XXI əsrdə ictimai elm və cəmiyyət:
milli və qlobal məkanın
çağırışları və yeni vəzifələr
Azərbaycanda müstəqilliyin əldə edilməsindən sonra ötən 20 ildə qazanılan iqtisadi inkişaf və uğurlara dayaqlanaraq Prezident İlham Əliyevin irəli sürdüyü: yeni əsrdə elmə və biliyə əsaslanan yeni cəmiyyətin qurulması vəzifəsinin reallaşdırılmasına başlanmışdır. Tarixin dönüş nöqtələri ictimai elmin ən məsuliyyətli dövrüdür. 2011-ci ildə Azərbaycan məhz belə bir dönüş məqamını yaşayır, dövlət müstəqilliyinin 20-ci ilinə qədəm qoyur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında" sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi illik yubileyinin ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə olduğunu nəzərə alaraq, müstəqillik illərində Azərbaycan Respublikasının keçdiyi zəngin inkişaf yolu, qazandığı parlaq nailiyyətlərin təbliği vacibdir. Bu sərəncam və şanlı tarixi hadisə ictimai elmimizin qarşısına çox mühüm vəzifələr qoyur.
Mürəkkəb dövr, yeni vəzifələr
Son illər akademik Ramiz Mehdiyev başa çatan bu mərhələnin həm də Azərbaycan ictimai və humanitar elmində keyfiyyət mərhələsinə doğru dönüş ilinin, ölkəmizin elm mərkəzi kimi tanınmasının başlanğıc nöqtəsi olmasını hədəfə götürən konseptual xarakterli əsərləri ilə respublika elmi ictimaiyyəti qarşısında həlli vacib olan bir sıra məsələlər qoymuşdur. Ölkəmizdə ictimai və humanitar elmlərin qarşısında duran məsələləri həm də, bütövlükdə dünya elminin müvafiq sahəsində mövcud olan problemlər aspektində nəzərə alınması zərurətini önə çəkmişdir.
Bu gün bəşəriyyət çoxsaylı problemlərlə üzləşir. XXI əsrin sürətlə dəyişən reallığı insanın cəmiyyət və dünya ilə qarşılıqlı münasibətlərinin yeni formalarının tapılmasını gündəmə gətirmişdir. Qloballaşan dünyada hər hansı nöqtədən başlanğıcını götürən böhranlar bütün dünyanı qərq edən labüd müşayiətçiyə çevrilmişdir. Belə şəraitdə isə ictimai elmlərə, nəzəri-fəlsəfi təfəkkürə ehtiyac da artır. Çünki ictimai elmin dəstəyi olmadan bu problemlərin həlli qeyri-mümkündür. Dəyişikliklərin, qeyri-müəyyənliyin olduqca yüksək olması fonunda baş verməsi, cəmiyyətdə gedən proseslərin ənənəvi başa düşülən planlaşdırma və proqramlar əsasında təhlilini və təşkilini qeyri-mümkün edir. Belə vəziyyətdə nəzəri düşüncə və təfəkkür çevikliyi təmin edən başlıca amilə çevrilir. Cəmiyyət ictimai elmdən daha çox intellektual cəsarət, əzmkarlıq, məsuliyyət və zəhmət, perspektivlər üzərində düşünməyi tələb edir. Nəzəri-fəlsəfi təhlil və düşüncənin əsasında mümkün dəyişiklikləri görə bilmək, arzu edilməyən prosesləri önləmək əsasında qərarlar qəbul etmək durur. Onun əsas məqsədi həm fərdi, həm də kollektiv səviyyədə baş verən və gözlənilən hadisələrin nəzəri dərk və təhlil vərdişlərini aşılamaq, onu ənənəyə çevirməkdir.
İctimai-humanitar elm sahələrinin özlərinin də dəyişən zamanın fonunda çoxsaylı inkişaf problemləri ortaya çıxır. Dünyanın yeni mənzərəsini dərk etməyə yardımçı olan humanitariya sahəsinin təmsilçiləri üzərinə böyük vəzifələr düşür. Bu vəzifələr insan potensialının, bütövlükdə humanizmin əsaslarının aşkar edilməsinə yönəlmişdir və müxtəlif ictimai elmlərdə əsas mövzuları, tədqiqatçı metodlarının və reallığın dəyərləndirilməsinin tamamilə yeni istiqamətlərini gündəmə gətirən proseslərə təkan verir. Bu da öz növbəsində həmin elmlərin həm tədqiqi metodları, müasir yanaşmalar tətbiq etməsi, tədrisi və təşkilatlanması, həm də elm-dövlət-cəmiyyət münasibətlərinə dair mövcud modellərin təhlili və ən məqbul olan formasının seçimi kimi olduqca geniş fenomenləri dərk etməyi zəruri edir.
