İrena Dequtiene: Azərbaycan
Litvanın maye qazla təchiz olunmasına kömək edə
bilər
Azərbaycan ilə Litva arasında münasibətlər getdikcə daha yaxın və səmimi olacaqdır.
AzərTAc xəbər verir ki, bu sözləri Litva Seyminin sədri İrena Dequtiene Azərbaycana səfərinin yekunlarına həsr edilmiş mətbuat konfransında demişdir. O qeyd etmişdir ki, Litva nümayəndə heyəti Azərbaycan hökumətinin nümayəndələri ilə keçirdiyi görüşlərdə müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etmişdir. İqtisadi münasibətlər həmin məsələlər arasında daha üstün yer tutmuşdur. Xanım Dequtiene bildirmişdir ki, Azərbaycan və Litva işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə Bakıda keçirilmiş biznes-forumda 40-dan çox litvalı və 100-dən çox azərbaycanlı sahibkar iştirak etmişdir. Növbəti biznes-forumun Vilnüsdə keçirilməsinin nəzərdə tutulduğunu vurğulayan İrena Dequtiene qeyd etmişdir ki, Azərbaycandakı görüşlər çərçivəsində informasiya texnologiyaları, elmi tədqiqatlar sahəsində bir sıra sazişlər imzalanmış, Azərbaycanın bu sahəyə, habelə Litvada yeyinti sənayesinə sərmayə qoymasının təşviqi məsələsi müzakirə edilmişdir.
Litva Seyminin sədri enerji təchizatı sahəsində əməkdaşlığı bu görüşlərdə müzakirə edilən mühüm məsələlərdən biri adlandırmışdır. İ.Dequtiene qeyd etmişdir ki, Litva enerji layihələrində iştirak etməyə maraq göstərir və Azərbaycandan Litvaya maye qaz nəql edilməsini arzulayır. Onun sözlərinə görə, görüşlərdə Xəzər neftinin Polşa ərazisindən keçməklə Litvaya nəql edilməsi, habelə Litvada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəliyinin açılması məsələləri də müzakirə edilmişdir.
İ.Dequtiene nəqliyyat sahəsində əməkdaşlığı da Azərbaycan tərəfi ilə danışıqların maraqlı mövzularından biri adlandırmışdır. Litvalı qonaq bildirmişdir ki, Litva tərəfi həmin görüşlərdə TRASEKA layihəsi ilə dəmiryol yük daşımaları üzrə "Vikinq" layihəsini birləşdirməyi, bununla da həmin layihənin Praqaya qədər uzadılmasını təklif etmişdir.
İ.Dequtiene vurğulamışdır ki, turizm və mədəniyyət sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün birbaşa Bakı-Vilnüs-Bakı aviareysinin açılması zəruridir. Bununla əlaqədar Litvaya səfər edən Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi məsələsinə də toxunulmuşdur.
Litva
nümayəndə heyətinin başçısı qeyd
etmişdir ki, Azərbaycanda səfərdə olduğu
müddətdə mədəniyyət və təhsil sahəsində
əməkdaşlıq, iki ölkənin ali məktəbləri
arasında tələbə mübadiləsi məsələləri
də nəzərdən keçirilmişdir.
Azərbaycan.- 2011.-11 fevral.- S. 5.