Piter Semnebi: "Cənubi Qafqazda münaqişələrin qarşısını almaq üçün daha çox vasitələrə və gücləndirilmiş səylərə ehtiyac vardır"

 

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Vyanada ATƏT-in Daimi Şurasının iclasında çıxış etmişdir.

Xüsusi nümayəndə Avropa İttifaqını və ATƏT-i Cənubi Qafqaz regionunda öz səylərini gücləndirməyə çağırmışdır. P.Semnebi vurğulamışdır ki, Cənubi Qafqazda həll olunmamış münaqişələr regionda sabitlik üçün əsas təhlükə olaraq qalmaqdadır. Dağlıq Qarabağda təhlükəsizliklə bağlı vəziyyət xüsusi narahatlıq doğurur. Regionda münaqişələrin qarşısını almaq üçün daha çox vasitələrə və gücləndirilmiş səylərə ehtiyac vardır. Atəşkəs rejiminə ciddi əməl olunmalı, Aİ-nin və digər beynəlxalq təşkilatların Azərbaycan, Ermənistan və Gürcüstanda səyləri gücləndirilməlidir. Aİ-nin Cənubi Qafqazdakı səyləri hiss edilməli, güclü və davamlı olmalıdır.

P.Semnebi bildirmişdir ki, beynəlxalq iştirakçılar münaqişələrin sabitləşdirilməsi, aradan qaldırılması və nizamlanmasında səylərini tam həcmdə davam etdirməlidir.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.- 2011.-11 fevral.- S. 5.