XXI əsrdə humanitar biliyin inkişaf meyillərinin izlənilməsi mürəkkəb məsələdir. Son illərin qlobal hadisələri, "qütblərin çökməsi və yerdəyişməsi" bir daha göstərdi ki, bizim, yaxud humanitarların yeni nəslinin 5,10, 50 il sonra üzləşəcəyi bir çox problemləri bəzən heç vəchlə sezmək mümkün deyil, onların qısa zaman müddətində təzahürü məhz istər müsbət, istərsə də mənfi meyilli dəyişikliklərin yaranma səbəblərinin latentliyi, qeyri-müəyyənliyi, baş verməsi və təzahürünün isə "qəfil" xarakter daşımasıdır.
Bu vəziyyətin digər səbəbi dəyişikliklərin dərk və həll edilməsi istiqamətində humanitariya sahəsini təmsil edənlərin göstərəcəyi səylərin arzu olunan səviyyədə olmamasıdır. Artıq beş ildən sonra insanların həyatında hansı sosial-fəlsəfi, psixoloji, antropoloji meyillərin üzə çıxacağını və hansı nəticələrə gətirib çıxaracağını əminliklə söyləmək mümkün deyil. Təsəlliverici məqam odur ki, fəlsəfi ideyalar kosmosunda əsrlərin sınağından çıxan və bu gün üçün çox aktual olan düşüncələr istənilən dövrdə gündəmə gəlir.
Qarşılaşdığımız ən fundamental böhranlardan biri XXI əsrin insanının sürətlə mənəvi aşınmalara məruz qalması mənəvi böhranın dərinləşməsidir. İnsanın məruz qaldığı deqradasiya prosesi bəlkə də əvvəlki əsrlərdəkindən o qədər də çox görünmür. Kimsə əsrlərin mənəvi aşılanma faizini dəqiq müəyyən etmək iqtidarında deyil. Lakin ötən əsrlərdən fərqli olaraq bəşəriyyətin qarşıdurmalara, konfliktlər, insan haqlarının pozulmasına, ədalətsizliklərə münasibətdə acizliyi, laqeydliyi, ideoloji fəlsəfi nəzəriyyələrlə bu hallara haqq qazandırmaq imkanı bu səviyyədə olmamışdır. Bu baxımdan ictimai humanitar elmlərin mənəvi müqavimət qüvvəsini formalaşdıraraq mövcud durumdan çıxış yolları araması tarixi zərurətdir.
Müasir zamanın ən ağrılı problemlərinə cavab verməli olan ictimai-fəlsəfi idrak bir sıra həyati vacib məsələləri həll etmək zərurəti ilə üz-üzə qalmışdır. Bunlar: yaşanılan reallığın çox sürətlə davam edən virtuallıq fenomeni, onun ictimai şüuru alt-üst edən təzahürləri və xüsusiyyətləri, identiklik probleminin bütün səviyyələri-fərdi, şəxsi etnik, milli müstəviləri, münaqişələrin bütün növləri-milli, dövlətlərarası, insanın öz daxili aləmi ilə və insanlararası münaqişələrin bütün çalarları, mənəvi sözünün ifadə etdiyi bütün dəyərlər, dini dəyərlər və passionarlıq gücü kimi faktorlar, son illər intensiv müzakirə olunan yeni transhumanizm-insan varlığının və təkamülünün yeni səviyyəsini əks etdirən fenomenin (bio-nanoetika və s.) yaratdığı, sadalanması bitməyən və tükənməyən yeni ziddiyyətli problemlərdir.
Qloballaşan dünyada informasiya cəmiyyətində qeyri-elmi, anti-elmi sahələr insan şüuruna elmdən daha tez və daha çox nüfuz edir. Bu prosesdə də humanitar elmlər həm obyektiv, həm də subyektiv səbəblərlə bağlı olan amillərdən ziyan çəkir.
Bütün bu problemlərin dərinləşdiyini görərək həyəcan təbili çalan BMT-nin elm, təhsil və mədəniyyət sahəsində nüfuzlu beynəlxalq təşkilatı olan YUNESKO-nun 2008-2013-cü illər üçün müəyyən etdiyi Strategiyasında qeyd edilir ki, fəlsəfəyə, ictimai elmə bu gün dünyada tələbat və maraq artmaqdadır. Bu maraq, hər hansı digər elmin deyil, məhz fəlsəfi həllini tələb edən problemlərin sayının artması ilə bağlıdır.
