Şuşa YUNESKO-nun musiqi şəhəri
nominasiyasına təqdim edilmişdir
Rayon icra hakimiyyətində
keçirilmiş hesabat yığıncağından qeydlər
Fevralın 10-da "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin qərargahında Şuşa Rayon İcra Hakimiyyətinin ötənilki fəaliyyətinə və bu il qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
İctimai birliyin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov məruzə ilə çıxış edərək bildirmişdir ki, ötən il İctimai Birliyin mərkəzi qərargahının açılışı olmuşdur. Açılışda Prezident İlham Əliyevin iştirak etməsi qaçqın və məcburi köçkünlərə yüksək səviyyədə qayğı göstərildiyinə daha bir sübutdur. Azərbaycanın musiqi beşiyi sayılan Şuşanın YUNESKO-nun musiqi şəhəri nominasiyasına təqdim edilməsi də bütün şuşalıların böyük sevincinə səbəb olmuşdur. Ötən il Üzeyir Hacıbəylinin anadan olmasının 125, Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illiyi qeyd olunmuşdur. Hesabat ilində 226 nəfərdən ibarət 57 şuşalı ailəsi Qəbələdə yeni mənzillərə, 62 nəfərdən ibarət 17 ailə Binəqədi rayonunda məcburi köçkünlər üçün inşa olunmuş müasir binalara köçürülmüşlər. Şuşalı məcburi köçkünlər məskunlaşdıqları ərazilərdə 8320 ədəd ağac və gül kolu əkmiş, abadlaşdırma işləri aparmışlar.
2010-cu ildə Şuşa rayonu üzrə bütün kənd təsərrüfatı məhsullarının istehsalında rekord artım müşahidə olunmuş, heyvanların baş sayı, heyvandarlıq məhsullarının istehsalı artmışdır. Hesabat ilində rayon üzrə 45 yeni iş yeri açılmışdır. Ümumiyyətlə, son 3 ildə 350-dən çox yeni iş yeri yaradılmışdır. Rayon məşğulluq mərkəzində 115 nəfər iş axtaran vətəndaş qeydiyyata alınmış, onlardan 88 nəfəri işlə təmin olunmuş, 3 nəfərə isə işsizlik müavinəti təyin edilmişdir.
Diqqətə çatdırılmışdır ki, ali məktəblərə qəbul olunan şuşalıların 3 nəfəri 500-700 bal toplamışdır. 10 nömrəli məktəbin məzunlarının 60 faizi, 9 nömrəli məktəbin məzunlarının 40 faizi, 1 nömrəli məktəbin məzunlarının isə 38 faizi tələbə adını qazanmışdır. Bəzi məktəblərin göstəricisi isə həddindən artıq zəifdir. Belə ki, 2, 5, 7 və 20 nömrəli məktəblərin məzunları ali məktəblərə daxil ola bilməmişlər. On məktəbdə hələ də kompüter sinifləri yoxdur.
Məruzədə rayon mədəniyyət və turizm şöbəsinin, gənclər və idman idarəsinin də fəaliyyəti təhlil edilmişdir. Bildirilmişdir ki, şuşalı yeniyetmələrin istedad potensialının üzə çıxarılması üçün müsabiqələr az təşkil olunur. Gənclər və idman idarəsinin respublikanın müxtəlif bölgələrində məskunlaşmış gənclərlə əlaqələri çox zəifdir. Digər tərəfdən, xaricdə təhsil alan şuşalı gənclər haqqında məlumat bazası yoxdur.
Qeyd edilmişdir ki, rayon icra hakimiyyəti başçısının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin fəaliyyəti o qədər də qənaətbəxş deyildir.
Vurğulanmışdır ki, Şuşa Rayon İcra Hakimiyyətinin Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası tərəfindən xüsusi iclas keçirilmiş, əhalinin haqlı narazılığını yaradan səbəblər, süründürməçilik, bürokratik əngəllər kimi neqativ hallara yol verməmək üçün idarə, müəssisə və təşkilat rəhbərlərinə xüsusi tapşırıq və göstərişlər verilmişdir.
B.Səfərov çıxışının sonunda Dağlıq Qarabağ probleminin həllində göstərdiyi qətiyyətli mövqeyə görə dövlət başçısına şuşalılar adından minnətdarlığını bildirmiş, Ali Baş Komandanı əmin etmişdir ki, hər bir şuşalı torpaqlarımızın işğaldan azad edilməsi üçün silaha sarılmağa hazırdır.
Hesabat məruzəsi ətrafında çıxış edənlər əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmışlar.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Rövşən Ağayev, Milli Məclisin deputatları Elman Məmmədov və Flora Qasımova iştirak etmişlər.
Rövşən Ağayev və Elman Məmmədov çıxış edərək 2010-cu ildə respublikamızın əldə etdiyi uğurlardan danışmış, qarşıda duran vəzifələri qeyd etmiş, tövsiyələrini vermişlər.
AzərTAc
Azərbaycan.- 2011.-11 fevral.- S. 5.