Litva Seyminin sədri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olmuşdur

 

Bakıda səfərdə olan Litva Seyminin sədri xanım İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyəti fevralın 10-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olmuşdur.

AzərTAc xəbər verir ki, muzeyin direktoru, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rafael Hüseynov qonaqlara Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaranma tarixi barədə ətraflı məlumat vermişdir. O, XIX əsrin ortalarında inşa edilmiş, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin həm iş, həm yaşayış yeri kimi fəaliyyət göstərmiş bu tarixi binanın Prezident İlham Əliyevin təşəbbüsü ilə yenidən bərpa olunduğunu bildirmişdir.

R.Hüseynov muzeydə Azərbaycan ədəbiyyatına aid materialların toplandığını, çox sayda elmi tədqiqatların, kitab və monoqrafiyaların işıq üzü gördüyünü də vurğulamışdır.

Qonaqlar Yaxın və Orta Şərqdə, eləcə də Avropada yeganə ədəbiyyat muzeyi olan bu mədəniyyət ocağının böyük konfrans salonunu, "Cümhuriyyət", "Qədim dövr", "Dədə Qorqud", "Nizami Gəncəvi", "Məhsəti Gəncəvi", "Xaqani Şirvani", "İmadəddin Nəsimi", "Məhəmməd Füzuli", "Şah İsmayıl Xətai" salonlarını gəzmiş, ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyəti və ədəbiyyatına diqqət və qayğısını əks etdirən fotoguşə ilə tanış olmuşlar.

Xanım İrena Dequtiene Azərbaycan ədəbiyyatının, mədəniyyətinin qədim tarixini özündə yaşadan muzeyin onda xoş təəssüratlar oyatdığını bildirmiş, xatirə kitabına ürək sözlərini yazmışdır.

Sonda Litva Seyminin sədrinə hədiyyə təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2011.-11 fevral.- S. 5.