Bu gün həm bütövlükdə bəşəriyyətin, həm də ictimai elmlərin müxtəlif səviyyələrdə mövcud olan problemlərinin həllində dünyanın müxtəlif ölkələrindən olan alimlərin birgə səylərinin artırılması və fəaliyyət mexanizmlərinin daha geniş formalarda təşkili, II Dünya müharibəsindən sonrakı dövrdə adı çəkilən beynəlxalq təşkilatın yaranmasını zəruri edən amillər qədər taleyüklü məsələdir və həmin vaxtda dünya alimlərinin göstərdiyi eyni qətiyyəti, birliyi və əzmkarlığı tələb edir.
İctimai elmlərin beynəlxalq
miqyasda təşkilatlanması və problemlərin həllində
birgə fəaliyyətinin mexanizmləri
Ümumi olan qənaətə görə təbiətşünaslıq elmlərinin bugünkü uğur və nailiyyətlərinin əldə olunmasında onların ilk vaxtlardan ümumdünya səviyyəsində təşkilatlanmasına, fəaliyyətini ümumi səylərlə davam etməyə imkan verən formaların tapılması olmuşdur. Ən sonuncu nümunə kimi bəşəriyyətin enerji problemlərinin həlli və alternativ enerji mənbələrinin kəşfi sahəsində Böyük Adron Kollayderin yaradılması işinin təşkilində əməkdaşlığı yada sala bilərik. Möhtəşəm proyektin reallaşmasında dünyanın yüz ölkəsindən 10 minə yaxın mühəndis və alim iştirak edirdi. Bu vahid məqsəd uğrunda böyük elmi əməkdaşlığın bariz nümunəsidir.
Həmin mövqe ictimai humanitar elmlər sahəsində də nümayiş etdirilsəydi, necə olardı? Bəşəriyyət millətçi şovinizmin, münaqişələrin təsəvvür edilən və edilməyən bütün növlərinin, intihar və suisidal terrorizmin, mənəvi tənhalığın, atomlaşmanın, nifrətin riyazi həlli üsulu olmadığını dərk etməmiş deyil! Antik filosofa görə "Xeyir və şər haqda bilik verməyən elmin heç bir mənası və əhəmiyyəti yoxdur. Bəlkə də dünyanın sonu bu iki məfhum arasında bərabərlik işarəsi qoyulan zaman olacaqdır". Elə isə bu sahədə mövcud olan vəziyyəti məqbul hesab etmək olarmı?
Hazırda ictimai elmlərin bir çox sahələri (profilləri) üzrə ümumdünya miqyaslı bir sıra beynəlxalq təşkilatlar yaradılmışdır və fəaliyyət göstərir. Bununla belə, həm sivilizasiyanın humanitar amillərdən qaynaqlanan, həm də ictimai elmlərin özünün inkişaf problemlərini dilə gətirməsi baxımından onların içərisində ən nüfuzlu olanı YUNESKO-dur. Təşkilat yarandığı vaxtdan etibarən onun təsis edilməsinə ilhamlandıran fəlsəfi idealların həyata keçirilməsi üçün gərəkli məkan rolunu oynayır. Onun yaranmasının zəruriliyini şərtləndirən tarixi şərait haqda qısa haşiyə çıxmaq istərdik.
1942-ci ildə II Dünya müharibəsi davam edirdi, onun nə vaxt bitəcəyi hələ məlum deyildi. Bununla belə, Avropa ölkələrinin təhsil nazirləri faşizmin fəlakətə qərq etdiyi dünyada nifrət, fanatizm və fəlakətdən azad olan yeni bəşəriyyətin yaradılmasına yardımçı ola biləcək intellektual və mənəvi dayaqların var qüvvə ilə səfərbər edilməsi naminə təşkilat yaratmaq məqsədi ilə bir araya gəldilər. 1942-ci ildə Böyük Britaniyada İngiltərə Təhsil Şurasının prezidenti R.Batlerin və Britaniya Şurasının prezidenti M.Robertsonun təşəbbüsü ilə müttəfiq ölkələrin təhsil nazirlərinin 16 noyabr - 5 dekabr tarixində görüşü keçirildi. Görüşün əsas məqsədi sülh əldə edildikdən sonra təhsil sisteminin yeni dövrün tələblərinə uyğun formalaşdırılması, tanınmış elm adamlarının əməkdaşlığının təşkili, ən dəyərli ideyaların reallaşması üçün şəraitin yaradılması və sair problemlər idi. Müharibə müxtəlif dünya ölkələrində yaşayan filosoflar arasında bütün əlaqələri iflic etmişdi, elmi tədqiqat və nəşrlərin dövriyyəsi yox dərəcəsində idi. Fəlsəfi ideyalar və konsepsiyalar təhrif edilmiş, totalitarizm və faşizmin təbliğinə xidmət məqsədi ilə istifadə edilmişdi, insan ləyaqəti, humanizm arxa plana keçmişdi. Məhz buna görə, dünya üçün son dərəcə çətin olan belə bir dönəmdə, şovinist millətçiliyə qapılmanı, zorakılıq və savaş məntiqini aradan qaldırmağa xidmət edən fəlsəfi idealların və fəlsəfi təfəkkürün beynəlxalq səviyyədə populyarlaşması zərurətinin bəşəriyyətə təqdimatı çox əlamətdar hadisə idi.
