandum imzalanmışdır. Qurumun yüksək rütbəli nümayəndələri Azərbaycana tez-tez səfərlər edirdilər. Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun ölkəmizə səfəri zamanı tərəflərin maraqlarına cavab verən iki mühüm sənəd imzalanmışdır.
Sədr Avropa Parlamentində bölgədə gedən proseslərə böyük maraq göstərildiyini müsbət hal kimi dəyərləndirərək Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qurumda qəbul olunmuş qətnaməyə görə qonaqlara öz təşəkkürünü ifadə etdi. Spiker ümidvar olduğunu bildirdi ki, gələcəkdə də Avropa İttifaqı və Avropa Parlamenti bu məsələyə obyektiv mövqedən həssaslıqla yanaşacaqlar.
Sədr Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əlaqələrimizin yüksələn xətlə inkişafını da diqqətə çatdırdı. Qeyd edildi ki, proqram çərçivəsində layihə iştirakçıları olan ölkələrin Parlament Assambleyasının - "Avronest"in yaradılması istiqamətində də təqdirəlayiq işlər görülmüşdür. Spiker əməkdaşlığımızın böyük perspektivləri olduğunu söylədi.
Görüşdə çıxış edən qonaqlar səmimi qəbul üçün minnətdarlıqlarını ifadə edərək Azərbaycanda gördüklərindən məmnun olduqlarını söylədilər. Qeyd edildi ki, Avropa Parlamenti Qafqazın bu bölgəsinə böyük maraq göstərir və bölgədə gedən prosesləri diqqətlə izləyir. Qurum gələcəkdə də ölkəmizlə əməkdaşlığı davam etdirmək, Avratlantik strukturlara inteqrasiya sahəsində Azərbaycana hər cür köməklik göstərmək niyyətindədir.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Elxan Süleymanov və digər rəsmi şəxslər iştirak edirdilər.
Milli Məclisin Mətbuat xidməti
Azərbaycan.- 2011.-11 fevral.- S. 5.