YUNESKO-nun 1945-ci ildə Londonda keçirilən birinci iclasında vitse-prezident Blyum çıxış edərək qeyd etdi ki, İkinci Dünya müharibəsi əslində insanların şüurunda "mənəvi-ideoloji parçalanmanın bəhrəsi" idi və bu savaş göstərdi ki, sən demə, mədəniyyət, təhsil və elm necə də bəşəriyyətin maraqları və gələcəyinin əleyhinə çevrilə bilərmiş. Bu fenomenlərin necə gəldi, sadəcə, "özlüyündə" inkişafı və artımı yetərli sayıla bilməz. Onların dünya birliyində hansı dəyərlərin təbliğinə və yayılmasına xidmət etməsi, hansı məqsədə yönəldilməsi çox vacibdir. Mövcud olan mədəni müxtəliflik, təhsil, elm və mədəniyyətin vəhdətinin parçalanmasına deyil, bəşəriyyətin ümumi, vahid gələcəyə malik olduğuna dair prinsiplərin daha dərindən dərk edilməsinə daim həssas olmağı diktə etməlidir. YUNESKO-un nizamnaməsinin preambulasındakı birinci maddədə deyilirdi: "Qarşıdurma, müharibələr ilk növbədə insanların şüurundan başlayır. Buna görə də bəşəriyyətin vəhdətini təmin edə biləcək yeganə qarant - intellektual, mənəvi həmrəylik prinsiplərini, qarşılıqlı anlaşma və dialoqa xidmət edən fəlsəfi biliklərin dərindən öyrənilməsi, bu sahədə əlaqə və mübadilələrin genişlənməsi ola bilər".
YUNESKO həmin dövrdə insanlığı narahat edən sülh və təhlükəsizik problemlərin həllinə istər Şərqdə, istərsə də Qərbdə filosofların irəli sürdüyü ideyaların həyata keçirilməsi üçün təşkilatlanmaq istiqamətində atılan cox gərəkli addım, tarix boyu mütəfəkkirləri düşündürən məsələlərin, fəlsəfi ideyaların gerçəkləşdiyi təsisata çevrildi.
Təşkilat dünyada mövcud olan problemlərlə bağlı fikir mübadiləsinin, düşüncələrin dialoqunun təşkil edildiyi məkan, ziddiyyətlərin həllini verə biləcək ideyalar emalatxanası olmaq missiyasını bəyan etmişdir. YUNESKO-nun ictimai və humanitar elmlər sektoru müasir dövrün əsas problemlərinin həlli üçün, dəyişikliklərin baş verməsi üçün ideyaların gücündən istifadə etməyi özünün əsas məqsədlərindən biri hesab edir. Aparılan işlərin hələ də kifayət etmədiyini isə 2002-ci ildən təsis və qeyd edilən Fəlsəfə günü ilə bir daha nümayiş etdirdi. Təşkilat İctimai Elmlər üzrə Beynəlxalq Şura (İEBŞ) ilə sıx əməkdaşlıq edir. İctimai Elmlər üzrə Beynəlxalq Şuranın prezidenti Qudmund Herns hesab edir ki, "ictimai elmlər artıq qlobal fenomenə çevrilmişdir. Çünki onları, demək olar ki, bütün dünyada öyrənirlər və tədqiqatların nəticələrini ən geniş miqyaslarda istifadə edirlər".
Məlum olduğu kimi, YUNESKO hər il İctimai Elmlər üzrə Beynəlxalq Şura ilə birlikdə dünyada ictimai elmlərin vəziyyəti barədə hesabatlar hazırlayır. Dünyanın bir çox ölkələrindən(Asiya, Afrika, Latın Amerikası, Avropa və Amerikadan olan) bir neçə yüz ictimaiyyətşünas alim bu hesabatların hazırlanmasına öz töhfələrini verir.
Sonuncu 2010-cu il üçün olan hesabat üzərində bir qədər geniş dayanmaq istərdik. Hesabat həmişə olduğu kimi, bütün dünya üzrə tanınmış yüzlərlə ictimaiyyətşünasın iştirakı ilə hazırlanmışdır. Müəlliflər qeyd edir ki, bu gün dünyada ictimai elmlərə hər zaman olduğundan çox ehtiyac var. Çünki bəşəriyyəti təhdid edən təhlükələrə həmişə olduğundan daha kəskindir. Münaqişələr, yoxsulluq, terrorizm, epidemiyalar, qlobal iqlim dəyişmələri və s. İctimai elmlər isə bu çağırışlara lazımi səviyyədə cavab verə bilmir. Çünki müxtəlif ölkələrdə ictimai və humanitar elmlər sahəsində tədqiqat aparmaq üçün zəruri olan potensial və imkanları qeyri-bərabərdir.
Adı
çəkilən ümumdünya hesabatı "Biliklər
arasında parçalanma?" (Biliklərin fraqmentasiyası) adlanır. (25 iyun,2010,
Məruzədə
aşağıdakı sahələr üzrə bölmələr
təqdim edilir: İctimai elmlər və qlobal
çağırışlar; ictimai elmlərin
dünyadakı bölgələr üzrə vəziyyəti;
elmi potensial və "beyin axını"; beynəlmiləlləşmə
prosesləri; bilik cəmiyyətində rəqabətə
dair; qərar qəbulu prosesləri.
Hesabatda
marağımızı cəlb edən məsələ odur
ki, bu dəfə iqtisadiyyatı inkişaf edən ölkələrdə
ictimai elmlərin vəziyyəti təhlil predmeti kimi
seçilmişdir. Burada qeyd olunur ki, "Uzun müddət
müstəsna olaraq Qərb ölkələrinin
üstünlük etdiyi ictimai elmlər, hazırda öz
mövqelərini iqtisadiyyatı inkişaf edən ölkələrdə
- Asiyada və Latın Amerikasında möhkəmləndirməkdədir.
Burada tərəqqi müşahidə olunur".
Hesabatda ictimai elmlərin
inkişafı sahəsində dünyanın müxtəlif
regionlarında bir-birinə zidd meyillərin özünü
göstərməsi ilk dəfə qeyd olundu. Təqdimat mərasimində
YUNESKO-nun Baş direktoru İ.Bokova demişdir: "Hesabat
aydın şəkildə göstərir: dünya tarixində
dəfələrlə rast gəlindiyi kimi, ictimai elmlərə
harada daha yüksək və kəskin ehtiyac varsa, onlar məhz
orada daha zəif, az inkişaf edir. İctimai elmlərin bu
regionlarda zəif inkişafının səbəblərini
izah edən və digər narahatlıq doğuran məsələlərdən
biri odur ki, həmin bölgələrdə az-çox
yaradıcı və təşəbbüskar insanlar öz əsərlərini
çap edəndə ingilis dilinə üstünlük verirlər.
Beləliklə də başqa ölkələrdə
mövcud olan mədəni və dil ənənələrinə
xas olan paradiqma və perspektivlərini öyrənmək
imkanlarını heçə endirir".
İctimai Elmlər üzrə
Beynəlxalq Şuranın (İEBŞ) prezidenti Q.Herns tədbirdə
belə bir fikir də səsləndirmişdir ki,
başçılıq etdiyi Beynəlxalq Şuraya, məsələn,
"
İqtisadiyyatı sürətlə
inkişaf edən ölkələrdə ictimai elmlərin
rolunun artmasını hesabatın müəllifləri məntiqi
və məqsədəuyğun meyil hesab edirlər. Qərb
ölkələrinin yeganə olaraq liderlik etdiyi ictimai elmlər
bu gün özünü həmin bölgələrdə
dirçəltməkdədir. Bununla belə, elmi tədqiqatların
təşkili potensialı və biliklər arasında
mövcud olan qlobal uçuruma uyğun olaraq hazırda yenə
də Şimali Amerikada və Avropada ictimai elmlər sahəsində
bütün dünya üzrə elmi jurnalların 75 faizi
çap olunur. Onun 85 faizi və yaxud da hamısı tamamilə
ingilis dilindədir. İctimai elmlər üzrə
jurnalların üçdə ikisi Amerikada, İngiltərədə,
Niderlandda və Almaniyada çap olunur. Bütün dünyada
məqalələrin ən çoxu iqtisadiyyata və
psixologiyaya həsr edilir.
Bununla belə, ictimai elmlər
iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrdə
sürətlə tərəqqi edir. Belə ki, son 10 ildə
Braziliyada ictimai elmlərlə məşğul olan alimlərin
sayı üç dəfə artmışdır. Çində
2003-cü ildən üzü bəri ictimai elmlərə sərf
olunan büdcə xərcləri 15-20 faiz
çoxalmışdır. Çap olunan məqalələrin
ən çox sayını Latın Amerikasında və
Avropada müşahidə etmək olar.
Digər tərəfdən
bu cür çap məhsullarının sayı Rusiya
Federasiyasında və MDB ölkələrinin digər ölkələrində
kəskin şəkildə aşağı
düşmüşdür. Bu tendensiyanı həmin sahədə
çalışan alimlərin sayının azalması və
yaş baxımından qocalması ilə izah etmək olar.
Eyni zamanda həmin ölkələr yeni istedadları cəlb
etmək üçün əllərindən gələni
edirlər. Beyin axınına gəldikdə isə ABŞ-da
öz əsərlərini dərc edən hər üç
iqtisad elmləri doktorundan biri, hər beş sosial elmlər
doktorundan da biri başqa (üçüncü) ölkələrdə
doğulmuşdur və yalnız yetkin yaşlarında
ABŞ-a emiqrasiya etmişlər.
Müasir dövrdə ictimai
elmlərin maliyyələşdirilməsi, məqsədli tədqiqatlar,
bu sahədə əldə olunan biliklərin daha geniş
mübadiləsi və təbliği, eləcə də elmi tədqiqatlarda
fənlərarası yanaşma və müxtəlif dillərin
geniş istifadə olunması ölkələr
qarşısında duran vacib vəzifələrdən biridir.
XXI əsrdə həllini tələb edən problemlər
və ictimai humanitar elmin prioritetləri
YUNESKO-nun sonuncu beynəlxalq
konfranslarından birində XXI əsrdə fəlsəfənin
əsas vəzifəsi bəyan edilmişdir. Qeyd edilmişdir
ki, "Millətçiliyin dəf edilməsi, aradan
qaldırılması XXI əsrdə fəlsəfənin
başlıca vəzifəsidir. Fəlsəfə mədəniyyət
və təfəkkürün mənəvi kosmosunda
bütün bəşəriyyət üçün universal
olan dəyər və prinsipləri müəyyən edə bilir.
XXI əsrdə mövcud olan problemlərin həllində fəlsəfənin
əvəzsiz rolu və vəzifəsi də buradan irəli gəlir."
Ötən yüzilliyin
sonlarında baş qaldıran şovinist separatizmin
alovlandırdığı etnik siyasi münaqişələr
bu gün dünyada təhlükəsizliyin təmin edilməsinə
ən böyük təhdid kimi səciyyələndirilir.
Dünya müharibələri ilə müqayisə olunmasa da,
onların XXI əsrdə də həll edilməmiş
qalması beynəlxalq elmi ictimaiyyəti dərindən
düşündürməlidir. Beynəlxalq səviyyədə
ictimai-humanitar elm təmsilçilərinin mövcud problemləri
birlikdə həll etmək əzmi və səyləri kifayət
qədərdirmi, yoxsa onlar dünyanı hədələyən
həll olunmamış münaqişələrin fəlakətli
nəticələrini daha əhəmiyyətsiz hesab edirlər.
Ümumiyyətlə, qeyd olunan problemlərin həllində
yeni beynəlxalq təşkilatlanma formalarının tətbiq
edilməsi, yaxud da mövcud olanların fəaliyyətinin daha
da intensivləşməsi, elmi fikir mübadiləsinin daha
sıx aparılması nə dərəcədə
aktualdır?
Akademik Ramiz Mehdiyev "Gorus
- 2010: absurd teatrı mövsümü" adlı əsərində
məhz bu məsələnin həllinə Azərbaycan
aliminin, həm də şovinist separatizmin ən ağır nəticələrindən
əziyyət çəkən bir ölkənin alimi kimi
münasibətini təqdim etmişdir. Akademik qeyd edir ki,
"yetmiş il bundan əvvəl alman alimləri və
üçüncü Reyxin liderləri ari irqin müstəsnalığı
barədə buna oxşar "qiymətli direktivlər"
vermişdilər. Bir millətin başqalarından
üstünlüyü, birinin qədim və təmizqanlı,
digərlərinin gəlmə və qarışıq
olması barədə söhbətlərin nə ilə nəticələnməsi
hamıya yaxşı məlumdur. Təəssüf ki, öz
xalqını təxminən eyni fəlakətli istiqamətə
sürükləyən bugünkü Ermənistanın rəhbərləri
yaxın tarixdən ibrət dərsi almamışlar."
Əgər insanlar və
dövlətlər arasında qarşıdurma ilk növbədə
şüurlarda başlayırsa, onda ictimai elm problemlərinin
həlli, qlobal dialoq və konsensus baxımından ən əlverişli
mexanizmə çevrilə bilər. Şüuru millətçilik
virusuna yoluxan, dialoq mühitində sosiallaşmayan bir
insanın böyüyəndə konsensusa gələ bilməsi
qeyri-mümkündür. Belə ki, bu gün bəşəriyyət
nəinki yalnız dünya birliyi səviyyəsində, həm
də ayrıca götürülmüş bölgələr
və dövlətlər səviyyəsində, o cümlədən
insan varlığı öz-özünün "mən"i
ilə parçalanma vəziyyətində, konfliktdə
yaşayır. Daha geniş müstəvidə baxılarsa,
sivilizasiyaların, dinlərin, mədəniyyətlərin, nəsillərin
bir-biri ilə münaqişəsi (məşhur
atalar-oğullar problemi), indinin keçmişlə və gələcəklə
münaqişəsindən də danışmaq olar. Birgə
səylərin məqsədyönlü təşkili və əməli
nəticələrə hesablanan real fəaliyyəti
qurmağa imkan verə bilər. Problemlər hər bir ölkədə
və dünya elmi ictimaiyyətinin sıx əlaqələri
şəraitində həll edilə bilər.
Unutmaq olmaz ki, dünyada
yaşayan xalqların şüurunda kök salmış
stereotiplərdən azad olmaq istəyən fəlsəfə,
ictimai elm özü də tarixi stereotiplərdən azad
olmalıdır.
Düşünürük
ki, beynəlxalq elmi ictimaiyyətin daha intensiv gündəmə
gətirməli olduğu aşağıdakı bir sıra məsələlərin
həlli təxirəsalınmaz xarakter daşıyır.
Burada hüquq və siyasətin fəlsəfəsi, idarəetmənin
fəlsəfəsi, mədəniyyət, din və mənəviyyatın
fəlsəfəsi və s. kimi problemlərə bu
günün reallığı və fərqli yanaşmalar
prizmasında yenidən baxılmalıdır.
Dünyaya demokratiya,
azadlıq, hüquqi dövlət ideyalarını mütəfəkkir
filosoflar təqdim etmişlər. Həmin ideyaların
potensialından bu günün problemlərini həll etmək
üçün necə istifadə etmək olar? Azadlıq və
təhlükəsizliyin nisbəti və hüdudları
problemini XXI əsrin qlobal terrorizm və transmilli təhdidlər
şəraitində necə həll etməli? İnsan -
dünya münasibətlərinin bu gün vəziyyəti,
ifrat individualizmin, özgələşmənin fəlakəti,
humanizmin ən böyük təhlükə altında
olması və s. bizi qane edirmi? Bu gün onlarla ictimai elm:
politologiya, tarix, sosiologiya, etika, estetika,
hüquqşünaslıq və s. cəmiyyəti öyrənir,
predmetlərinə uyğun olaraq mövcud problemlərin bu və
ya digər aspektlərini təhlil edir. Fəlsəfə bəlkə
də yeganə sahədir ki, cəmiyyətdə problemlərin
konkret təzahürləri ilə yanaşı, proses və
hadisələrin dərində olan səbəblərini və
perspektivlərini ümumi vəhdətdə milli və
universal mahiyyət xüsusiyyətlərini bir araya gətirməklə
tədqiq etmək imkanlarına malikdir. Ən vacibi onu göstərir
ki, cəmiyyət, sivilizasiya yekcins deyil,
çoxçalarlı olduğu kimi, müxtəlifliklərin
həyati vacib məsələlərdə ümumi mövqeyə
gəlməsi, bir ola bilməsi də taleyüklü məsələdir.
Hazırda beynəlxalq
hüququn norma və prinsiplərinin işlək mexanizm kimi
böhran dövrünü yaşaması ümumən qəbul
olunmuş qənaətdir. Həll olunmamış
münaqişələrin gerçək səbəblərindən
biri də məhz budur. Deməli, hüquq fəlsəfəsi
bu məsələləri ciddi təhlil predmetinə
çevirməli, ən geniş müzakirələrin
mövzusuna daxil etməlidir. Söhbət istər beynəlxalq
hüququn dəyişən reallıqda təməl prinsiplərindən,
istərsə də insan hüquqlarının müxtəlif
sivilizasiyalarda təzahürü spesifikasından gedir.
Dünya elmi ictimaiyyəti problemlərə münasibətini
bildirəndə nəticəsini də görür. İnsan
hüquqları və demokratiya, azadlıq sahəsində
bütün dünyanı "təftiş edən" beynəlxalq
təşkilat (Freedom Hause) 2009-cu ildə ABŞ-da insan
hüquqlarının vəziyyətini yarandığı
gündən ilk dəfə təhlil predmetinə
çevirmişdir. Bu təşkilatın fəaliyyətinə
verilən reaksiya ilə bilavasitə əlaqəli olmuşdur.
Buna qədər isə təşkilat yalnız dünyanın
ölkələrini qiymət verməyi vacib hesab etmiş,
mövcud olduğu ölkəni isə ideal hesab etmişdir.
Məşhur alman filosofu
Y.Habermas fəlsəfə üzrə sonuncu ümumdünya
konfransındakı "Din, hüquq və siyasət:
çoxçalarlı mədəni müxtəlifliyin
olduğu dünyada siyasi ədalət haqqında" adlı
məruzəsində bu məsələlərə geniş
toxunmuşdur.
Hüquq fəlsəfəsi
sosial fəlsəfənin ayrılmaz hissəsidir. Hüquq fəlsəfəsi
ilk dəfə sistemli şəkildə G.Hegel tərəfindən
işlənilmişdir. O, hüquq haqqında elmi məhz
hüquq fəlsəfəsi hesab edirdi. Qeyd edirdi ki, hüquq fəlsəfəsi
hüquqşünaslıq demək deyil. "Hüquq
haqqında fəlsəfi elmin predmeti - hüquq ideyası,
hüququn anlayışı və onun həyata keçirilməsi,
reallaşmasıdır. Bu, insan fərdinə təbiətən
verilən, xas olan hüququ nəzərdə tutur.
Hüquqşünaslıq və ya pozitiv hüquq isə insan
- fərd tərəfindən yaradılır, deməli, o,
"süni" hüquqdur. Təbii hüquq isə heç
kim tərəfindən yaradılmır. O, insan
varlığının ontoloji mahiyyətidir".
Konkret hüquq fənlərindən
fərqli olaraq, hüquq fəlsəfəsi ictimai münasibətlərin
tənzimlənməsinin universal nöqtələrini, səciyyələrini
arayır. Sosial fəlsəfə çərçivəsində
o, insanların cəmiyyətdə qarşılıqlı
münasibətlərinin ümumi prinsip və formalarını
axtarır, tarixilik prinsipinə əsaslanaraq hüquqa
yaranması, inkişafı və dəyişikliyi
sivilizasiyanın konkret məkanlarda spesifik təzahürləri
prizmasından baxır. Sivilizasiyanın universal dəyər və
meyarları həm Qərbdə, həm də Şərqdə
bənzərdir. Lakin hər bir məkanda özünəməxsus
formada təzahür edir. Qərbdə insanın fərdi
azadlığına daha çox fikir verilməsi ondan irəli
gəlir ki, hüquq nəzəriyyəsi məhz orada meydana gəlib.
İnsanların hamısının təbiətən azad
olduğunun qeyd edilməsi, insan hüquqlarına daim önəm
verilməsi də bununla bağlıdır. Şərqdə
isə ənənə və adətlər də mənəvi
irs kimi dəyərləndirilir. Böyüklərə,
valideynə, dövlətə rəğbət hissi ilə
yanaşılır. Şərqin malik olduğu qədim və
zəngin hüquq təcrübə və irs Qərbin
hüquq sistemindən, mədəniyyətindən kənarda
qalıb. Bəlkə də Şərq və Qərb irsinin
sintezi hüquq fəlsəfəsinin azadlıq və məsuliyyətin
daha dərin, fundamental münasibətlərini izah etməsinə
imkan verərdi. Dövlət və hüquq nəzəriyyəsinin
təməl müddəalarının formalaşması və
inkişaf etdirilməsi əsasən filosoflara məxsusdur. Hər
dəfə bu və ya digər hüquq konsepsiyasının
mahiyyətini dərk etmək üçün dönə-dönə
onlara müraciət edilir. Yalnız bu halda dövlət,
hüquq və ədalətin həqiqi mahiyyətini anlamaq
olar.
Azərbaycan
xalqımızın milli və mənəvi ənənələrini
davam etdirərək hüquqi dövlət qurur. Bu baxımdan
fəlsəfə tariximizin zəngin irsinə müraciət
edərək buradakı ənənəvi və yeni
ideyaları müqayisə etmək, aktuallaşdırmaq önəmlidir.
Buna görə də insan hüquqlarının anlamı və
tətbiqində eyni qəliblər, standartlar nəinki uğur
gətirmir, həm də yeni ziddiyyətlərin yaranmasına
səbəb olur. Bu problemə dair dünya alimlərinin
ayrı-ayrılıqda tədqiqatları mövcuddur, lakin bu
sahədə birgə səylərin bir araya gətirilməsi
öz bəhrəsini verə bilərdi.
(Ardı var)
Rəbiyyət Aslanova,
Bakı Dövlət Universitetinin
Fəlsəfə tarixi və mədəniyyətşünaslıq
kafedrasının müdiri, fəlsəfə elmləri
doktoru, professor
Azərbaycan.- 2011.-11 fevral.- S. 6.